Məhkəmə qərarları › İş №e-2(011)-184/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-184/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-184/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə tələbin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2022-ci il tarixli DKM/007N04A01427922/01/İP nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 26 iyul 2022-ci il tarixli DKM/007N04A01427922 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 30.177,03 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 4.317,20 manat məbləğində adi faizlər üzrə borc məbləği, 02 may 2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 437.39 manat məbləğində penya, cəmi 34.931,62 manat və 02 may 2024-cü il tarixindən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 194.80 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2022-ci il tarixli DKM/007N04A01427922 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Cavabdeh 72 ay müddətinə, illik 13% ödənilməsi şərtilə 32.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında sonuncuya məxsus Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçısahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 26 iyul 2022-ci il tarixli DKM/007N04A01427922/01/İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq olaraq xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (elektron) verilmişdir. Cavabdeh Kredit müqaviləsinin 2.4 bəndinə və həmin müqavilənin 1 nömrəli Əlavəsi olan Ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə annuitet ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, kreditin qaytarılması müddətinin bitməsinə baxmayaraq Kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borca hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixinə Borc alanın Kreditor qarşısında 34.494,23 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 30.177,03 manatını vaxtı keçmiş əsas borc, 4.317,20 manatını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil edir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən gecikdirilmiş məbləğə gecikdirmənin hər günü illik 15% dərəcəsi penya ödəməlidir ki, bu da xx.xx.2024-cü il tarixinə 437.39 manat təşkiledir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak obyekti hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeha İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli GNC-XO-19.7.2023-003 nömrəli bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli GNC-XO-25.7.2023-001 nömrəli ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilmişdir. İddiaçı tərəfindən Cavabdeh ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməliaddım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Eyni zamanda, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən, qərarda ipoteka predmetinin ilkin satışı qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılıqla seçdikləri və ipoteka müqaviləsində qeyd olunmuş ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) müstəqil qiymətləndiricilərdən birininin rəyinə müvafiq olaraq məhkəmə tərəfindən müəyyən edilməlidir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 iyul 2022-ci il tarixli DKM/007N04A01427922/01/İP nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracda satılsın və 26 iyul 2022-ci il tarixli DKM/007N04A01427922 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 30.177,03 manat məbləğində əsas borcu, xx.xx.2025-ci il tarixinədək kreditdən istifadəyə görə hesablanmış 7.989,57 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 4.674,75 manat məbləğində penya, cəmi 42.841,35 manat və xx.xx.2025-ci il tarixindən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 218.53 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, müstəqil qiymətləndiricinin müəyyən etdiyi məbləğ şişirdilmiş məbləğdir. Məhkəmə Ekspertizası Mərkəzinin müəyyən etdiyi məbləğ daha ağlabatandır. Onun hazırda həyat yoldaşı xəstədir və gəliri tələb edilən məbləği ödəməyə kifayət etmir. İşin faktiki halları: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla cavabdehin mülkiyyət hüququ tanınmışdır. ASC “Xalq” Bankı ilə Cavabdeh arasında 26 iyul 2022-ci il tarixli, DKM/007N04A01427922 saylı kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən cavabdehə illik 13% dərəcəsi ilə 72 ay müddətinə qaytarmaq şərtilə 32.000 manat məbləğində kredit verilmişdir. ASC “Xalq” Bankı ilə Cavabdeh arasında 26 iyul 2022-ci il tarixli, DKM/007N04A01427922/01/İP saylı ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən cavabdeh kredit müqaviləsinin təminatı olaraq Gəncə şəhəri, Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda heç bir şəxs yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə 72 ay müddətinə ASC “Xalq” Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Təqdim edilmiş maliyyə arayışından görünür ki, 09 aprel 2025-ci il tarixə cavadbehin banka olan əsas borcu 30.177,03 manat, faiz borcu 7.989,57 manat, cərimə borcu 4.674,75 manat olmaqla, ümumilikdə 42.841,35 manat təşkil edir. ünvan 2 ünvanlandığı ərizə ilə cavabdehin arvadı X1 şəhəri, Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evinin ASC “Xalq” Bankının xeyrinə ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. Bağlanmış ipoteka müqaviləsində tərəflər ipoteka predmetinin ilkin satış qiymətinin "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC tərəfindən müəyyən edilməsinə dair razılıqlarını ifadə etmişlər. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat, likvid dəyəri 75.000 manat olaraq müəyyən edilmişdir. Məhkəmədə işin araşdırılması zamanı tərəflər arasında əmlakın satış qiyməti ilə bağlı mübahisələr olmuşdur. Bu səbəbdən məhkəmə tərəfindən iş üzrə məhkəməqiymətləndirmə ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2024-cü il tarixli 10/4398-9/5483 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsində yerləşən sahəsi 0,0197 ha torpaq sahəsində inşa edilmiş 32 saylı, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 109.120 manat məbləğində, likvid dəyərinin isə təqribən 98.210 manat məbləğində təşkil etdiyi müəyyən edilir. İddiaçı Məhkəmə Ekspertizası Mərkəzinin rəyində qeyd edilən məbləğin ağlabatan olmadığını bildirərək iş üzrə müstəqil qiymətləndirmənin keçirilməsi barədə vəsatət vermişdir. Ekspertiza tərəfindən qiymətləndirmə aparılması mümkün olmadığından iş üzrə "xxxx" MMC tərəfindən mütəxəssis rəyi alınmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş 11 mart 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat, likvid dəyəri 64.000 manat olaraq müəyyən edilmişdir. Cavabdeh tərəfindən öhdəlik tam və vaxtında icra olunmamış, bank tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 158.1.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu: 27.3-cü madddəsinə əsasən, ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC “Xalq” Bankı ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin 26 iyul 2022-ci il tarixli DKM/007N04A01427922 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 30.177,03 manat məbləğində əsas və xx.xx.2025-ci il tarixinədək kreditdən istifadəyə görə hesablanmış 7.989,57 manat məbləğində faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 4.674,75 manat məbləğində cərimə borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdehlər tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq müəyyən edilmiş 4.674,75 manat cərimənin 1.000 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 45 manat məbləğində rüsumun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, iş materiallarında olan müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin surətindən görünür ki, ipoteka predmetinin qeydiyyata alınması ilə bağlı iddiaçı 45 (30+15) manat rüsum ödəmişdir. Odur ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2025-ci il tarixindən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penyanın Cavabdeh iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı hansı məbləğdə faiz və cərimə borcunu tələb etdiyini dəqiq göstərməmiş, həmin məbləğlərin nəyə əsaslanması barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan, təmin edilə bilməz. Məhkəmə iddia tələbinin 26 iyul 2022-ci il tarixli DKM/007N04A01427922/01/İP nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və ipoteka predmeti açıq hərracda satılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Məhkəmə araşdırması zamanı tərəflər arasında əmlakın satış qiyməti ilə bağlı mübahisələr mövcud olmuşdur. Bu səbəbdən məhkəmə tərəfindən iş materialları rəy verilməsi üçün həm dövlət ekspertiza mərkəzinə, həm müstəqil mütəxəssisin cəlb edilməsi ilə əmlakın yenidən qiymətləndirilməsi keçirilmiş, lakin tərəflər nə ekspert rəyi ilə, nə də müstəqil ekspertin müəyyən etdiyi qiymətlə razılaşmamışlar. Bu səbəbdən məhkəmə yaşayış sahəsinin dəyərinin müəyyən edilməsi zamanı tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin qiymətləndirici olaraq müəyyən etdikləri "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş rəyi sübut qismində qəbul edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat, likvid dəyəri 75.000 manat olaraq müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə mütəxəssis tərəfindən verilmiş mənzilin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/007N04A01427922/01/İP nömrəli İpoteka müqaviləsi üzrə Cavabdeh 30.177,03 manat əsas borc, 7.989,57 manat faiz borcu və 1.000 manat penya olmaqla, ümumilikdə 39.166,60 manat məbləğində borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 45 manat və ödənilmiş dövlət rüsumunun 198.86 manatı tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilməli, tələb ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinə yönəldilərək, açıq hərracda satılmalı və borc yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməli, ipoteka predmeti olan Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 75.000 manat məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 218.53 manat dövlət rüsumu ödəmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. Odur ki, 218.53 manat ödənilmiş dövlət rüsumunun 198.86 manatı cavabdehdən tutularaq iddiaçıya, 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməli, dövlət rüsumunun qalan 19.67 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/007N04A01427922/01/İP nömrəli İpoteka müqaviləsi üzrə Cavabdeh 30.177,03 manat əsas borc, 7.989,57 manat faiz borcu və 1.000 manat penya olmaqla, ümumilikdə 39.166,60 (otuz doqquz min yüz altmış altı manat altmış qəpik) manat məbləğində borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 45 (qırx beş) manat və ödənilmiş dövlət rüsumunun 198.86 (bir yüz doxsan səkkiz manat səksən altı qəpik) manatı tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilsin. Tələb ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinə yönəldilərək, açıq hərracda satılsın. Borc yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilsin və ipoteka predmeti olan Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 75.000 (yetmiş beş min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan 19.67 (on doqquz manat altmış yeddi qəpik) manatı iddiaçı ASC “Xalq” Bankının özünə aid edilsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar