Məhkəmə qərarları › İş №e-2(011)-1874/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1874/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1874/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “SHACMAN SX3315DV326 YÜK” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri Xətai rayonu Babək prospektində fəaliyyət göstərən Cavabdeh MMC-dən (VÖEN: № **********) lizinq müqaviləsi əsasında əldə etmişdir. O avtomobilin dəyərini tam ödədiyindən mülkiyyətçisinə çevrilmişdir. Bununla bağlı cavabdeh təşkilat Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə №1300, xx.xx.2023-cü il tarixli məktub ünvanlamışdır. Lakin başqa mülki işlə əlaqədar nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilmiş, İddiaçı şikayəti əsasında özgəninkiləşdirilmə ilə bağlı qadağa götürüldükdən sonra isə cavabdeh təşkilatın vəzifəli səlahiyyətli şəxsləri nəqliyyat vasitəsini İddiaçı verməkdən imtina etmişlər. Qeyd olunanlara əsasən iddiaçı “SHACMAN SX3315DV326” markalı, **-JU-*** qeydiyyat nömrəli avtomobilin mülkiyyətçisi hesab edilir. Lakin buna baxmayaraq cavabdeh təşkilatın vəzifəli şəxsləri qeyd olunan avtomobili özbaşnalıq edərək qanunsuz olaraq sahiblənmiş və başqa şəxsə satmışlar. Qeyd olunanlara əsasən iddiaçıya maddi zərərin cavabdeh təşkilatın qanunsuz hərəkəti nəticəsində vurulması işin mübahisəsiz hallarıdır. Ona görə də hesab edir ki, baş vermiş delikt nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi işin məhkəmə aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz edərək, iddiaçının fərdi sahibkar olduğunu və yük maşınından da sahibkarlıq məqsədləri üçün istifadə edəcəyini bildirmiş, lakin eyni zamanda qeyd etmişdir ki, hazırki mübahisə tərəflər arasında olan lizinq müqaviləsindən deyil, artıq iddiaçının mülkiyyəti sayılan nəqliyyat vasitəsinin qanunsuz olaraq başqa şəxsə satılmasından, yəni deliktdən irəli gəldiyindən işə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, İddiaçı fərdi sahibkar kimi vergi orqanında uçota alınmış fiziki şəxs, Cavabdeh MMC isə vergi ödəyicisi kimi qeydiyyata alınmış kommersiya hüquqi şəxsdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarı:

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Beləliklə, məhkəmə iş üzrə hər iki tərəfin sahibkarlıq fəaliyəti ilə məşğul olduğunu, mübahisəli nəqliyyat vasitəsinin yük maşını olduğunu və iddiaçının nəqliyyat vasitəsini əldə etmək istəyində məqsədinin gələcəkdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində istifadə etmək olduğunu nəzərə alaraq, hesab edir ki, mübahisənin tərəflər arasında yaranmış lizinq müqaviləsindən və ya deliktdən irəli gəlməsindən asılı olmayaraq, hazırki mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 32, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar