Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1883/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 7.174,88 manat məbləğində kredit borcu, 1.478,26 manat məbləğində faiz borcu və 1.793,72 manat məbləğində cərimə olmaqla, cəmi 10.446,86 manat məbləğində borcun və ödənilmiş 121.34 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 31 oktyabr 2019cu il tarixdə bağladığı 002R********** saylı uzunmüddətli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 120 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 31 oktyabr 2019cu il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31 avqust 2020-ci il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə gecikdirmiş, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03 may 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 2.825,12 manat ödəmiş, onun 7.174,88 manat məbləğində kredit borcu qalmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh İddiaçı QSC ilə 31 oktyabr 2019-cu il tarixdə bağladığı 002R********** saylı uzunmüddətli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 120 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 31 oktyabr 2019-cu il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31 avqust 2020-ci il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə gecikdirmiş, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03 may 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 2.825,12 manat ödəmiş, onun 7.174,88 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehə borcla bağlı xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Cavabdeh kredit razılaşması üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı QSC ilə arasında bağlanmış kredit razılaşması əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin razılaşma üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh razılaşma üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə iddianın əsas və faiz borcunun cavabdehdən tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə, yuxarıda adı çəkilən razılaşma üzrə hesablanmış 1.793,72 manat cərimənin tənasübsüz surətdə yüksək olmasına əsaslanaraq onun 100 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7.174,88 manat əsas, 1.478,26 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 8.753,14 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 121.34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən 102 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməli, qalan 19.34 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7.174,88 (yeddi min yüz yetmiş dörd manat səksən səkkiz qəpik) manat əsas, 1.478,26 (bir min dörd yüz yetmiş səkkiz manat iyirmi altı qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 8.753,14 (səkkiz min yeddi yüz əlli üç manat on dörd qəpik) manat pul vəsaiti və 102 (bir yüz iki) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan 19.34 (on doqquz manat otuz dörd qəpik) manat dövlət rüsumu İddiaçı QSCnin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1883/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1883/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver