Məhkəmə qərarları › İş №e-2(011)-1719/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1719/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1719/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi Mehdiyev Abit Böyükəmi oğlunun iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 3424 manat əsas borc, 860 manat faiz borcu, 214 manat cərimə olmaqla cəmi 4498 manat borcun və 30 manat ödərylmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-cu il tarixində B/1947 saylı kredit müqaviləsinə əsasən borcalana illik 20,69 faizlə 12 ay müddətinə 4000 manat kredit verilmişdir. Borcun təminatı olaraq “xxxx” MMC ilə DünyamalıyevElgün Eldəniz oğlu arasında bağlanmış xx.xx.2020-cu il tarixində B/1947 saylı zaminlik müqaviləsinə əsasən zamin borcalanın öhdəliklərinin lazımi qaydada icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borcalan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 təşkilata kredit müqaviləsi üzrə 3424 manat əsas borc, 860 manat faiz borcu, 214 manat cərimə olmaqla cəmi 4498 manat borcu vardır. Borclulara xəbərdarlıq edilməsinə baxmayaraq bu günə qədər heç bir kredit borcu ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Mehdiyev Abit Böyükəmi oğlu iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxx” MMC ilə borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-cu il tarixində B/1947 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc verən tərəfindən borc alana istehlak məqsədi ilə 12 ay müddətinə, illik 20,69% hesablanmaqla 4000 manat məbləğində kredit verilmişdir. “xxxx” MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-cu il tarixində B/1947 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 təşkilata kredit müqaviləsi üzrə 3424 manat əsas borc, 860 manat faiz borcu, 214 manat cərimə olmaqla cəmi 4498 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2020-cu il tarixində B/1947 saylı kredit müqaviləsi əsasında “xxxx” MMC-dən borc alması və onu vaxtında ödəməməsi, nəticədə təşkilata 3424 manat əsas borc və 860 manat faiz borcunun qalması, Cavabdeh2 zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərlərinə götürməsi iş materialları ilə təsdiq olunduğundan və cavabdehlər tərəfindən müqavilə şərtləri pozulduğundan iddia tələbi həmin borcun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 214 manat dəbbə pulunun alınması tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulu 14 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 95 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsümunun 28,50 manatı cavabdehlərə aid edilməklə onlardan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3424 manat əsas borc, 860 manat faiz borcu, 14 manat cərimə olmaqla cəmi 4298 (dörd min iki yüz doxsan səkkiz) manat borc və dövlət rüsumunun 28,50 (iyirmi səkkiz manat 50 qəpik) manat hissəsi müştərək qaydada iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar