Məhkəmə qərarları › İş №e-2(011)-1917/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1917/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1917/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nın Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 325248-CNS-23472 nömrəli Nağd pul krediti müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 2794,65 manat məbləğində əsas, 149,83 manat məbləğində faiz borcu, 150,05 manat məbləğində cərimə olmaqla, ümumilikdə 3094,53 manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 50,95 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 325248-CNS-23472 saylı nağd pul krediti müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən kreditin aylıq ödənişi 154,25 manat (sonuncu ay 153,48 manat) müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilələr üzrə borc qismən ödənilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbində göstərmişdir ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli 325248-CNS-23472 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən cavabdehə şəxsi ehtiyacları üçün illik 21 faiz hesablanması şərti ilə 24 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit vəsaitlərindən istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka xx.xx.2021ci il tarixli 325248-CNS-23472 №-li “Nağd pul krediti müqaviləsi” üzrə 2794,65 manat məbləğində əsas borc, 149,83 manat məbləğində faiz borcu, 150,05 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 3094,53 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddaçı ilə cavabdeh arasında yuxarıda qeyd edilən şərtlərlə kredit müqaviləsi bağlanmış və iddiaçı razılaşdırlmış pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh öhdəliyini tam yerinə yetirməmişdir. Tərəflər arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışa görə cavabdehin “Nağd pul krediti müqaviləsi” üzrə yaranmış əsas borcu 2794,65 manat, faiz borcu 149,83 manat cərimə borcu 150,05 manat olmaqla, cəmi 3094,53 manat borcu vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarına müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabı) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit və bank hesabı müqaviləsi əsasında iddiaçıdan kredit və bank hesabı almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit və bank hesabı məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit və bank hesabı vəsaitini və həmin kredit və bank hesabından yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehlərdən borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı qeyd edir ki, tələb həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 150,05 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 50 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 50,95 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 97%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli 325248-CNS-23472 nömrəli Nağd pul krediti müqaviləsi üzrə 2794,65 manat əsas, 149,83 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 2994,48 manat pul və 49,42 manat dövlət rüsumu Cavabdeh tutularaq "Bank VTB ( Azərbaycan)" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə (100,05 manat cərimə borcunun tələb edilməsi hissəsində) təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 1,53 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar