Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1798/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçnın etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi və dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 13.880 manatın, vurulmuş 1.000 manat maddi zərərin, 40 manat məbləğində cərimənin əvəzinin və 3.150 manat icarə haqqının, vəkilə ödənilmiş 100 manatın və 144 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh2 mülkiyyətində olan “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 13.880 manat ödəməklə əldə etmiş və ərinin adına sənədləşdirmək üçün 11 may 2022-ci il tarixdə 24 saylı Notariat ofisində sərəncam verilməsi haqqında etibarnamə almışdır. Belə ki, Cavabdeh1 18 saylı notariat ofisində Cavabdeh2 aldığı etibarnaməni iddiaçıya göstərərək avtomobilin pulunu tam ödəyərək aldığını və avtomobilin ona məxsus olduğunu bildirərək iddiaçıdan həmin avtomobilin dəyəri kimi 13.880 manat almışdı. Həmin avtomobili satmaq barədə razılığa gəldikdən və iddiaçıya etibarnamə verdikdən sonra iddiaçının həmin avtomobili icarəyə verərək pul qazanmağı üçün eyni gündə X3 da sürmə etibarnaməsi vermişdir. Belə ki, iddiaçı həmin avtomobili də məhz Nurlan vasitəsi ilə tapmışdır və Nurlanla aralarındakı razılaşmaya əsasən iddiaçı həmin avtomobili alaraq Nurlana icarəyə verməli, Nurlan isə iddiaçıya hər ay 450 manat icarə haqqı ödəməli idi. Vazirin iddiaçıya verdiyi etibarnamənin müddəti 11 may 2023-cü ilədək qüvvədə olduğundan və müddəti bitdiyindən iddiaçı sonradan Vazirə müraciət edərək etibarnamənin müddəti ərəfəsində maşını ərinin adına sənədləşdirə bilmədiyini və iddiaçıya yenidən etibarnamə verməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçıya Valehin nömrəsini verərək etibarnaməni ondan almağını xahiş etmişdir. İddiaçı isə bu məqsədlə Valehlə danışdıqda Valeh iddiaçıdan əlavə pul tələb etmişdir ki, mənim vaxtım gedir, yol xərcim çıxır sizə etibarnamə vermək üçün notariusa gəldikdə. Elə həmin ərəfələrdə (2023-cü ilin martı) iddiaçıya məlum olmuşdur ki, Valeh avtomobilə dair Şahid etibarnamə vermişdir. İddiaçının tələbi ilə 11 may 2023-cü ildə 18 saylı notariat kontorunda həmin etibarnaməni ləğv edərək ərizənin surətini iddiaçıya versə də avtomobilini öz adına sənədləşdirmək üçün tələb etdiyi pulu verə bilmədiyindən iddiaçıya etibarnamə verməmişdir. Bundan sonra iddiaçı cavabdehlərdən pulunu və ya avtomobilini tələb etsə də heç bir nəticə əldə edə bilməmişdir. Elə həmin vaxt etibarnamənin müddəti bitdiyindən avtomobili idarə edən şəxsdən avtomobil alınaraq cərimə meydançasına qoyulmuş və bu səbəbdən iddiaçı həm avtomobilindən, həm icarədən gələn gəlirdən məhrum olmuşdur. Bundan sonra avtomobilə ödədiyi pulu Vazirdən tələb etsə də o, pulunu da qaytarmaqdan imtina etmişdir. Vazir Valehin pulunu tam ödədiyindən Valeh iddiaçıya etibarnamə verməli və ya avtomobili mülkiyyətinə keçirməli olduğundan o da hazırki iş üzrə cavabdeh olmalıdır. Onların əməlləri sayəsində iddiaçı həm 13.880 manatından, həm aylıq 450 manat qazancından olmuş, həm də avtomobilin saxlanılaraq cərimə meydançasına qoyulmasına görə həm yazılmış cərimələri həm də dayanacaq pulu ödəməli olmuşdur ki, avtomobilin onların əməli sayəsində aylarla cərimə meydançasında durması səbəbindən müəyyən zərərlər də görə biləcəyindən yenidən onu idarə etmək üçün əlavə xərclər tələb olunacağından bu zərərləri və cərimələri də iddiaçıya ödəməlidirlər. Artıq hadisədən 8 aya yaxın bir müddət keçməsinə baxmayaraq nə etibarnamə verilmiş, nə dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmış, nə avtomobilin icarəsindən qazanacağı vəsait ödənmiş, nə də cərimələrin əvəzinin ödənməsi ilə bağlı heç bir qanuni tədbir görülməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmə qaydasını və maddi zərərin əvəzinin alınması üçün hansı addım atmalı olduğunu bilmədiyindən vəkilə müraciət edərək köməklik göstərilməsini xahiş etmişdir, həmin xidmətin göstərilməsi üçün Xidmət müqaviləsi bağlamışlar və bu xidmətə görə ödəniş etməli olmuşdur ki, bu xərc də cavabdehlərdən tutulmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, avtomobili “turbo.az” saytında satışa çıxarmış, Nurlan adlı şəxs ona zəng edərək maşını almaq istədiyini bildirmiş, daha sonra onlar avtomobilin qiymətində razılığa gəlmiş, Bəyim xanım avtomobilin dəyərini ona ödədikdən sonra Bəyim xanımın adına baş etibarnamə, Nurlanın adına isə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bir müddət sonra Nurlan yenidən müraciət edərək ona onun adına baş etibarnamə verilməsini xahiş etmişdir. Nurlan texniki pasportun onda olduğunu bildirmişdir. İstinad olunanlara əsasən o da Nurlanın adına baş etibarnamə vermişdir. Avtomobilin daha sonra kim tərəfindən kimə satılması ilə bağlı məlumatı yoxdur. Məhkəmə araşdırması zamanı Cavabdeh1 vəkili Vəkil2 iddia tələbinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahat verərək bildirmişdir ki, Bəyim xanımın ona avtomobili icarəyə verərkən tanımış, bir müddət iddiaçının avtomobilini idarə etmişdir. Daha sonra ailə məsələləri ilə bağlı avtomobili yenidən Bəyim xanıma geri qaytarmışdır. Nurlanın adına yalnız avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Avtomobil üzərində sərəncam vermək hüququ olmadığından hazırkı iddia ilə hər hansı bir əlaqəsi olmadığını bildirmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 11 may 2022-ci il tarixdə həmin nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə Cavabdeh1 etibarnamə vermişdir. Eyni tarixdə Cavabdeh2 həm də “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlərlə qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə İddiaçı etibarnamə vermişdir. İddiaçının vəkili tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 27 aprel 2022-ci il tarixdə X3, 11 may 2022-ci il tarixdə İddiaçı, 30 mart 2023-cü il tarixdə X1 və 31 mart 2023-cü il tarixdə Şahid etibarnamə verilmişdir. İddiaçı hüquqlarının pozulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsi tərəfindən 15 iyun 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı icarəyə vermək niyyəti ilə avtomobil almaq qərarına gəlmişdir. Bunun üçün Cavabdeh2 mülkiyyətində olan avtomobilə görə 13.880 manat məbləğində vəsait ödəmişdir. Avtomobilin mülkiyyətçisi sonrakı rəsmiləşdirmənin aparılması üçün etibarnamə vermişdir. Lakin iddiaçı avtomobili öz mülkiyyətinə keçirmək üçün sənədləşməni başa çatdırmamışdır. Avtomobili ilkin olaraq Nurlan adlı şəxsin istifadəsinə vermiş, daha sonra Teymur adlı şəxsin istifadəsinə vermişdir. Avtomobil Teymurun istifadəsində olan zaman onun adına verilmiş etibarnamənin ləğv olunması əsası ilə onun istifadəsindən alınaraq cərimə meydançasına yerləşdirilmişdir. Daha sonra iddiaçı avtomobillə bağlı aidiyyəti qurumlara müraciət edən zaman bəlli olmuşdur ki, avtomobil Maftun adlı şəxsin mülkiyyətinə keçmişdir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki iddiaçı avtomobilin əldə edilməsi üçün onun mülkiyyətçisinə 13.880 manat məbləğində vəsait ödəmişdir. Avotmobil halhazırda iddiaçının nə sahibliyində, nə də istifadəsində deyil. Məhkəmə araşdırması zamanı cavabdeh avtomobilin üçüncü şəxsə satılmasında təqsirinin olmadığını və müxtəlif şəxslərin adını çəkməklə məsuliyyəti onların üzərinə qoymağa çalışsa da istinad etdiyi halların əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, avtomobilin X3 verilmiş etibarnamə əsasında üçüncü şəxsə satılmasına istinad etsə də məhkəmə araşdırması zamanı N.Qasımova avtomobil üzərində sərəncam vermək hüququnu tanıyan hər hansı sənədə rast gəlinməmişdir. Belə bir sənədin mövcudluğunu təsdiq edəcək dəlillər də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda istinad olunanlara əsasən nəzərə alınsa ki, avtomobil iddiaçının sahibliyindən və istifadəsindən çıxıb, bu o deməkdir ki, tərəflər arasında mövcud olan razılaşmaya əməl edilməmişdir. Belə olan halda iddiaçının cavabdehlərə ödədiyi 13.880 manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya geri ödənilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş 1.000 manat maddi zərərin cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, maddi zərərin nədən ibarət olması, zərərin mövcudluğuna dəlalət edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərdən 40 manat məbləğində cərimənin əvəzinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, cərimənin nədən ibarət olması, nə ilə bağlı tərtib olunması və ümumiyyətlə cərimənin mövcudluğuna dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə bu hissədə də iddianı əsassız sayır. Məhkəmə iddia tələbinin 3.150 manat icarə haqqının cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı həmin məbləği əldən çıxmış fayda olaraq tələb edir. Lakin iddiasının əsasını təşkil edən hallarla bağlı iddiaçı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, bu məbləğin məhz hansı qaydada hesablanması və konkret olaraq nəyin əvəzi olaraq tələb edilməsi iddia ərizəsində əsaslandırılmamışdır. Odur ki, iddia bu hissədə də rədd edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 100 manatın cavabdehlərdən alınmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəf hazırkı məhkəmə iclasında müdafiəçi ilə təmsil olunsa da, hüquqi yardım üçün çəkdiyi və cavabdehdən tutulmasını istədiyi xərcin dəqiq məbləğini qeyd etsə də, onun ödənilməsini sübuta yetirəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin tələbin Cavabdeh2 mülkiyyətində olan “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi hissəsinə qiymət verərək hesab edir ki, hazırda tələb qətnamənin icrasından irəli gələn tələbdir. İcra mərhələsində tələbin könüllü icra edilmədiyi halda icra məmuru tərəfindən məcburi icra hərəkətləri olaraq əmlakın üzərinə həbs qoymaqla tələbin icrasını təmin etmək mümkündür. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13.880 manat maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13.880 (on üç min səkkiz yüz səksən) manat maddi ziyan və 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1798/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1798/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver