Məhkəmə qərarları › İş №e-2(011)-1915/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1915/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1915/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddiasına, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə kredit müqaviləsi bağlamışdır. Müqavilə Bakı şəhəri, 9 saylı notariat ofisində 3M-220 nömrə ilə qeydə alınmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 3 il 9 ay müddətinə 150000 ABŞ dolları həmin vaxtda manatla kurs üzrə (1 ABŞ dolları=1.57 manat) 235500 manat pul borc vermişdir. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, almış olduğu borcu kredit müqaviləsində göstərilən forma və məzmunda icra etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə qaytarmalı olduğu borcun bir hissəsini, yəni 2016-cı il üzrə - noyabr 2016 -1000 manat, dekabr 2016- 500 manat, 2017ci il üzrə - yanvar 2017-300 manat ,fevral 2017-500 manat, mart 2017- 650 manat, aprel 2017-700 manat, may 2017-300 manat, iyun 2017-300 manat, avqust 2017-400 manat, sentyabr 2017-500 manat, oktyabr 2017-600 manat, noyabr 2017-600 manat, dekabr 2017-600 manat, 2018-ci il üzrə - 17 fevral 2018-300 manat, 25 fevral 2018-400 manat, 16 mart 2018 - 200 manat, 05 aprel 2018-500 manat, 23 may 2018-300 manat, 02 iyul 2018- 500 manat, avqust 2018-500 manat, sentyabr 2018-600 manat, oktyabr 2018-300 manat, noyabr 2018-1000 manat, 2019-cu il üzrə - yanvar 2019-400 manat, mart 2019-500 manat, may 2019- 400 manat, iyun 2019-300 manat, iyul 2019- 700 manat, sentyabr 2019-500 manat, oktyabr 2019-600 manat, dekabr 2019-1200 manat, 2020-ci il üzrə yanvar 2020-800 manat, fevral 2020-500+500=1000 manat, 20 mart 2020-300 manat, 28 aprel 2020-400 manat, 21 may 2020-500 manat, 25 may 2020-500 manat, 15 iyun 2020- 500 manat, 13 iyul 2020-500 manat, 22 avqust 2020-500 manat, 05 oktyabr 2020-500 manat, 24 oktyabr 2020-700 manat, 26 noyabr 2020-1200 manat 2021-ci il üzrə - 24 yanvar 2021-700 manat, 26 fevral 2021-700 manat, 16 mart 2021-500 manat,19 may 2021-500 manat, 09 iyul 2021-700 manat, 03 avqust 2021-600 manat, 28 avqust 2021- 700 manat, 25 sentyabr 2021-700 manat, 28 oktyabr 2021-700 manat, 26 noyabr 2021- 700 manat, 2022-ci il üzrə 05 yanvar 2022-700 manat, 29 yanvar 2022-500 manat, 26 fevral 2022-700 manat, 28 mart 2022-700 manat, 15 aprel 2022-400 manat, 27 aprel 2022-300 manat, 06 may 2022-300 manat, 18 may 2022-200 manat, 01 iyun 2022-300 manat, 12 iyun 2022-200 manat, 06 iyul 2022-500 manat, 16 avqust 2022-700 manat, 17 sentyabr 2022-500 manat, 22 oktyabr 2022-500 manat, 15 noyabr 2022-400 manat, 05 dekabr 2022-300 manat, 28 dekabr 2022-200 manat, 2023-cü il üzrə 19 yanvar 2023-700 manat miqdarda geri qaytarmışdır. xx.xx.2023-cü il tarixdə borclu CavabdehAbdulla oğlu ilə borc verən İddiaçı arasında borcun son qalıq miqdarının dəqiqləşdirilməsinə dair iki tərəfli akt tərtib olunmuşdur. Həmin aktla borc alan Cavabdeh bir daha 235500 manat borcu olduğunu bildirmiş və eyni zamanda sonuncu ödənişin xx.xx.2023-cü il tarixdə 700 manat olmaqla ödəniş etdiyini, xx.xx.2023-cü il tarixə yekun olaraq 197450 manat borcunun qaldığını etiraf etmişdir. Tərəflər arasında bağlanmış bu akt borc alan Cavabdeh və borc verən İddiaçı qarşılıqlı imzaları ilə bir daha təsdiq olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 197450 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 488 manat pulun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı uzun illərdir ki, onunla dostluq edən şəxs olmuşdur. İddiaçı ilə 2013-cu ildən birgə kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Həmin illərdə Cavabdeh Xətai rayonunda kafe (təndir evi ) və Düşpərə sexini işlətmişdir. İlkin fəaliyyətə başladığı dövrdə Fərid ona 50.000 manat və 100 ABŞ dolları dəyərində onda ABŞ dolları 78 qəpiyə olduğundan 78.000 manat pul vəsaitini (ümumilikdə 128.000 manat) işləməklə ona faizlə pulu ödəməyini təklif etdiyinə görə onunla razılaşmışdır. 2016-cı ilə qədər olan müddətdə o, Fəridə əvvəllər hər ayda 6-7, sonra isə 10-15 min manat pul ödəməklə ümumilikdə ona 330 000 manat pul qaytarmışdır. Ondan sonra kafe fəaliyyətini ziyana işlədiyinə görə həmin fəaliyyətini dayandırmışdır. Fəridə aldığı pulla bağlı faiz verməyi qurtarmaqla bu söhbətə də son qoyulmuşdur. 2016-cı ilin fevral ayında Fərid ona pis vəziyyətdə olduğunu, dayısının evini Banka girov qoyaraq 150.000 ABŞ dolları götürüb həmin pulla kommersiya işlərini görsə də, fəaliyyəti uğursuz alındığından pulları itirmiş və ziyana düşmüşdür. Dayısı isə həmin pulları Fəriddən istəmişdir. Ona kömək etməyini xahiş etməklə dayısını inandırmaq istəmişdir ki, pulları iş görmək üçün qoymuşdur. Rasim buna görə nə etməli və ona necə kömək edə biləcəyini soruşduqda Fərid onunla birlikdə notariusa gedib kredit müqaviləsini (borca pul almağı barədə) bağlamağını, həmin müqaviləni isə dayısına göstərməklə, onu inandırmaq istədiyini bildirmişdir. Rasim Fəridlə dost olduğuna görə ona kömək etmək qənaətinə gəlmişdir. Ona görə də Fəridlə birlikdə Nərimanov rayonundakı 9 saylı notariat ofisinə gedib belə bir müqavilə imzalamışdır ki, guya Fərid ona 150.000 ABŞ dollarını 235500 manat borc verir. Əslində isə heç bir pul məbləği ortada olmamışdır. Sadəcə həmin müqaviləni dayısına göstərməklə vaxt qazanmasından ötrü bağlamışdır. Hətta müqaviləni rəsmiləşdirən notarius onlara əgər real pul yoxsa bu müqavilənin heç bir əhəmiyyəti olmadığını bildirdikdə belə Fərid notariusa bunu sadəcə öz aralarında bağladıqlarını bildirmişdir. Belə bir pulun Rasimə verilməsi olmuş olsaydı bu bank vasitəsilə olunacaq və notariat sənədlərində də əksini tapacaqdı. Ondan bir müddət sonra 2016-cı ilin noyabr ayında Nərimanov rayonunda 9 saylı notariat ofisinin yaxınlığında Fəridlə görüşərkən Fərid pula möhkəm ehtiyacı olduğundan Rasimdən ona 40-50 min manat pulun verilməsində kömək etməyini xahiş etmişdir. Fəridin əvvəllər ona gördüyü işlərlə bağlı yardımçı olduğunu və dostluq münasibətləri olduğundan ona hər ay müəyyən qədər lazım olan məbləğdə pul verə biləcəyini bildirmişdir. Fərid buna razı olduğunu bildirdiyinə görə 2016-cı ilin noyabr ayından başlayaraq hər ay ona müəyyən məbləğ pul verməyə başlamışdır. Fərid isə ona çətin günlərində kömək əlini uzatdığına görə Rasimə minnətdarlığını bildirmişdir. Bundan sonra Fərid hissə-hissə 2023-cü ilin yanvar ayı da daxil olmaqla 46650 manat pul vermişdir. Bu ilin yanvar ayında Fəridlə Nərimanov rayonundakıı Motin otelinin restoranında görüşəndə Fərid Rasimin verdiyi pulları cədvəl halında yazmağını, bunu dayısına göstərəcəyini və gələcəkdə ondan almış olduğu pulun məbləğinin bilməsindən ötrü etdiyini bildirdi, Rasim də etiraz etməmişdir. Bundan sonra da fevral ayında da daha 5000 manat Fəridə pul vermişdir. Ümumilikdə, Fəridə bu dövrlər ərzində 51650 manat pul vəsaitini vermişdir. İddiaçı ondan pul tələbinə dair Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonradan Rasim dostu İddiaçı bu sadəlövlüyündən istifadə etdiyini və həmin sənədləri məhkəmə vasitəsi ilə ondan pul tələb etməsinə görə hazırladığını bilmişdir. Ona görə də bununla bağlı Bakı şəhəri Nərimanov rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. İşdə əsas olan bağlanmış “kredit müqaviləsi”nin bağlanan zaman həmin müqavilənin 2-ci bəndindən görünür ki, İddiaçı onunla bağladığı “kredit müqaviləsi”nin 3 il 9 ay müddətinə bağlandığı və xx.xx.2019-cu il tarixdə “Borc verənə” qaytarmağı öhdəsinə götürməsi göstərilmişdir. Müqavilə şərtlərinə görə həmin müddətin xx.xx.2019-cu ildə tamalanmasına baxmayaraq, borc verən iddia tələbini həmin müddətdən 3 illik iddia müddəti keçdikdən sonra 30 yanvar 2023-cu il tarixdə iddia tələbi qaldırması iddia müddətinin keçməsini göstərir. Buna görə də həmin iddia icraata qəbul olunmamalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı göstərilənləri nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsi, bununla bağlı qəbul olunmuş müvəqqəti təminat tədbirinin ləğv olunması və 51650 manat pul vəsaitinin 245 manat dövlət rüsumunun, 100 manat müdafiə xərclərinə görə sərf olunan pul vəsaitlərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh pul tələbinə dair iddiası istinad etdiyi əsassız bağladıqları kredit müqaviləsinin etibarsız əqd hesab edilməsi, iddia müddətini ötürdüyünə görə təmin olunmaması, bununla bağlı qəbul olunmuş müvəqqəti təminat tədbirinin ləğv olunması və onun Cavabdeh almış olduğu 51650 manat pul vəsaitinin, 245 manat dövlət rüsumu və 100 manat müdafiə xərclərinə görə sərf etdiyi pul vəsaitlərinin Cavabdeh qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə etiraz edərək, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin 25 may 2023-cü il tarixli iclasında ilkin iddia tələbi üzrə İddiaçı izahatında bildirmişdir ki, 50000 dolları əlyazma ilə Cavabdeh vermiş, sonradan 100000 dolları verəndə ikisinin birlikdə müqaviləsini bağlamışlar. Pulu Rasimə işlə bağlı vermiş, borc müqaviləsi bağlamış və hər 3 aydan bir 10000 dollar ödəməyi şərtləşdirmişlər. Cavabdeh onu aldatmış xırda ödənişlər etmişdir. Həmin dövrdən bu günə kimi Rasim Fəridə 38050 manat pul ödəmişdir. Cavabdehin ödəniş etməsi dayanmamış, lakin o, bir ömür 200-300 manat ödəyəcəkdi. O, dəfələrlə Rasimə toplu ödəniş etməsini bildirmişdir. O, 150000 dollar tələb edir, həmin vaxt dolların kursu 1.50 idi. O, xırda-xırda aldığı pulu verdiyi pulun mənfəəti kimi qəbul edir, həmin məbləğləri borcdan silmir və 150000 dollar tələb edir. O, Rasimin qardaşı ilə münasibətdə olmuşdur. Onun dövriyyəsiylə maraqlanmış və işlər gördüyünü görüb ona inanmışdır. 200000 dollar da Rasimin qardaşı ondan pul almışdır. Qardaşı həbsə düşmüş, Şəki türməsində 8 il cəza çəkmişdir. Rasim ondan pul istəyərək, işləyib qardaşının da borcunu qaytaracağını bildirmişdir. O, heç Rasimə verdiyi pulu ala bilməmişdir, nəinki qardaşının borcunu. Məhkəmə iclasında çıxış edən qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda ilkin iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi əlavə olaraq izahatında bildirmişdir ki, tələb əsassızdır. Kredit müqaviləsi bağlanan zaman heç bir pul verilmə-alınma məsələsi olmamışdır. Bunu notarius da istintaq orqanında verdiyi ifadəsində təsdiq etmişdir. Fərid Rasimə pula ehtiyacı olduğunu demiş, Rasim də ona ayda 500-600 manat pul verə biləcəyəni bildirmişdir. Bu minvalla Rasim Fəridə 51000 manat pul vermişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, onun Fəridlə keçən ilin dekabr ayına kimi münasibətləri yaxşı olmuşdur. Hətta Fərid onu oğlunun toyuna çağırmışdır. Onu məhkəməyə verənə kimi bu məsələdən məlumatı olmamışdır. 2016-cı ilə qədər Fəridlə işləri olmuş, 2016-cı ildə böhran olmuş və onlar işləri dayandırmışlar. Fərid ona bildirmişdir ki, o, dayısının obyektlərini girov qoyub kredit götürmüşdür. Fərid ona birlikdə notariusa getmələrini, notariusda ona 150000 dollar borcunun olmasını yazmasını, amma pulun Rasimdə olacağını bildirmişdir. Onlar müqaviləni bağlamış və ondan sonra problem olmamışdır. İddiaçı məhkəməyə təqdim etdiyi borcun qaytarılması qeyd edilmiş vərəqlər və qəbz eyni gündə - xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Belə ki, Fərid onu əmin etmişdir ki, bu vərəqləri dayısına göstərməlidir. Sonradan başa düşmüşdür ki, Fərid məhkəməyə müraciət etmək üçün ona bu vərəqləri imzalatdırmışdır. Qəbzdə sonuncu ödənişin xx.xx.2023-cü il tarixdə 700 manat olduğu göstərilsə də, həmin günü onun tərəfindən pul ödənilməmişdir.Bir müddət sonra bilmişdir ki, Fərid ona qarşı məhkəmədə iddia qaldırmışdır. Bundan əsəbiləşərək polisə şikayət etmişdir. Polisdə izahat vermiş notarius da təsdiq etmişdir ki, həmin müqavilə bağlanarkən ona hər hansı pul məbləği verilməmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 17 fevral 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 150000 ABŞ dolları həmin vaxtda manatla kurs üzrə (1 ABŞ dolları=1.57 manat) 235500 manat məbləğində pul vermiş, borc alan krediti 3 il 9 ay müddətinə - 17 noyabr 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı yaxın dostu olmuşdur. 2013-cü ildə birgə kommersiya fəaliyyəti ilə məşğul olmuşlar. İddiaçı kommersiya fəaliyyətinə 50.000 manat və 78000 manat təşkil edən 100.000 ABŞ dolları sərmayə qoymuş, birgə fəaliyyətləri zamanı ona 330000 manat ödəmişdir. 2016-cı ildə Fərid ona çətin maddi vəziyyətə düşdüyünü, dayısının evini girov qoyub 150.000 manat kredit götürdüyünü, lakin kommersiya fəaliyyəti uğursuz olduğundan zərərə düşdüyünü, dayısının krediti qaytarmağı tələb etdiyini bildirib ona maddi kömək göstərməsini xahiş etmişdir. İddiaçı təklifi ilə dayısına göstərmək üçün notariat qaydada kredit müqaviləsi bağlamağı razılaşdırmışlar. Nərimanov rayon ərazisində yerləşən 9 saylı Notariat kontorunda 235000 manata kredit müqaviləsi bağlamışlar. 2016-cı ilin noyabr ayında Fəridin xahişi ilə 2016-cı ilin noyabr ayından 2023-cü ilin fevral ayı daxil olmaqla ona aybaay olmaqla cəmi 51650 manat ödəmişdir. Fərid ona verilən pullara cədvəl tərtib etməyi, həmin cədvəli dayısına göstərəcəyini bildirib və almış olduğu pulun məbləğinin qurtarmasına görə imzalmağı xahiş etmişdir. Sonradan məlum olmuşdur ki, Fərid onu aldatmış və məhkəmədə iddia qaldırmaq üçün cədvəl tərtib etdirib imzalatdırmışdır. İddiaçı isə izahatında bildirmişdir ki, Rasim Ağayevin qardaşı Ruslan Ağayevin ona 200.000 manat borcu yaranmış, lakin o, həbs edildiyinə görə borcu ödəyə bilməmişdir. Yaranmış borcla əlaqədar Ruslanın qardaşı Rasim ilə görüşəndə o, qardaşının borcunu ödəyə bilmədiyini söyləyib birgə kommersiya fəaliyyəti ilə məşğul olmağı təklif etmişdir. Birgə bizneslə məşğul olmaq üçün Cavabdeh əvvəl Binəqədi rayonu 7-ci mikrorayonda yerlşən ofisində 50.000 manat, sonradan fəaliyyətini genişləndirmək üçün 100.000 ABŞ dolları vermişdir. Rasim ilk vaxtalarda ona müəyyən gəlir versə də, sonradan devidentləri ayda 300-400 manata qədər azaltmışdır. İddiaçı pulunun qaytarılmamasını görüb Cavabdehlə 9 saylı Notariat kontorunda 150.000 ABŞ dollarına kredit müqaviləsi bağlamışdır. Həmin vaxtdan Rasim 43150 manat borcu qaytarmışdır. Borcun 38050 manatı qaytarıldıqdan sonra İddiaçı Xətai Rayon Məhkəməsində borcun qaytarılmasına dair iddia qaldırmış və məhkəmə prosesi ərəfəsində Ramiz əlavə 5000 manat ödəmişdir. Hazırda bununla bağlı məhkəməyə verdiyi iddia üzrə iş məhkəmə icraatındadır. İddiaçı təqdim etdiyi iltizamdan və kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı həqiqətən 150000 ABŞ dolları borcu olmuş, həmin borcun 38050 manatını hissə-hissə ödəmiş 197,450 manat borcu qalmışdır. Araşdırma zamanı izahatı alınmış 9 saylı notariat ofisinin notariusu X1 Fərid Bəbir oğlunun Cavabdeh ilə bağladığı kredit müqaviləsinin formal olaraq bağlandığını təsdiq etmişdir. Bu isə həmin kredit müqaviləsi bağlanılan zaman İddiaçı Cavabdeh hər hansı pul vəsaitinin verilməməsini bir daha təsdiqləmiş olur. Belə olduğu halda həmin müqavilə etibarsız müqavilə hesab olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 150000 dollar (235.500 manat) pul götürmüşdür. Bu puldan 38050 manat ödəmiş, 197.450 manat borcu qalmışdır. Bu pulu hissə-hissə ödəyəcəkdir. Sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 700 manat olmuşdur. İş materiallarında olan ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qarşılılıqlı iddiaya etiraz ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia qaldırmışdır və mülki iddia üzrə iş Xətai Rayon Məhkəməsində baxılmaqdadır. Cavabdeh xx.xx.2023-cü il tarixdə mülki iş üzrə qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbi İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiasının əsassız hesab olunması və müddətin ötürülməsi ilə əlaqədar təmin edilməməsi, bununla bağlı qəbul edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi və İddiaçı Cavabdeh aldığı 51650 manat pul vəsaitinin, 245 manat dövlət rüsumunun və 100 manat müdafiə xərclərinə görə sərf etdiyi pul vəsaitlərinin Cavabdeh qaytarılması olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbi tamamilə əsassız və qanunsuzdur. O həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə qarşılıqlı iddia vermişdir. Onun iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd etmişdir ki, “mülki iş barədə bildiriş poçt ünvanıma 11 fevral 2023-cü il də göndərilmişdir və həmin bildiriş mənə 2 mart 2023-cü ildə verilmişdir”. Lakin mülki iş üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh göstərdiyi hər iki tarixə (11 fevral və 2 mart) görə qarşılıqlı iddianın verilməsi müddətini ötürmüş hesab edilir. O qarşılıqlı iddianı xx.xx.2023-cü ildə məhkəməyə ünvanlamışdır. Bununla da qarşılıqlı iddiaçı qarşılıqlı iddia vermə müddətini ötürmüşdür. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirmişdir ki, “İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış 2016-cı il tarixli müqavilənin müddəti xx.xx.2019-cu ildə bitməli idi. Bu səbəbdən İddiaçı iddia müddətini ötürmüşdür. ” Cavabdeh qarşılıqlı iddiada həmçinin bildirmişdir ki, “...Bundan sonra Fəridə hissə-hissə 2023-cü ilin yanvar ayı da daxil olmaqla 46650 manat pul vermişəm..” Burdan da qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özü də etiraf edir ki, o, borcu 2023-cü ilin yanvar ayına qədər ödəmişdir. Bununla bağlı Cavabdeh dilindən iltizam alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Beləliklə, kredit müqaviləsi üzrə icra müddəti 2019-cu ildə bitsə də, Cavabdeh kredit müqaviləsi üzrə borcunu 2023-cü ilin yanvar ayına qədər ödəmişdir. Buna görə də iddia müddəti ötürülmüş hesab edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirmişdir ki,əslində İddiaçı pul verməmişdir, onlar arasında formal müqavilə bağlanmışdır. Qeyd etmək istərdi ki, Cavabdeh bu iddiası tamamilə əsassızdır. Belə ki, qarşılıqlı iddiada istinad edilmiş “Notariat haqqında” AR Qanununun tələbləri qarşılıqlı iddiaçı tərəfindən düzgün təfsir edilməmişdir. Belə ki, qanunvericiliyə əsasən 2019-cu ilə qədər tərəflər kredit müqaviləsi bağlayarkən onun təsdiqi pulun bank vasitəsilə depozit hesaba qoyulması ilə həyata keçirilmirdi. Qarşılıqlı iddiaçı Cavabdeh bildirmişdir ki, “...müqaviləni rəsmiləşdirən notarius bizə əgər real pul yoxsa bu müqavilənin heç bir əhəmiyyəti olmadığını bildirmişdir...” Ümumilikdə, notarius belə bir ifadə işlətməmiş, həmçinin İddiaçı həqiqətən də Cavabdeh 150000 ABŞ Dolları, 235000 manat pul vermişdir. Əlavə olaraq, Cavabdeh şikayəti üzrə Nərimanov RPİ İŞ-nin müstəntiqi Ağayev Samir tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da notariusun sözləri təhrif edilmiş, müstəntiq tərəfindən tərəflər arasında bağlanmış müqavilə “formal” müqavilə adlandırılmışdır. Bununla da Nərimanov RPİ İŞ-nin müstəntiqi Ağayev Samir qeyri-prosessual hərəkət edərək məhkəmənin qiymətləndirməli olduğu mülki məsələyə münasibət bildirərək qanun pozuntusuna yol vermişdir. Müqavilənin formal olub-olmamasını qiymətləndirmək müstəntiqin səlahiyyətinə aid məsələ deyildir. Həmçinin 9 saylı Notariat Kontoronun notariusu X2 polis müstəntiqi Samir Ağayevə verdiyi izahatında da ilkin iddia tələbi üzrə iddiaçının qeyd etdiyi məsələlər göstərilmiş, lakin qərar çıxarılarkən onun sözləri təhrif edilərək başqa formada qeyd edilmişdir. Həmçinin Cavabdeh iddia edir ki, o, İddiaçı ümumilikdə 51650 manat pul vəsaiti vermişdir. Lakin bu iddia tamamilə əsassız və yalandır. Cavabdeh İddiaçı olan borcunu ödəməmək üçün belə bir iddia ortaya qoymaq istəsə də, iddiası ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin İddiaçılə bağladığı kredit müqaviləsi üzrə ödədiyi borcu guya ona kömək etmək məqsədilə verildiyini qeyd etmişdir. Bütün bu iddialar tamamilə gülüncdür. Cavabdeh İddiaçılə kredit müqaviləsi bağlayaraq borc almış, 2023-cü ilin yanvar ayına qədər borcun müəyyən hissəsini ödəmiş, bununla bağlı dilindən yazılı iltizam vermişdir. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia isə nəinki ilkin iddia ilə əlaqəlidir, ümumilikdə mübahisənin həll olunmasına heç bir kömək etmir, həmçinin əsaslandırılmayan absurd və formal qarşılıqlı iddia hesab olunmalıdır. Ümumilikdə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianın ilkin iddia ilə əlaqəsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Nəticə olaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı 150000 ABŞ Dolları, 235000 manat pul almışdır, onun 197450 manat məbləğini qaytarmayaraq müqavilə üzrə öhdəliyini pozmuşdur. İddiaçı isə Cavabdeh zərərə görə əlavə pul və borc faizini tələb etməyərək humanist yanaşma sərgiləmişdir. Üstəlik bütün absurd iddialarından savayı Cavabdeh müdafiə xərclərinə sərf etdiyi 100 manat pulu da İddiaçı tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, cavabdeh ilə heç bir qohumluq əlaqəsi yoxdur. O, 1995-ci ildə Zaqatalada İstintaqın rəisi vəzifəsində işləyərkən bu ailə ilə tanış olmuşdur. Polis şöbəsində İstintaq bölməsində rəis idi. O, Cavabdeh eyni zamanda atası ilə də yaxın olmuşdur, atası rəhmətə getmişdir. İndiyə qədər də özü ilə münasibəti var, bütün hüquqi məsələlərlə bağlı Rasimə məsləhəti o, verir. Cavabdeh özünün ona deməyinə görə, 2023-cü ilin yanvar ayında o, təkər şirkətində problemli kreditlər şöbəsinin rəisi olanda, Rasim onun yanına gəlmiş və bildirmişdir ki, bir nəfərlə 2012-2013-cü illərdə kommersiya fəaliyyəti ilə əlaqədar alış-verişləri olmuş, məsələ bağlanmış, aralarında notarial müqavilə də olmuşdur. Cavabdeh ona bildirmişdir ki, həmin adam indi istəyir ki, Rasim ona yazılı qəbz versin. S.Nəzirov Rasimə qəbzə ehtiyac olmadığını bildirmişdir. O, Rasimə bildirmişdir ki, əgər aralarında olan pul söhbəti bağlanıbsa, notarial müqavilə də olubsa daha qəbz yazmağa ehtiyac yoxdur. Rasim ona bildirmişdir ki, qarşı tərəfə bu qəbz dayısına göstərmək üçün lazımdır. O, Rasimə bildirmişdir ki, bunu yazmağa ehtiyac yoxdur, çünki, vətəndaşlar arasında hər hansı bir müqavilə varsa bu, notarial qaydada qeydiyyatdan keçməlidir. Həmçinin o, etiraz edərək bildirmişdir ki, əgər aralarında olan pul söhbəti bağlanıbsa buna ehtiyac yoxdur. Rasim də onunla razılaşmış və getmişdir. Sonradan o, eşitmişdir ki, bunların arasında qəbz söhbəti baş tutub. Rasim ona bildirmişdir ki, qarşı tərəflə birlikdə çörək kəsmiş, aralarında dostluq münasibətləri olmuşdur. Fərid Rasimə kömək etmiş, Rasim də qəbzi kömək adı yazmışdır. O, bilavasitə Rasimin yanında müqavilə bağlanarkən və digər məsələlərdə iştirak etməsə də, bu məsələlərdən məlumatı olmuşdur. Qəbzi verərkən iştirak etməmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni məcəllənin 89-cu maddəsinin tələbinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı prinsipini müəyyən edən 390.1-ci maddə bəyan edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Mülki Məcəllənin 337.1-ci maddəsi) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.2-ci maddəsi) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.4-cü maddəsi) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Mülki Məcəllənin 339.2-ci maddəsi) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarına əsasən əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. X14 qeyd etmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. İddia müddəti məsələsinə aydınlıq gətirərək, Plenum qərarda vurğulamışdır ki, qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Eyni zamanda həmin qərarda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia tələbinin hüquqi əsasını İddiaçı ilə Cavabdeh arasında 17 fevral 2016-cı il tarixdə bağlanmış Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş kredit müqaviləsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 17 fevral 2016-cı il tarixdə kredit müqaviləsi Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu X6 tərəfindən rəsmiləşdirilsə də, Cavabdeh həmin müqaviləyə əsasən ona İddiaçı tərəfindən 150000 ABŞ dolları məbləğində borcun verilməsini təkzib etmiş, həmin müqavilənin görüntü üçün bağlandığını iddia etmişdir. Cavabdehin bu dəlili Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu X3 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarındakı ifadəsi ilə üst-üstə düşmüşdür. Belə ki, araşdırma zamanı izahatı alınmış 9 saylı notariat ofisinin notariusu X1 Fərid Bəbir oğlunun Cavabdeh ilə bağladığı kredit müqaviləsinin formal olaraq bağlandığını təsdiq etmiş, bu isə həmin kredit müqaviləsi bağlanılan zaman İddiaçı Cavabdeh hər hansı pul vəsaitinin verilməməsini bir daha təsdiqləmiş olmuşdur. Bununla yanaşı 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmış tərəflərin izahatlarından və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflər arasında işgüzar münasibətlər mövcud olmuş, bununla bağlı aralarında mübahisə yaranmışdır. Belə ki, İddiaçı həmin vaxt verdiyi izahatında bildirmişdir ki, Rasim Ağayevin qardaşı Ruslan Ağayevin ona 200.000 manat borcu yaranmış, lakin o, həbs edildiyinə görə borcu ödəyə bilməmişdir. Yaranmış borcla əlaqədar Ruslanın qardaşı Rasim ilə görüşəndə o, qardaşının borcunu ödəyə bilmədiyini söyləyib birgə kommersiya fəaliyyəti ilə məşğul olmağı təklif etmişdir. Birgə bizneslə məşğul olmaq üçün Cavabdeh əvvəl Binəqədi rayonu 7-ci mikrorayonda yerlşən ofisində 50.000 manat, sonradan fəaliyyətini genişləndirmək üçün 100.000 ABŞ dolları vermişdir. Qeyd edilməlidir ki, Cavabdeh iş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin məhkəmədə iddia qaldırmaq məqsədilə formal tərtib edildiyini bildirmişdir. Məhkəmə bu dəlilin həqiqətə uyğun olduğunu hesab edir. Belə ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş həmin qəbzin mətnindən görünür ki, həmin qəbzdə Cavabdeh İddiaçı 150000 dollar pul götürdüyünü, 197450 manat borcunun qaldığını, bu pulu hissə-hissə ödəyəcəyini bildirdiyi, qəbz hər iki tərəfin imzası ilə təsdiq edildiyi halda, İddiaçı cəmi 10 gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid də eyni vaxtda Cavabdeh bu məsələ ilə bağlı ondan məsləhət aldığını təsdiq etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, mübahisənin predmeti olan borc müqaviləsi formal bağlanmaqla yalan əqd olduğu üçün əhəmiyyətsiz əqd olduğundan, tərəflər arasında əslində borc münasibətləri və qeyd edilmuş müqavilə ürə öhdəliklər yaranmadığından ilkin iddia tələbi təmin edilməməlidir. Eyni əsaslara görə məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə də hesab edir ki, tərəflər arasında faktiki olaraq borc münasibətlərindən fərqli olan işgüzar münasibətlərinin mövcudluğu ehtimal edildiyindən 51650 manat pul vəsaitinin Cavabdeh tərəfindən İddiaçı borc olaraq verilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar