Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-172/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması barədə” iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 4674.19 ABŞ dolları- bundan 1763.82 ABŞ dolları əsas, 694.17 ABŞ dolları faiz, 1974.04 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 242.16 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 99.47 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Şəxsi istehlak məqsədi ilə cavabdehə 18 ay müddətinə, illik 31 faiz dərəcəsi ilə 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-370006008 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır, həmin müqavilənin 4.2-ci bəndinə əsasən, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 4395.24 ABŞ dolları borcu Restrukturizasiya edilmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. Həmin müqaviləyə əsasən, borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və ya müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********754 nömrəli, xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyət göstərdyi dövrə təsadüf edir, halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, tənasübsüz surətdə artırılmış cərimə və faiz borcu ilə razılaşmır, borcun azaldılmasını məhkəmədən xahiş edir. Sonda Cavabdeh1 dediklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə, iddiaçının nümayəndəsi X2 xx.xx.2025-ci il tarixində məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək iclasda iştirak edə bilməyəcəklərini bildirmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC–nin “Bayıl” filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən, kreditor borcalana Şəxsi istehlak məqsədi ilə illik 31 faiz olmaqla, gecikdirilən borc məbləğinə cərimə kimi illik 62 faiz, aylıq 5,17 faiz dərəcəsi ilə, 18 ay müddətinə 3800 ABŞ dolları kredit verməyi, borc alan isə bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlindən görünür ki, kreditin məbləği 3800 ABŞ dolları, illik faiz 31 %, müddət 18 aydır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 (Zamin) və Cavabdeh1 (borcalan) arasında ZM-370006008 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır, HƏMİN müqavilənin predmeti ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. Zaminlik müqaviləsinə əsasən, 3800 ABŞ dolları təşkil edən kredit məbləği, 18 ay təşkil edən kreditin qaytarılma müddəti, 31% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi, 62 faiz təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik, 5,17 % isə aylıq cərimə faiz dərəcəsi Zaminliklə təmin edilmiş öhdəlikləri təşkil edir. İş materiallarında olan İddiaçı LPO tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********42 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh1 ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış borcu əsas borc 1763.82 ABŞ dolları olmaqla, müqavilə müddəti üçün tələb olunan faiz 694.17 ABŞ dolları, cərimə borcu 1974.04 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesalanmış faiz məbləği 242.16 ABŞ dolları, müqavilə tələbləri əsasında yaranmış ümumi borc 4674.19 ABŞ dollarıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixində 3 gün müddətində 4668.91 ABŞ dolları borcu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə Xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/4737 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olduğu kredit borcu xx.xx.2021-ci il tarixinə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 1855.21 ABŞ dolları, faiz borcu üzrə 364.34 ABŞ dolları; xx.xx.2024-cü il tarixinə (sualda göstərilən tarixə) əsas borc üzrə 1855.21 ABŞ dolları, faiz borcu üzrə 364.34 ABŞ dolları, illik 5%-lə faiz borcu üzrə 255.86 ABŞ dollarıdır . Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 99.47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən, Cavabdeh1 18 ay müddətinə kredit istifadəsinə görə illik 31 %, gecikdirilən borc məbləğinə cərimə kimi 62% dərəcəsi ilə 3800 ABŞ dolları kredit verilmişdir, həmçinin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə ZM-370006008 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır, kreditin müddəti 18 ay – xx.xx.2021-ci il tarixinədəkdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməməklə iddiaçıya kredit borcu qalmışdır, Cavabdeh1 iddia tələbini qismən əsas borc hissədə (1763.82 ABŞ dolları) qəbul edir. Bununla belə, Cavabdeh1 müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə xx.xx.2015-ci il tarixli, ********* saylı Kredit müqaviləsi üzrə əsas borc məbləğini və kredit müqaviləsi bitəndən sonra 5%-lə hesablanmış faiz borc məbləğini ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə görə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən faiz məbləği iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc üzrə 1763.82 ABŞ dolları, faiz borcu üzrə 363.34 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra 5%-lə hesablanmış faiz borc üzrə 242.16 ABŞ dolları cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə xx.xx.2015-ci il tarixli, ********* saylı Kredit müqaviləsi üzrə faiz borc məbləğini müəyyən edərkən xx.xx.2024-cü il tarixli, 9/4737 saylı ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək, əsas borc məbləğini ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq (364,34 ABŞ dolları) müəyyən edir. Məhkəmə, ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla 100 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, digər cavabdeh olan zamin – Cavabdeh2 ZM-370006008 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə öhdəliklərinə münasibətdə hesab edir ki, zaminlik müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədək (18 ay) olduğundan və həmin öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən, Cavabdeh2 ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1763,82 ABŞ dolları əsas borc, 364,34 ABŞ dolları faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış (illik 5%) 242,16 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2370,32 ABŞ dolları, 100 manat cərimə və dövlət rüsumu qismində ödənilmiş 61.30 manat alınaraq Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh2 ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh1 məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 61.30 manat və ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 manat Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə hesablanmaqla, ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1763,82 ABŞ dolları əsas borc, 364,34 ABŞ dolları faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış (illik 5%) 242,16 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2370,32 ABŞ dolları, 100 manat cərimə və dövlət rüsumu qismində ödənilmiş 61.30 manat alınaraq Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat pul məbləği Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-172/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-172/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver