Məhkəmə qərarları › İş №e-2(011)-1793/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1793/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1793/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7540 manat əsas borcun və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 7640 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavavbdehin iddiaçıya bugünədək hissəhissə olmaqla 1280 manat ödəniş etdiyini, hazırda cavabdehin iddiaçıya 6720 manat borcu qaldığını bildirmiş, Cavabdeh 6720 manat əsas borcun və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 6820 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə Cavabdeh 30 avqust 2022ci il tarixdə iddiaçıdan 8000 manat borc pul almışdır, aralarında olan razılaşmaya əsasən cavabdeh göstərilən məbləği hər ay 500 manat olamaqla 16 ay müddətinə qaytarmağı öhdəsinə götürüb, borc müqaviləsi bağlanarkən borcun qaytarılma şərtlərini və müddətini notariat ofisində bildirilsə də, notarius tərəflər arasında bağlanmış 30 avqust 2022-ci il tarixli kredit müqaviləsində bu şərtləri əks etdirməyib, əksinə, pulun 30 dekabr 2023-cü il tarixədək qaytarılması barədə yanlış müddət göstərib, notariat ofisindən ayrıldıqdan sonra bu hal məlum olmuşdur, odur ki, Cavabdeh iddiaçının adına əlavə ərizə yazaraq 8000 manat pulun hər ay 500 manat olmaqla 16 ay müddətinə qaytarmağı öhdəsinə götürüb, bu barədə 17 apreldə də tərəflər arasında notariatda müqaviləyə düzəliş müqaviləsi bağlanmışdır, tərəflər arasında olan şifahi və yazılı razılaşmaya baxmayaraq, cavabdeh öhdəliklərini yerinə yetirmir, ödənişləri etmir, cavabdeh məhkəmə dövründə hissə-hissə ödənişlər etməyə başlamışdır, həmin ödənişlərə əsasən dəqiqləşdirilmə ərizəsi məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə iclasında Cavabdeh yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun olaraq izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir, ümumilikdə iddiaçıdan 8000 manat borc almışdır, bu barədə müqavilə bağlanmışdır, həmin borcdan 1280 manatı ödəmişdir, məhkəmə getdiyi dövrdə də 820 manat ödəmiş, qəbzləri məhkəməyə təqdim etmişdir, halhazırda 6720 manat borcu vardır, geriyə qalan borcunu da hissə-hissə ilin axrına qədər ödəyib qutaracaqdır, dekabr ayında biraz problem yarandığı üçün borcu ödəyə bilməmişdir, hal-hazırda yenə də ödənişləri edir, biraz vaxt lazımdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını və yekun məhkəmə aktının çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış “borc pulun alınması barədə” xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh hazırki ərizə ilə İddiaçı 8000 manat borc pul aldığını, göstərilən məbləği hər ay 500 manat olmaqla 16 ay müddətinə qaytarmağı öhdəsinə götürdüyünü, eyni zamanda borc pulun alınması barədə tərəflər arasında notariat qaydada müqavilə bağlanacağını bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh hazırki ərizə ilə 30 avqust 2022-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı aldığı 8000 manat borc pulu hər ay 500 manat olmaqla 16 ay müddətinə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan borc verən İddiaçı və borc alan Cavabdeh arasında bağlanmış 30 avqust 2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, borc verən borc alana 8000 manat borc pul verməyi borc alan krediti xx.xx.2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə əsasən, borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissəhissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlər təsdiqləməlidir. Müqavilənin 8-ci bəndinə əsasən, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmin müqavilədən görünür ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 17 aprel 2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş “müqaviləyə düzəlişə dair” müqavilənin 2-ci bəndindən görünür ki, tərəflər xx.xx.2022-ci il tarixli 3M-397 reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndinin dəyişdirilərək, “Borc alan krediti hər ay 500 manat 00 qəpik olmaqla xx.xx.2023 tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür” kimi qeyd olunması barədə razılığa gəlmişdirlər, müqavilənin digər bəndləri dəyişilməz olaraq qalır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı kart hesabına 100 manat mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı kart hesabına 300 manat mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, son 4 rəqəmi “6531” olan kart hesabına 120 manat mədaxil edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 30 avqust 2022-ci il tarixdə yazılı formada – notariat qaydada kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 8000 manat borc almış, həmin borcu müqavilədə müəyyən edilmiş müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür, tərəflər arasında bağlanmış 17 aprel 2023-cü il tarixli “müqaviləyə düzəlişə dair” müqaviləyə əsasən, cavabdeh həmin krediti hər ay 500 manat olmaqla xx.xx.2023 tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin müəyyən edilmiş müddətdə ödənişləri etməməklə müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir, hazırda cavabdehin iddiaçıya 6720 manat borcu qalmışdır, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan kredit müqaviləsi əsasında 8000 manat borc alması, həmin məbləği müqavilədə nəzərdə tutulmuş müddətdə (hər ay 500 manat olmaqla) borc verənə qaytarmağı öhdəsinə götürməsi, lakin həmin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya olan borcunu qaytarmaması, sonuncunun hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 6720 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, cavabdeh ödənişləri məhkəmə prosesi dövründə etdiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumuna görə ödənilməli olan 95,4 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6720 (altı min yeddi yüz iyirmi) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 95 (doxsan beş) manat 40 (qırx) qəpik alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar