Məhkəmə qərarları › İş №e-2(011)-1821/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1821/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1821/2025 16.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və X1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4680 manat əsas borc, 2666,16 manat faiz borcu, 126,81 manat cərimə borcu olmaqla, cəmi 7472,97 manat məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 94,73 manat məbləğdə dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “X4 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022ci il tarixli 3410/2 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh1 qaraj tikintisi üçün 36 ay müddətinə, illik 20% olmaqla, 5830 manat məbləğdə kredit verilib. xx.xx.2022-ci il tarixli 3410/2 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 3410/2 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 3410/2 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Cavabdeh1 uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 3410/2 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 4680 manat, faiz üzrə 2666,16 manat, cərimə məbləği 126,81 manat olmaqla cəmi 7472,97 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubları ünvanlanıb. Buna baxmayaraq cavabdehlər hələ də öz öhdəliklərini icra etməyiblər. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Tərəflərin mövqeləri: İddiaçı BOKT MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, əməliyyat olunmaq məqsədilə kredit götürmüşdür. Sonradan işdən çıxdığına görə maddi vəziyyəti pisləşmiş, bankdan faiz borcunun hesablanmasının dayandırılmasını, əsas borcun hissə-hissə ödənilməsini xahiş etmiş, bank isə razılaşmamışdır. Cavabdeh2 məhkəmə iclasında əsas borcun məbləği ilə razı olsalar da, faiz borcunun miqdarı ilə razı olmadığını bildirmişdir. Sübutların tədqiqi: İş materiallarında olan "xxxx" BOKT MMC-nin ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3410/2 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 qaraj tikintisi üçün, illik 20% dərəcəsi ilə, 36 ay müddətinə 5830 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən xx.xx.2022-ci il tarixli 3410/2 saylı kredit müqaviləsi üzrə aylıq ödəniş 216,66 manat təşkil edir. "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 3410/2 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli 3410/2 saylı kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşdür. İddiaçı BOKT MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2022-ci il tarixli 3410/2 saylı kredit müqaviləsi üzrə əsas borc 4680 manat, faqiz borcu 2666,16 manat, cərimə borcu 126,81 manat olmaqla, cəmi borc 7472,97 manat təşkil edir. İddiaçı BOKT MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024cü il tarixdə ünvanlanmış bildirişdə cavabdehlərin xx.xx.2022-ci il tarixli 3410/2 saylı saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixinə 4680 manat əsas, 2535,71 manat faiz olmaqla, cəmi 7215,71 manat borcu yarandığı qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən, banka olan borc məbləğinin tam olaraq 3 günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə ümumi kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2328 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 3410/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya 4680 manat məbləğində əsas borcu, 1998,89 manat məbləğində faiz borcu vardır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışa əsasən "xxxx" BOKT MMC-nin adı İddiaçı BOKT MMC-yə dəyişdirilmişdir. İşin müəyyən edilən halları: İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 3410/2 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 20% olmaq şərtilə, 5830 manat kredit verilmişdir. Həmçinin bank ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi imzalanmış, müqaviləyə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına görə məsuliyyət daşıyır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, müqaviləyə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7-ci maddəyə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 470.1 Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halıdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, "xxxx" BOKT MMC müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Cavabdeh1 verməklə öhdəliyini icra etmişdir. Lakin Cavabdeh1 aldığı pul vəsaitini müqavilənin şərtlərinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı BOKT MMC restukturizasiya məqsədilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin hesabına keçiriməklə özünün müqavilə ilə müəyyən edilmiş öhdəliyini icra etmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini qismən icra etməklə, yəni aldığı krediti və ona hesablanmış faizləri iddiaçıya tam qaytarmamaqla öhdəliyini pozmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh "xxxx" BOKT MMC-dən müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddia tələbi 4680 manat məbləğində əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi 2666,16 manat faiz borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2025-ci il tarixli, 9/2328 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 3410/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya 1998,89 manat məbləğində faiz borcu vardır. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişlər. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə həmçinin, iddianın 126,81 manat dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh1 tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu ağlabatan həddə azaldılaraq xx.xx.2022ci il tarixli 3410/2 saylı müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin digər Cavabdeh2 aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Cavabdeh1 aldığı pul məbləğinin İddiaçı BOKT MMC-yə qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, o, iş üzrə Cavabdeh1 ilə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehlərin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Lakin, cavabdehlərdən tutulmalı olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 87,28 manat məbləğində müəyyən edilməli, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 3410/2 saylı kredit müqaviləsinə əsasən 4680 manat əsas borc, 1998,89 manat faiz borcu, 50 manat cərimə borcu, 87,28 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6816,17 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. İddiai ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar