Məhkəmə qərarları › İş №e-2(011)-1587/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1587/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1587/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh 04 sentyabr 2014-cü il tarixli, İK № 480/f14 saylı kredit müqaviləsi üzrə 17.873,16 ABŞ dolları əsas borca hesablanmış 5% məbləğində 6.268,02 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 121.97 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli, İK № 480/f-14 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18% olmaqla, 30 ay müddətinə 46.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. Hal-hazırda borclu Cavabdeh İddiaçı ASC-yə 17.873,16 ABŞ dolları əsas və 2.009,74 ABŞ dolları faiz borcu, 04 mart 2017-ci il tarixdən 02 mart 2018-ci il tarixdək Aəzrbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanmış faiz borcu 228.23 ABŞ dolları cərimə və 1.787 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 21.898,13 ABŞ dolları təşkil edir. Bank tərəfindən borcalan Cavabdeh qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırılmış, 04 sentyabr 2014-cü il tarixli, İK № 480/f14 saylı kredit müqaviləsi üzrə 17.873,16 ABŞ dolları əsas və 2.009,74 ABŞ dolları faiz borcu, 04 mart 2017-ci il tarixdən 02 mart 2018-ci il tarixdək Aəzrbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanmış faiz borcu 228.23 ABŞ dolları cərimə və 1.787 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 21.898,13 ABŞ dolları cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-190/2019 saylı 09 dekabr 2019-cu il tarixdə qətnaməsi ilə cavabdehdən 17.873,16 ABŞ dolları əsas və 2.009,74 ABŞ dolları faiz borcu, 04 mart 2017-ci il tarixdən 02 mart 2018-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanmış faiz borcu 228.23 ABŞ dolları cərimə və 1.787 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 21.898,13 ABŞ dolları borcun tutularaq, ipoteka qoyulmuş əmlakın açıq hərracda satışı hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış 04 sentyabr 2014-cü il tarixli, İK № 480/f-14 saylı kredit müqaviləsi 30 aylıq müddətə bağlanmışdır. Cavabdeh 21 iyun 2016-cı il tarixdə sonuncu ödənişini etsə də, gecikmədən çıxmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklərini yerinə yetirməmişdir. 21 iyun 2016-cı il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Bununla da cavabdeh bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. İş materiallarından və iddiaya əlavə edilmiş, 21 iyun 2016-cı il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, 08 dekabr 2023-cü il tarixə cavabdehin banka 17.873,16 ABŞ dolları əsas və 2.009,74 ABŞ dolları faiz borcu, 04 mart 2017-ci il tarixdən 02 mart 2018-ci il tarixdək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanmış faiz borcu 228.23 ABŞ dolları cərimə və 1.787 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 21.898,13 ABŞ dolları borcu var. Hazırda 08 dekabr 2023-cü il tarixə cavabdehin banka əsas borcunun qalığı 17.873,16 ABŞ dolları təşkil edir. Həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsatini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5% pul cavabdehdən tutularaq Banka ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 04 sentyabr 2014-cü il tarixli, İK № 480/f-14 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə bank cavabdehə qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(011)-190/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən əsas borc üzrə 17.873,16 ABŞ dolları, faiz borcu üzrə 2.009,74 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən, yəni 04 mart 2017ci il tarixdən 02 mart 2018-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanmış faiz borcu 228.23 ABŞ dolları, 1.787 ABŞ dolları cərimə, ümumilikdə 21.898,13 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması, tələbin R.Əhmədova məxsus “Maserati Quattroporte”, Ban ZAMJK39B000061733 rəngi-ağ, buraxılış ili 2011-ci il olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi qət edilmişdir. Araşdırılmış icra işi materiallarından görünür ki, 01 aprel 2021-ci il tarixdə icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası haqqında bildirişin surəti Cavabdeh göndərilmişdir. 02 aprel 2021-ci il tarixdə icra məmuru tərəfindən borclunun mülkiyyətində olan “Maserati Quattroporte” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, həmçinin borclunun axtarışı barədə qərar qəbul edilmişdir. 16 may 2021-ci il tarixdə “Maserati Quattroporte” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin axtarışı elan edilmiş, qərar icra olunması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Cavabdeh iddiaya etiraz mövqeyində olmuş, məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, iddiaçı “Turanbank’' ASC-nin “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş və cavabdehdən İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə - 17.873,16 ABŞ dolları, faiz borcu üzrə 2.009,74 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən, yəni 04 mart 2017-ci il tarixdən 02 mart 2018-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanmış faiz borcu 228.23 ABŞ dolları, 1.787 ABŞ dolları cərimə, ümumilikdə 21.898,13 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. Tələb cavabdehə məxsus olan “Maserati Quattroporte”, Ban ZAMJK39B000061733 rəngi-ağ, buraxılış ili 2011-ci il olan avtomobilə yönəldilmiş, qərara əsasən həmin avtomobil açıq hərracdan satılaraq, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcu ödənilməli olduğu qərara alınmış, həmçinin iddia tələbləri “ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi” hissəsində təmin edilməməsinə dair məhkəmə qərarı çıxarılmışdır. Cavabdeh heç bir zaman icradan yayınmamış, hər zaman çağırışlara gələrək borcun ona məxsus olmuş avtomobilə yönəldilməsinə etiraz etməmişdir. Sadəcə avtomobil cavabdehdə olmadığı və hazırda harada yerləşməsi barədə məlumatı olmadığından şəxsən icra məmuruna avtomaşının axtarılaraq tapılıb tələbin ona yönəldilməsini xahiş etmişdir ki, qoy açıq hərracdan satılaraq borc ödənilsin. Əfsuslar olsun ki, müvafiq qurumlar hazıradək maşının olduğu yeri tapıb duracağa yerləşdirməyiblər ki, nəticədə cavabdehin borcu görülmüş tədbirlər sayəsində bağlansın. Bütün bunlara baxmayaraq dəfələrlə bank tərəfindən tələb edilən faiz və cərimə borcunun silinməsi qarşılığında cavabdehin valideyni və qardaşı tərəfindən başqa bankdan kredit götürərək “Turanbank" ASC-yə olan əsas borcu bağlayacaqları bildirilməklə çoxlu xahiş etsələr də iddiaçı buna şərait yaratmayaraq heç bir güzəşt etməmişdir. Cavabdeh heç bir zaman icradan yayınmamışdır. Məhkəmə qərarına əsasən, tələbin avtomobilə yönəldilməsi qərara alınmış, lakin cavabdehin iradəsindən asılı olmayan səbəblərdən icra sənədi hazıradək icra olunmamışdır ki, bu da cavabdehin günahı deyil. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Mülki iş materiallarının, eləcə də icra işinin materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(011)-190/2019 saylı qətnaməsi ilə cavabdehin bank olan borcunun ödənilməsi üçün tələb, cavabdehə məxsus “Maserati Quattroporte”, Ban ZAMJK39B000061733 rəngi-ağ, buraxılış ili 2011-ci il olan avtomobilə yönəldilmiş, avtomobilin açıq hərracdan satılaraq borcun ödənilməsi qət edilmişdir. Lakin bugünə qədər avtomobilin icra şöbəsinə təhvil verilməməsi, nəticədə satılmaması və bununla da borcun ödənilməməsi səbəbindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hazırkı işin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Maddənin mahiyyətindən görünür ki, müəyyən edilən faiz əslində pul məbləğinin ödənilməsini gecikdirən borclunun (hazırkı iş üzrə cavabdehin) gecikdirmə nəticəsində vurduğu zərərin əvəzinin ödənilməsi məqsədilə kreditorun tələb etdiyi pul kompensasiyasıdır və nəzərdə tutulan hüquqi nəticənin baş verməsi cavabdehin öhdəliyin icrasını gecikdirməsindən asılıdır. Eyni zamanda Mülki Məcəlləsinin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə olan halda məhkəmə işin faktiki hallarını və qeyd olunan qanun normaların mənasını nəzərdən keçirdərək hesab edir ki, nə qədər ki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(011)-190/2019 saylı qətnaməsi ilə tələb cavabdehə məxsus “Maserati Quattroporte”, Ban ZAMJK39B000061733 rəngi-ağ, buraxılış ili 2011-ci il olan avtomobilə yönəldilmiş, avtomobilin açıq hərracdan satılaraq borcun ödənilməsi qət edilmişdir və icra məmuru avtomobil barəsində axtarış elan etməsinə baxmayaraq bugünədək avtomobil tapılmamışdır, qeyd olunanlar məhz sözügedən qanun normasında əksini tapmış cavabdeh tərəfindən “öhdəliyin təqsirli pozuntusu” halını istisna edir. Belə ki, qeyd olunan prosesin məhz cavabdeh tərəfindən qərəzli şəkildə icra edilməməsini əks etdirəcək hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hazırkı işin araşdırılması zamanı məhkəmə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(011)-190/2019 saylı mülki işi üzrə icra işi materiallarını təhlil edərək müəyyən etmişdir ki, cavabdeh tərəfindən avtomobilin gizlədilməsi, hərracda satılması üçün avtomobili təqdim etməkdən boyun qaçırması halları aşkar edilməməklə yanaşı, bank tərəfindən də icra işinin gedişatına təsir edəcək hər-hansı müraciət edilməmişdir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, tərəflər arasında yaranmış müqavilədən irəli gələn münasibət özlüyündə hər iki müqavilə tərəfi üçün müəyyən riski özündə ehtiva edir. Belə ki, kredit riski dedikdə, borcalanın, emitentin və ya kontragentin öz öhdəliyini müqavilə ilə müəyyən olunmuş şərtlərdə icra edə bilməməsi nəticəsində itkinin yaranması riski başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, əmlakın axtarışının nəticə verməməsində və bununla da tələbin icra edilməməsində cavabdehin təqsiri müəyyən edilməmişdir. Odur ki, iddiaçının iddiası əsassızdır və bu səbəbdən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 121.97 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı - kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh 04 sentyabr 2014-cü il tarixli, İK № 480/f14 saylı kredit müqaviləsi üzrə 17.873,16 ABŞ dolları əsas borca hesablanmış 5% məbləğində 6.268,02 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 121.97 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 121.97 (bir yüz iyirmi bir manat doxsan yeddi qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar