Məhkəmə qərarları › İş №e-2(011)-1907/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1907/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1907/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ASC (Bundan sonra Bank) ilə Cavabdeh1 arasında xx.xx.2014-cü-ci il tarixdə 982/14USD saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, illik 29% olmaq şərtilə, 7700 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 427 manat müəyyən edilmişdir. Cavabdeh aldığı krediti qismən qaytarmışdır.

2. xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi üzrə 2 saylı Əlavə saziş imzalanmış, Sazişə əsasən cavabdehin qalıq krediti manata konvertasiya edilməklə 3241,10 manat hesablanmış, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır.

3. Həmçinin, Bank ilə cavabdeh Ruslan Əhmədov arasında xx.xx.2014-cü-cu il tarixdə 982/14USD saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Ruslan Əhmədov xx.xx.2014-cü-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər. xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsinə 2 nömrəli Əlavə saziş imzalanmışdır.

4. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı 805.79 manat əsas, 1177.13 manat faiz, 2034.12 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 108.57 manat faiz borcu və iş üzrə ödənilmiş 61.26 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan "Dəmir Bank” ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış kredit Müqaviləsi üzrə cavabdehə əsas vəsaiti artırmaq məqsədilə kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Əsas vəsaiti artırmaq” məqsədilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyıcıləri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə Cavabdeh1 vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh1la kredit verilərkən X3 arasında 982/14 USD nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişə borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı manata konvertasiya edilməklə (1 USD=1.50 AZN) 3241.10 manat hesablanmışdır. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********218 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə ödənişi xx.xx.2017-ci etmişdir. Bank tərəflər arasında öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4125.61 manat təşkil edir. Bundan 805.79 manat əsas, 1177.13 manat faiz, 2034.12 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 108.57 manat faiz borcu təşkil edir.

b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdeh1 məhkəmə baxışı zamanı izahat verərək iddia tələbini tam qəbul etdiyini bildirdi.

10. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməmsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

17. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

18. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

19. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

25. Məhkəmə cavabdehdin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

26. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, Bankla Cavabdeh1 arasında xx.xx.2014-cü-ci il tarixdə 982/14USD saylı kredit müqaviləsi bağlanmış, cavabdehə 24 ay müddətinə illik 29% dərəcəsi ilə 7700 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonrada tərəfər arasında bağlanmış 2 saylı Əlavə Sazişlı qalıq kreditin məbləği manata konvertasiya edilərək, 3241,10 manat hesablanmış, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Lakin Cavabdeh1 müqavilə şərlərini pozmaqla, öhdəlyini tam icra etməmişdir.

27. Məhkəmənin qənaətinə görə iddia kredit borcunun Cavabdeh1 tutulması hissəsində qismən əsaslıdır.

28. Belə ki, borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

29. İşin mübahisəsiz halıdır ki, Bankla cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.

30. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 805,79 manat, faiz borcu üzrə 1177,13 manat, 2034,12 manat cərimə, 108,57 manat gecikdirilmiş faiz məbləği olmaqla, cəmi 4125,61 manat kredit borcunun olması göstərilmişdir.

31. Məhkəmə qeyd edir ki, Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında Cavabdeh1 Bankdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

32. Məhkəmə hesab edir ki, iddia tələbi 2034,12 manat məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

33. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 2034,12 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 70 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

34. Məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği qismində 108,57 manat pulun tələb edilməsi hissəsində də əsaslıdır.

35. İşin yuxarıda qeyd edilən hallarından da görünür ki, Bankla Cavabdeh1 arasında müqavilə (2 saylı Əlavə Saziş) xx.xx.2017-cü il tarixdə xx.xx.2020-ci il tarixədək bağlansa da, cavabdeh öhdəliyini yerinə yetirməyərək nə müqavilə müddəti bitənədək, nə sonrakı müddətdə borcunu tam ödəməmişdir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

37. Mülki məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddəyə əsasən zaminliyə digər əsaslarla bərabər zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

38. Bankla zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin qüvvədə olduğu müddət göstərilmişdir. Belə ki, zaminlik müqaviləsinin 5.1.4-cü bəndində göstərilir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir.

39. Bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə sonuncu dəfə imzalanmış xx.xx.2017-ci il tarixli 2 nğmrəli sazişə əsasən kredit müqaviləsinin müddəti 36 ay, yəni xx.xx.2020-ci il tarixdək uzadılmışdır. Başqa sözlə, borclu Cavabdeh1 Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin icra müddəti xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi, qeyd edilən qanunverilik normasına əsasən əsas öhdəliyin icra müddəti müəyyənləşdirilmiş müqavilələr üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmək hüququ vardır. İddiaçı isə hazırki mübahisə üzrə zamin Cavabdeh2 qarşı iddianı xx.xx.2021-ci ilə qədər irəli sürə biləcəyi halda, xx.xx.2023-cü il tarixdə həm əsas borcluya, həm də zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da zaminə qarşı iddia irəli sürmək hüququndan qanunda göstərilən müddət ərzində istifadə etməmişdir. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi zamin X1 aid hissədə təmin edilə bilməz.

40. Məhkəmə hesab edir ki, 61,26 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 52%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 805,79 manat məbləğində əsas, 1177,13 manat faiz, 70 manat cərimə, 108,57 manat gecikdirilmiş vaxt üçün faiz olmaqla, cəmi 2161,49 manat pul məbləği, həmçinin ödənilmiş 31,85 manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə, habelə Cavabdeh2 aid hissədə təminedilməsin. Ödənilmiş dövlət rüsumunun 29,41 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar