Məhkəmə qərarları › İş №e-2(011)-1838/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1838/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1838/2024 15.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı icra qeydinin ləğvi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı 8İ-35379 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh mülki işə iddiaçının iştirakı olmadan baxılmasına təkid etdiyinə görə məhkəmə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə 3m-806 reyestr nömrəli borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixədək ödənilməsi nəzərdə tutulmuş 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti verilmişdir. Qeyd olunan borc müqaviləsi xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisində təsdiq olunmuşdur. Borc müqaviləsinin əsasını təşkil edən hal ondan ibarətdir ki, cavabdehdən şəxsi istifadə üçün avtomobil almışdır. Avtomobil alındıqdan sonra avtoobildə texniki nasazlıq müəyyən edilmiş, məbləğin bir hissəsi avtomobilin təmirinə xərclənmişdir. Sonradan cavabdehə iddiaçı tərəfindən məbləğin azaldılması təklifi verilmiş cavabdeh bütün bu halları bildiyindən qarşılıqlı razılaşmaya əməl etməmişdir. İndiki vəziyyətdə bu iş üzrə verilmiş icra qeydi etibarsız və qanunsuzdur. Cavabdeh 2 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinin qeyd olunan icra qeydi üzrə tələb etdiyi 6.500 manat məbləğində pul tələbi əsassızdır. Hesablanmış və tələb olunan öhdəlik məbləği düzgün deyildir, borc həmin məbləği əhatə etmir, iddiaçının cavabdehə ümumi borcu tələb olunan məbləğdən cox azdır. xx.xx.2023-cü il tarixdə 2 saylı Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş icra qeydi qanunsuz və əsassızdır, hec bir hüquqi nəticə yaratmır, icra qeydində yazılanlar həqiqəti əks etdirmir, odur ki, qeyd olunan icra qeydinin etibarsız hesab olunması barəsindən qanuni və əsaslı məhkəmə qətnaməsi qəbul olunmalıdır. Belə ki, 2 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin verilməsindən xəbərsizdir, məlumatlı deyildir icra qeydi tərəf olaraq ona rəsmi qaydada verilməmişdir. Baglanmış borc müqaviləsi tərəflərin razılığı və ya məhkəmə qaydasında ləğv edilməmişdir. Notarius sənədləri araşdırmadan, mübahisənin olub-olmamasını aydınlaşdırmadan icra qeydini vermişdir. Cavabdeh2 ilə iddiaçı arasında mübahisə olduğundan bu mübahisə yalnız məhkəmə qaydasında öz həllini tapa bilər. Etirazın dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. O, verdiyi izahatında göstərmişdir ki, hazırkı iddianın məqsədi isə icra qeydinin icrasının gecikdirilməsidir. İşin halları İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixində kredit müqaviləsi bağlanılmış, müqaviləyə əsasən Cavabdeh2 İddiaçı 6500 manat məbləğində pul borc vermişdir. Borc alan krediti xx.xx.2023-cü il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərilməsindən sonra qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada aparılır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən Cavabdeh2 xeyrinə İddiaçı 6500 manat tutulmasına dair xx.xx.2023-cü il tarixində icra qeydi aparılmışdır. Məhkəmə sorğusu üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixində aparılmış icra qeydinin və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, icra qeydinin aparılması üçün tərəflər arasında bağlanılmış kredit müqaviləsi notariusa təqdim edilmiş, bundan əlavə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş xx.xx.2023-cü il tarixində göndərilmişdir. İddia tələbinin hüquqi əsası: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. ...İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169- 1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”

1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli;

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, notarius tərəfindən icra qeydi qanunvericiliyin tələblərinə uyğun aparılmış, icra qeydinin aparılması üçün tərəflər arasında bağlanılmış müqavilə notariusa təqdim edilmiş, borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş vaxtında göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən İddiaçı barəsində aparılmış 8İ- 35379 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, icra qeydinin ləğvi üçün hər hansı əsas yoxdur. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı 8İ-35379 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh2 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı 8İ-35379 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar