Məhkəmə qərarları › İş №e-2(011)-1792/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1792/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1792/2024 17.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. “Ford Transit” yük markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin (Bundan sonra – Avtomobil) Cavabdeh1 mülkiyyətində olmuş, Avtomobil xx.xx.2023-cü il tarixdə onun adına qeydiyyata alınmışdır.

2. Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə ona verilmiş səlahiyyətlər (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək) digər şəxslərə verilməklə, Cavabdeh2 bir il müddətinə müddətinə etibarnamə verilmiş, sonuncu tərəfindən isə ona verilmiş səlahiyyətlər, Cavabdeh1 nümayəndəsi qismində iştirak etməklə, xx.xx.2023-cü il tarixli etibarnamə ilə cavabdeh İddiaçı ötürülmüşdür.

3. xx.xx.2023-cü il tarixli etibarnamə əsasında Avtomobilə dair verilmiş səlahiyyətlər, Cavabdeh1 nümayəndəsi qismində iştirak etməklə, İddiaçı tərəfindən 10 ay müddətinə (xx.xx.2024-cü tarixədək) iddiaçıya verilmiş, eyni zamanda İddiaçı Avtomobilin iddiaçıya satılması məqsədilə ondan 18 000 manat pul almışdır. İddiaçı Binəqədi RPİ-nin 6-cı PB-də verdiyi yazılı izahatında, eyni zamanda məhkəmə iclasında Avtomobili iddiaçıya satmaq məqsədilə ondan 18 000 manat pul aldığını etiraf etmişdir.

4. Avtomobil iddiaçıya verildikdən sonra, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 Cavabdeh2 verdiyi xx.xx.2023-cü tarixli etibarnaməni ləğv etdirmiş, bundan sonra bir neçə gün keçdikdən sonra X7 əməkdaşları tərəfindən saxlanılraq Avtomobil məcburi duracağa yerləşdirilmişdir. Avtomobil hazırda X4 mülkiyyətindədir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçı Cavabdeh2 ona maşın satmaq adı altında aldığı 15.500 manat məbləğində pulun əvəzinin, 1000 manat məbləğində mənəvi zərərin əvəzinin, 500 manat vəkilnən bağladığı müqavilənin pulunun və məhkəmə üçün ödənilmiş 140 manat dövlət rüsumunun, ümümilikdə 17.140 manat əvəzinin cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh2 ilə Sumqayıt maşın bazarında maşın alqı-satqısı zamanı tanış olmuşdur. O, maşın almaq məqsədilə xx.xx.2023-cü il tarixdə bazar günü Sumqayıt maşın bazarına getmiş, orada maşın satıcısı Cavabdeh2 Yük maşınını satırdı, o, maşının sənədlərində heç bir problemin olmadığını, maşının axtarışda və ya həbsdə olmadığını bildirdi. O, maşına baxış keçirtmiş, maşın onun xoşuna gəlmiş və Pərvizlə maşının alqı-satqı qiymətini 15.500 manata nağd şəkildə ödəməklə almağa razılaşmışdır. Aldığı maşının müqabilində Cavabdeh2 18000 manat pulu nağd şəkildə ödəmiş, Pərviz ondan 18000 manat pulu təhvil almış və pulu alandan sonra xx.xx.2023-cü il tarixdə Ağstafa rayonu notariat ofisində 2008-ci il buraxılışlı, Ford Transit markalı, 77KU706 dövlət qeydiyyat nömrə nişanlı yük maşınına dair onun adına bütün səlahiyyətləri - sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. Daha sonra, o, X1 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində 2008-ci il buraxılışlı, Yük maşınına dair onun adına bütün səlahiyyətləri - sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. O, Cavabdeh2 ilə əlaqə saxlayıb bildirmişdir ki, Yük maşınının üstündə 40 manat cərimə var və xahiş etdi ki onu ödəsin. Lakin, üstündən 3-5 gün keçməmiş Baş Dövlət Yol Polis İdarəsinin polisləri X2, məndən aldığı maşını saxlayıblar, maşının axtarışda olduğunu bildirərək maşını əlindən alıb cərimə meydançasına yerləşdiriblər. Bu barədə ona X3 zəng edib bildirdi və pulunu geri qaytarmasını tələb etdi. Mən, X1 etibarnaməni maşının mülkiyyətçisi olmuş Cavabdeh1 ləğv etdirdiyini bildirdi. Bu barədə, Cavabdeh2 ilə əlaqə saxlamaq istəmiş, amma ona zəng çatmamış və nömrəsi bağlı olduğunu aşkar olunmuşdur. Həmçinin özü müstəqil şəkildə araşdırma aparmış, aşkar olmuşdur ki, Cavabdeh2 23 iyul 2023-cü il tarixdə bazar günü maşını ona satıb ondan 15.500 manat pul alan günü, yəni 23 iyul 2023-cü il tarixdə 4 (dörd) saat sonra onun adına verilmiş etibarnamə ləğv etdirilmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Avtomobili ilk əvvəl 15 500 manata özü aldı, sadəcə öz adına qeydiyyatdan keçirmək üçün əlavə olaraq təqribən 200-300 manat pul tələb olunduğundan Avtomobili etibarnamə əsasında idarə etmişdir. 14 gün sonra Avtomobili ona verilmiş etibarnamə əsasında 18 000 manata iddiaçıya satmış, aldığı pulu Cavabdeh1 verməmişdir. Həmin pulun 15 500 manatını dayısına borcu olduğuna görə ona vermişdir. O, beş ildir ki, avtomobil alqı-satqısı ilə məşğul olur, bu vaxta qədər bir neçə dəfə bu qaydada avtomobil satıb, ancaq heç birində problem yaşanmayıb.

9. Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 etibarnaməni ona maşını satmaq üçün vermişdi. Avtomobili Gürcüstan Respublikasından o, gətirib, sadəcə formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Avtomobili satdıqdan sonra borcunu ödəyib.

10. Digər Cavabdeh1 vəkili və nümayəndəsi iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

15. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

22. İddia tələbinin qanuni əsasının tapılması isə tərəflər arasında hansı hüquq münasibətinin yaranmasının düzgün müəyyən edilməsindən ibarətdir.

23. Məhkəmə öncə iddia tələbinin Cavabdeh2 Avtomobilə görə ödənilmiş pul vəsaitinin tələb edilməsi hissəsinə münasibət bildirirərək qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında yaranmış münasibətləri nəzərə alaraq iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21-ci maddəsi təşkil edir.

24. Məhkəmə qeyd edir ki, iddiaçı Avtomobili almaq məqsədilə Cavabdeh2 ödənilmiş 15 500 manat pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanılacaq əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınar əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir.

25. Mülki Məcəllənin 650-ci maddəsinin məzmunundan da göründüyü kimi, rəsmi reyestirdə qeydə alınmalı olan daşınar əşyalara dair alqı-satqı tələblərinə daşınmaz əşyalarla bağlı tələblər aid edilir. Mülki Məcəllənin 144.1-ci maddəsində deyilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Bu isə o deməkdir ki, daşınar əşya olmaqla, rəsmi reyestirdə qeydə alınmalı olan avtomobilin alqı-satıqısı barədə müqavilələr, daşınmaz əşyalarda olduğu kimi, yazılı şəkildə bağlanmaqla bərabər həm də, notarial qaydada təsdiq edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında yaranmış mübahisəyə Avtomobilin alqı-satqısından irəli gələn Mülki Məcəllənin maddi hüquq normaları tətbiq edilə bilməz.

26. Lakin, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Avtomobili əldə etmək (almaq) məqsədilə Cavabdeh2 15 500 manat məbləğində pul vəsaiti verməklə Avtomobilin artıq onun mülkiyyətinə keçməsini güman edərək, Avtomobildən öz mülkiyyəti kimi istifadə etməyi ümid etmiş, lakin sonradan Cavabdeh1 Cavabdeh2 verdiyi ilkin etibarnaməni ləğv etmişdir. Beləliklə, iddiaçı 15 500 manat məbləğində pul vəsaitini Cavabdeh2 verməklə əmlakından məhrum olmuş, nəticədə ona maddi ziyan dəymişdir. İddiaçıya maddi ziyanı Cavabdeh2 vurması isə işdə sübutlarla təsdiq edilir.

27. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt əsas götürülür və bu şərtləri məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranması ilə nəticələnən mülki hüquq pozuntusu sayılır: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

28. Cavabdeh2 iddiaçıya Avtomobili qanunla müəyyən edilmiş qaydada satmaması hüquqa zidd olmuşdur. Belə ki, Avtomobilin alqı-satqısının qanunla həyata keçirilməsi qaydası barədə yuxarıda şərh edilmişdir (qətnamənin 27 və 28-ci bəndləri). Ümumiləşdirərək bir daha qeyd edirik ki, avtomobillərin alqı-satqısı barədə müqavilələrin notarial aydada bağlanmasını qanun məcburi olaraq müəyyən etmişdir. Lakin Cavabdeh2 etibarnamə ilə ona bu səlahiyyətlərin verilməsinə baxmayaraq, iddiaçıya Avtomobili qanunla müəyyən edilmiş qaydada satmamış, buna baxmayaraq ondan 15 500 manat pul almış, bununla da qanuna zidd hərəkət etmişdir.

29. Cavabdeh2 qanuna zidd hərəkəti nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi isə işin mübahisəsiz halıdır. Belə ki, mülkiyyətçi Nicabət Əşəfova təfərindən Avtomobilə dair verilmiş etibarnamələrin ləğvi nəticəsində həmin Avtomobil iddiaçının avtomobili satdığı Akif Abdullayevdəən alınmış, bunun nəticəsində Akif Abdullayevə dəymiş ziyan iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının Avtomobili almaq məqsədilə Cavabdeh2 ödənilmiş pul vəsaiti isə ona qaytarılmamış, bununla da iddiaçı maddi zərər çəkmişdir. Həmçinin, iddiaçıya maddi ziyan dəyməsinə səbəb Cavabdeh2 qanuna zidd davranışı (Avtomobili qanunla müəyyən edilmiş qaydada satmamaqla) olmuşdur. Mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olması da mülki hüquq pozuntusunun yaranmasının üçüncü şərtidir. Əgər vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti də istisna edilir.

30. Məhkəmə hesab edir ki, iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də təmin edilə bilməz.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

32. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

33. Məhkəmə qeyd edir ki, Mənzilinin dağıdılması nəticəsinədə onun mülkiyyətçisinin mənəvi sarsıntı keçirməsi, psixologiyasında stress, sarsıntı və emosional gərginlik və s. kimi əlamətlərə səbəb olması mümkündür. Lakin işin şərh edilən hallarından görünür ki, iddiaçının mülkiyyət hüququ qeydə alınan zaman Mənzil mövcud olmamışdır. Mövcud olmayan əmlakla bağlı isə iddiaçının hər hansı sarsıntı keçirməsi mümkün deyil Bu səbəbdən onun cavabdehdən mənəvi zərər tələb etməsi əsassızdır.

34. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vəkil bürosunun hesabına, ümumilikdə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin tutulması hissəsində də əsaslıdır.

35. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “eManat” ödəniş terminalından çıxarılmış qəbzdən görünür ki, iddiaçı Şimal vəkil bürosuna 500 manat məbləğində hüquqi xidmət xərci ödəmişdir.

36. Məhkəmə hesab edir ki, 140 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya qaytarılmalıdır.

37. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Belə ki, iddiaçıya maddi ziyanın dəyməsində Cavabdeh2 təqsirli olması ətraflı şərh edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, Avtomobilin alınması məqsədilə ödənilmiş pulu Cavabdeh1 verməməklə öz ehtiyaclarına sərf etmişdir. Odur ki, Cavabdeh1 iddiaçıya hər hansı ziyan, yaxud zərər vurması məhkəmə araşdırması nəticəsində müəyyən edilmədiyindən iddia ona aid hissədə təmin edilməməlidir.

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. “Ford Transit” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədilə ödənilmiş 15 500 manat pul vəsaiti, 500 manat məbləğində hüquqi xidmət üçün ödənilmiş pul vəsaiti və ödənilmiş 140 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə və Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar