Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1847/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2023-ci il tarixdə «Hoffmann» markalı soyuducunun nisyə alqı-satqısı barədə 04073743 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 660,06 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 36.67 manat müəyyən edilmişdir.
2. Alınan əşya cavabdehə xx.xx.2023-ci il tarixdə təhvil verilmişdir.
3. Həmçinin tərəflər arasında xx.xx.2024-ci il tarixdə «Xiaomi Poco» markalı mobil telefonun nisyə alqı-satqısı barədə 02137561 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 290.40 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 24.20 manat müəyyən edilmişdir.
4. Alınan əşya cavabdehə xx.xx.2024-ci il tarixdə təhvil verilmişdir.
5. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin birinci müqavilə üzrə əsas borcu 36 manat, cərimə borcu 10.80 manat, ikinci müqavilə üzrə əsas borcu 192,80 manat, cərimə borcu 57,84 manat təşkil edir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
6. İddiaçı xx.xx.2023-ci il tarixli müqavilə üzrə 36 əsas borc, 10.80 manat cərimə, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 192,80 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat, 57,84 manat cərimə borcu olmaqla, cəmi 321,04 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, cavabdeh «Hoffmann» markalı soyuducu almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 660,06 manat (18 ay + 36.67 manat + 0 manat ilkin ödəniş) olan «Hoffmann» markalı soyuducu üçün 36 ödənilməmiş əsas borcu və 10.80 manat cərimə borcu yaranmışdır. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, cavabdeh «Xiaomi Poco» markalı mobil telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 290,40 manat (12 ay + 24,20 manat + 0 manat ilkin ödəniş) olan «Xiaomi Poco» markalı mobil telefon üçün 192,80 manat ödənilməmiş əsas borcu və 57,84 manat cərimə borcu yaranmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
13. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
14. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
20. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
21. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləlsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.
22. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan müqavilələrdə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyaları almasına dair hüququndan istifadə etmiş, lakin onların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
23. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.
24. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
25. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə görə ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində cavabdeh (Müştəri) mübahisəsiz olaraq peniya ödəməyə borcludur. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən aydın olur ki, iddiaçı müqavilə üzrə gecikdirilimiş müddət üçün cavabdehdən güzəştlə cəmi 68,64 manat tələb etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb edilən cərimə qanunauyğun olmaqla, həm də ağlabatandır.
26. Məhkəmə iddia tələbinin 23,60 manat məbləğində innovativ Layihələr Mərkəzi rüsumunun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandırmamış, hansı əsasla həmin pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsini təsdiq edəcək sübutlarını iddia ərizəsinə əlavə etməmişdir.
27. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. xx.xx.2023-ci il tarixli müqavilə üzrə 36 əsas borc, 10.80 manat cərimə, xx.xx.2024ci il tarixli müqavilə üzrə 192,80 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat, 57,84 manat cərimə olmaqla, cəmi 321,04 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı