Məhkəmə qərarları › İş №e-2(011)-1712/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1712/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1712/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “TuranBank ASC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK № 821/05-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 9734.85 manat əsas, 229.07 manat faiz, 551.64 manat cərimə borcu olmaqla, cəmi borcu 10 515.56 manat məbləğində borcun və 121.55 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən iclasın iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilmsini xahiş etdi. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK № 821/05-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 17 % olmaqla, 36 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 9734.85 manat əsas, 229.07 manat faiz, 551.64 manat cərimə borcu olmaqla, cəmi borcu 10 515.56 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK № 821/05-22 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsasə borcdan əlavə illik 17 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. Xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Cavabdehin etirazının dəlilləri Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İddiaçı “TuranBank" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, İK № 821/05-22 saylı kredit müqaviləsinə əsasən bank borcluya 17 % olmaqla, 36 ay müddətinə 13500 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəlikləri vaxtlı-vaxtında icra edilməmiş və nəticədə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə kredit müqaviləsi üzrə 9734.85 manat əsas, 229.07 manat faiz, 551.64 manat cərimə borcu olmaqla, cəmi borcu 10515.56 manat borcu yaranmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslar. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, işin faktiki halları və əsas borcun məbləği nəzərə alınaraq, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir. Odur ki, tələb edilən məbləğdə cərimənin iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 121,55 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “TuranBank" ASC xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 9734.85 manat (doqquz min yeddi yüz otuz dörd manat səksən beş qəpik) manat, faiz borcuna görə 229.07 manat (iki yüz iyirmi doqquz manat yeddi qəpik) manat, cərimə borcuna görə 551.64 manat (beş yüz əlli bir manat altmış dörd qəpik) manat, cəmi 10515.56 manat (on min beş yüz on beş manat əlli altı qəpik) manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,55 (yüz iyirmi bir manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar