Məhkəmə qərarları › İş №e-2(011)-1586/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1586/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1586/2023 23.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3002,01 AZN əsas; 922,65 AZN faiz, cəmi 3924,66 AZN pul vəsaitinin və 59,25 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 3000 AZN məbləğində kredit xətti ayrılmışdır, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir, cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 3002,01 AZN əsas; 922,65 AZN faiz; cəmi 3924,66 AZN borcu yaranmışdır, Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli “kredit xətti sifarişi”ndən görünür ki, Cavabdeh 3000 manat məbləğində kredit xətti ayrılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli “kredit kartına dair” **********01944103 saylı müqavilə imzalanmışdır. Bu müqaviləyə görə Bank müştəriyə “Birkart” verir, həmin karta bağlı təyinatı şəxsi istehlak olan bərpaolunan kredit xətti ayırır, kartın valyutası AZN-dir, ondan son istifadə tarixi xx.xx.2022-ci il tarixidir, kredit xəttindən ilkin olaraq müştəri tərəfindən istifadə ediləcək məbləğ Bank tərəfindən 3000 manat müəyyən olunmuşdur, kredit xəttinin illik faiz dərəcəsi 25%-dir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “balansdankənar məxaric orderi”ndən görünür ki, Cavabdeh 1 ədəd plastik kartı Yasamal filialından təhvil almışdır. İş materiallarında olan “maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 3002,01 AZN əsas; 922,65 AZN faiz; cəmi 3924,66 AZN borcu yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 31 oktyabr 2022-ci il tarixli 16/76135 saylı bildiriş göndərilməklə ondan kredit müqaviləsi üzrə 1781,26 manat borcunu 5 təqvim günü ərzində ödəməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı ASC tərəfindən 59,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli “kredit kartına dair” müqavilə imzalanmışdır, müqaviləyə əsasən, iddiaçı cavabdehə illik 25% olmaqla təyinatı şəxsi istehlak olan bərpaolunan kredit xətti ayırmışdır, kredit xəttindən ilkin olaraq müştəri tərəfinədn istifadə ediləcək məbləğ Bank tərəfindən 3000 manat müəyyən olunmuşdur, cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, hazırda müqavilə üzrə cavabdehin iddiaçıya 3002,01 manat əsas, 922,65 manat faiz, cəmi 3924,66 manat borcu qalmışdır, iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə cavabdehə xəbərdarlıq məktubu ünvanlanmışdır. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2022-cı il tarixli kredit müqaviləsinə əsasən 3002,01 manat əsas, 922,65 manat faiz, cəmi 3924,66 manat alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin həcmi, onun 1000 manatdan 10.000 manatadək olması nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59,25 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3002,01 manat əsas, 922,65 manat faiz, cəmi 3924 (üç min doqquz yüz iyirmi dörd) manat 66 (altmış altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 (əlli doqquz) manat 25 (iyirmi beş) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar