Məhkəmə qərarları › İş №e-2(011)-1850/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1850/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1850/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 89800 manat məbləğində borcun və 359,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadeh Cavabdeh 2014-cü il tarixindən tanıyır, həmin vaxtdan dostluq münasibətləri yaranıb. Uzun müddət birilikdə çalışmışlar, daha sonra isə birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Cavabdeh 2020-ci il tarixində ev almaq istədiyini, lakin ailə vəziyyəti ilə bağlı xərclərinin çox olmasını və buna görə də ilkin ödənişi olmadığını bildirdi. Cavabdeh azyaşlı övladı və ailəsi ilə birikdə kirayə yaşayırdı. İddiaçı da bir dost kimi ona mənzilin alınmasında yardımçı oldu və Bakı şəhəri,Xətai ray., Sadıqcan 15, mən.34 ünavnında yerləşən mənzilin ipoteka ilə alınması üçün ilkin ödəniş olaraq 2020-ci ilin avqust ayının sonlarında 33000 manat məbləğində pul vəsaitini borc olaraq cavabdehə nağd şəkildə verdi. Cavabdehlə imkanı olduqca borc məbləğinin geri qaytarılmasını şərtləşdirmişdilər. Sonralar cavabdeh həmin məbləğdən müxtəlif tarixlərdə 2700 manat qaytarsa da tam olaraq borcu qaytarmayıb. Sonra cavabdeh iddiaçıdan xahiş etdi ki, onun hal-hazırda xərcləri çox olduğu üçün ipoteka borcunun qaytarılmasında ona köməklik etsin. Yaxın dost olduqları üçün və maddi məsələlərə görə ailəsində problem yaranmasın deyə onunla belə razılaşdı ki, iddiaçı ipoteka borcunun bağlanmasında imkanı olduqca ona köməklik edəcək ki, əlavə faizlər ödəməsin, sonra ipoteka borcu bitdikdən sonra o borcunu iddiaçıya qaytaracaq. Bu səbəbdən bir neçə dəfə də mənzilin ipoteka ödənişini ödəmək üçün cavabdehə borc olaraq pul vəsaitləri vermişdir. Belə ki, 2021-ci ilin may ayında 2500 manat, 2021-ci ilin avqust ayında 9000, dekabr ayında isə 3000 manat, 2023-cü ilin avqust ayında 28000 manat, 2024-cü ilin mart ayında 5000 manat, sentyabr ayında isə 12000 manat, ümumi olaraq 59500 manat məbləğində pul vəsaitini cavabdehə borc olaraq vermişdir. Bununla da tərəfindən cavabdehə ilkin ödənişlə birgə 92500 manat borca pul verilib. Cavabdeh isə həmin puldan yalnız 2700 manatını geri qaytarıb və iddiaçıya hazırda 89800 manat pul borcludur. Cavabdeh sonuncu dəfə iddiaçıdan 12000 manat pulu istədikdə bildirdi ki, bu ipotekanın sonuncu ödənişidir, əgər iddiaçı o pulu versə, o ipoteka üzrə faizlər verməkdənsə elə iddiaçıya olan borcunu qaytarmağa başlayacaq. İddiaçı da razılaşdı. Lakin aradan 4 ay keçməsinə baxmayaraq cavabdeh hər dəfə bəhanələr gətirərək pulu ödəməkdən yayınır. Borcun verilməsini təsdiq edən sübutları var. Tərəflə borcun qaytarılması tələbi ilə bağlı whatsapp yazışmaları da var, məhkəmə hazırlıq iclasında təqdim edəcək. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, barışığın bağlanmama səbəbi odur ki, borcun ödənilməsi müddətində razılığa gəlmək mümkün olmamışdır, bu halda hissəvi barışıq sazişinin bağlanması baş tutacaqdır. Adətən vəkillər pul tələbi hallarında ilk öncə polisə müraicət edir ancaq tərəflər dost olduqları üçün iddiaçı buna razı olmadı. Onlar illərin dostudurlar, iddiaçı özü də utanırdı pula görə cavabdehə qarşı məhkəmədə iddia qaldırsın. 2014-cü ildən dostluq edirlər, 2020-ci ildə ipoteka üçün iddiaçı cavabdehə ilkin ödəniş üçün pul verib, cavabdeh 2700 manat qaytarıb. Daha sonra cavabdeh təklif etmişdir ki, iddiaçı ona pulu versin, cavabdeh isə əvvəlki borcu da daxil olmaqla ümumi şəkildə hissəvi olaraq qaytarsın. İddaçı tərəfindən 2700 manatı çıxmaqla, cavabdehə 89800 manat pul verilmişdir. Borc qaytarılmadığına görə məhkəməyə müraicət etmişdir. 89800 manat və dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdehin nümyaəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, cavabdehin birdəfəlik ödəməyə imkanı yoxdur, vaxt tələb edir. Cavabdeh borcu qəbul etmişdir. Avtomobilini satışa qoyub, əgər satılarsa 25000 manat qaytaracaq. Cavabdeh borcu qəbul edir, lakin birdən qaytarmağa maddi imkanı yoxdur. İş materiallarında olan: İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 360 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Ona görə ki, məhkəmə ilk növbədə, cavabdehin iddiaçıdan iddia ərizəsində qeyd olunan məbləğdə vəsaitin götürməsini qeyd etdiyini nəzərə alaraq, iddiaçının cavabdehə pul verməsi, bunun müqabilində cavabdehin iddiaçıya borcunun yaranması ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, cavabdehin nümayəndəsi və vəkili cavabdehin borcu qəbul etdiyini bildirərək qeyd etmişdir ki, cavabdeh borcu qəbul edir və qaytaracaq, hazırda qaytarmağa imkanı yoxdur, lakin avtomobilini 1 aya yaxındır ki, satışa qoymuşdur, satıldıqdan satışdan əldə edilən pulu iddiaçıya verəcək. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc pul almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin pulu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə borc pul almasına dair hüququndan istifadə etmiş, 92500 manat pulu almış, həmin borcdan 2700 manatı qaytararaq, lakin qalan 89800 manat pulun qaytarılmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən məbləğlin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh iddiaçıdan pul almış və pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pulu ona ödəməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 89800 (səksən doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş 360 (üç yüz altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar