Məhkəmə qərarları › İş №e-2(011)-1923/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1923/2022

14.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1923/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi (direktoru) X1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyn üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təhvil təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. ünvan 1 ünvanında yerləşən yataqxana binasının qəzalı vəziyyətdə olması barədə AR Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən xx.xx.2016-cı il tarixdə rəy verilmişdir.

2. Həmin yataqxana binası əvvəllər Bakı Məişət Kondisionerləri Zavodunun işçiləri üçün inşa edilmiş, yaşayışa yararsız hesab edildikdən sonra, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 369 saylı sərəncamı ilə 146 mənzildən ibarət sözügedən yataqxana binasının, eləcə də ayrılması nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri ilə əldə edilmiş qarşılıqlı raızılıq əsasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada sökülməsi şərti ilə 0,8168 ha torpaq sahəsi yeni yaşayış binalarının tikintisi üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (bundan sonra – üçüncü şəxs) daimi istifadısinə verilmişdir.

3. Bakı Şəhər İcra Hakimiyyətinin üçüncü şəxsə 7-214/7g saylı, xx.xx.2019-cu il tarixli tapşırığına, eləcə də Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakinlərin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi ilə bağlı AR Prezidentinin köməkçisinin xx.xx.2019-cu il tarixli, 7/1417 saylı məktubuna müvafiq olaraq sözügedın ünvanda qəzalı vəziyyətdə olan binada yaşayan, 30 kv.m və daha az mənzil sahəsi olan ailələrin hər birinə 30000 manat, 30 kv.m-dən çox olan mənzilin ümumi sahəsinin 1 kv.m üçün 1000 manat olmaqla ayrılmış birdəfəlik maddi yardım hesabına qeyd edilən ünvanda yerləşən yataqxana binasının sökülərək yerində 12 mərtəbəli yaşayış binasının tikintisi və payçıların (146 ailənin) ümumi sahəsi 54,5 kv.m olan iki otaqlı tam təmirli mənzillərlə təmin olunması (ilin olaraq kirayə və köçürülmə üçün 500 manat) və mənzillər təqdim edilənədək hər ay 300 manat mənzil kirayə haqqının mənzil mülkiiyyətçilərinin bank hesabına ödənilməsi müəyyən edilmişdir.

4. Göstərilən tədbirlərin davamı olaraq, cavabdehlə üçüncü şəxs arasında xx.xx.2019-cu il tarixdə 01 saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini üçüncü şəxsin sifarişi əsasında cavabdehin ünvan 1 ünvanında qəzalı vəziyyətdə olan çoxmənzilii yaşayış binasının, qəzalı binada yaşayan və sosial vəziyyətlərinin yaxışılaşdırılmasına ehtiyacları olan sakinlərin, onlara ayrılmış vəsait hesabına yaşayış binasının tikilməsi təşkil etmişdir. Müqavilə ilə cavabdehin öhdəliyi üçüncü şəxsin sifarişi əsasında qəzalı yaşayış binasını sökərək ərazini boşaltmaq, yerində yeni çoxmənzilli yaşayış binasını inşa etmək, üçüncü şəxs tərəfindən qəzalı yaşayış binasında yaşayan, ümumilikdə 146 mənzil sahibinin hər birinin bank hesabına köçürülmüş 30000 manat kompensasiya vəsaitinin sonradan mənzil sahibləri tərəfindən cavabdehə qaytardıqdan sonra (yeni inşa ediləcək yaşayış binasında tikinti işləri başlayan ərəfədə) söküntüsü nəzərdə tutulan qəzalı vəziyyətdə olan yaşayış binasının yerində inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 146 mənzil sahibinin hər birinə 50 kv.m sahədən az olmamaq şərtilə təmirli mənzil təqdim etməkdən ibarət olmuşdur.

5. İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 212C saylı mənzil (bundan sonra – Mənzil) əvvəllər atası X3 mülkiyyətində olmuş, xx.xx.2020-ci il tarixdə o, Mənzilin 12 kv.m (1 otaq) hissəsini iddiaçıya bağışlamış və iddiaçının həmin Mənzilə mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

6. Həmçinin, həm iddiaçı, həm da atası Sahib Mirzəyev ünvan 1 ünvanında yerləşən, sahəsi 16,8 kv.m olan 212 saylı və eyni ünvanda olan iddiaçıya məxsus olan 212C saylı mənzilə görə 30000 manat kompensaiyanı almalrı barədə xx.xx.2021-ci il tarixdə Razılaşma aktı imzalanmışlar.

7. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

8. İddiaçı cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski 42 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının yerində tikiləcək yeni binadan ona digər sakinlərə təqdim edilmiş formada olan mənzilin verilməsi və mənzil təqdim edilənədək hər ay 300 manat məbləğində mənzil kirayə haqqı ilə təmin olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzil xx.xx.2020-ci il tarixdə atası tərəfindən ona bağışlanmış və xx.xx.2020-ci il tarixdə mülkiyyə hüququ dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 24 may 2016-cı il tarixli rəyinə əsasən yaşadıqları yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin müvafiq göstəriş xarakterli məktubu ilə yuxarıda göstərilən ünvanında yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasının sakinlərinə isə həmin ünvanda yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında tam təmirli mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Lakin yalnız atasıa ümumi sahəsi 28,8 kv.metr olan 212 saylı mənzilin əvəzinə yeni inşa ediləcək yaşayış binasında sahəsi 54, 5 kv.metr olan 2 otaqdan ibarət tam təmirli mənzilin ayrılmasının nəzərdə tutulduğu bildirilmişdir. Bu təkliflə razılaşmayaraq hər birinə ayrı-ayrılıqda 2 otaqlı tam təmirli mənzilin ayrılması xahişi ilə Xətai Rayon İcra Hakimiyyəti Başçısına müraciət olunmuşdur. Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli rəsmi cavab məktubu ilə bildirilmişdir ki, razılaşma aktını imzalamayan mənzil sahiblərinə ayrılan birdəfəlik maddi yardımın hesabına qəzalı vəziyyətdə olan 5 mərtəbəli yataqxana binasının sökülərək yerində 12 mərtəbəli yaşayış binalarının tikintisi və payçıların ümumi sahəsi 54,5 kv.m olan 2 otaqlı tam təmirli mənzillərin ayrılması, 500 manat köçürülmə və mənzillər təqdim edilənədək hər ay 300 manat mənzil kirayə haqqının bank hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Xətai Rayon İcra Hakimiyyəti, Cavabdeh və atası Sahib Mirzəyev arasında göstərilən ünvanında yerləşən 212 saylı mənzilə dair 26 may 2021-ci il tarixli, №164 saylı kooperativ binada mənzil tikintisi haqqında müqaviləsi imzalanmışdır. Müqavilənin 1.2-ci maddəsinə əsasən payçıya Bakı şəhəri Xətai rayonu G.Şıxlinski 42 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının yerində tikiləcək yeni binadan bina 1, 10-cu mərtəbə, 2 otaqlı 54,5 kv.m, 74 saylı mənzil təqdim ediləcəkdir. Eyni zamanda Sifarişçi tərəfindən ayrılmış dövlət vəsaitindən 30500 (otuz min beş yüz) manat kompensasiya vəsaiti və cavabdeh tərəfindən mənzil təqdim edilənədək hər ay 300 manat məbləğində mənzil kirayə haqqı Payçının bank hesabına köçürüləcəkdir. ünvan 4 ünvanında yerləşən 212C saylı mənzilin rəsmi çıxarış əsasında ona məxsus olmasına baxmayaraq Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ona ayrıca mənzil ayrılmamış və onunıa kooperativ binada mənzil tikintisi haqqında müqavilə imzalanmamışdır. Bütün qeyd olunanlar onun digər şəxslərə nəzərən daşınmaz əmlaka olan mülkiyyət hüquqlarımı ciddi şəkildə pozur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

10. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə iclasında verilən izahatlar:

12. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

13. Cavabdehin nümayəndəsi (direktoru) iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçıya mənzilin verilməsi üçün ona mnzilinin sökülməsinin əvəzi olaraq veriləcək konpensasiyanı sonradan verildikdən sonra, istəd məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər .

19. Maddə 405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıddır.

24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

25. İddiaçı cavabdehdən ünvan 1 ünvanında tikiləcək yeni binadan digər mənzil sakinlərinə təqdim edilmiş formada ona mənzil və mənzil təqdim edilədək hər ay 300 manat kirayə haqqı tələb edir.

26. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi baxımından tərəflər arasında hansı hüquq münasibətinin yaranmasının müəyyən edilməsi zəruridir.

27. Yuxarıda adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün lik növbədə onun iştirakçıları (tərəfləri) arasında hansısa bir hüquq münasibəti yaranmalı və bu münasibət qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər, müqavilədən əmələ gələn öhdəliklər, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür.

28. Adından da göründüyü kimi, digər iki öhdəlik növündən fərqli olaraq, müqavilə öhdəliyinin yaranması üçün onun tərəfləri arasında müqavilənin bağlanması (qanun müəyyən etdiyi halda yazılı, yaxud şifahi formada) mütləq şərtdir. Qanun tərəflərə imkan verir ki, onlar müqavilə bağlayaraq bununla özlərinin əmlak mənafelərini, hüquq və vəzifələrini, onların yaranması, dəyişməsi və xitamı qaydasını, habelə azad surətdə onun məzmununu, şərtlərini, icra edilməsi məsələlərini müəyyən etsinlər (§ 16,17 və 18).

29. Digər iki növ (müqavilədən kənar və qanundan irəli gələn öhdəliklər) öhdəliklər isə hər hansı müqavilə ilə deyil, onun iştirakçısı olan şəxlərin qanuna zidd müəyyən hərəkətləri və ya hərəkətsizliyinin nəticəsi olaraq yaranır.

30. İşin yuxarıda qeyd edilən faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında hər hansı bir öhdəlik münasibəti yaranmamışdır. Belə ki, iddiaçının da mənzilinin olduğu ünvan 1 ünvanında yerləşən yataqxana qəzalı vəziyyətdə olduğu üçün dövlət proqramı çərçivəsində sökülməsi barədə rəy verilmiş, bu işlərin görülməsi üçüncü şəxsə həvalə edildiyindən, onunla cavabdeh arasında xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə müəyyən edilir ki, cavabdehin üçüncü şəxs qarşısındakı öhdəliyi göstərilən ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının sökülərək yerində yeni yaşayış binasının tikilməsi və həmin yataqxanada mənzili olan olan şəxslərə ödənilmiş kompensasiyanın sonradan cavabdehə ödənilməsi müqabilində onlara yeni tiklilmiş yaşayış binasında mənzilin verilməsi məsələləri ilə bağlı olmuşdur.

31. Cavabehlə üçüncü şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsində cavabdehin ünvan 1 ünvanında yerləşən qəzalı yataqxanın sökülərək yerində tikilmiş yeni yaşayış binasından mənzıillərin verilməsi ilə bağlı öhdəliyi müəyyən edilmişdir. Həmin müqavilənin 2.3.4-cü bəndində cavabdehin öhdəliyi, sözügedən qəzalı yataqxanada yaşayan ümumilikdə 146 mənzil sahibinin hər birinin bank hesabına üçüncü şəxs tərəfindən köçürülmüş 30000 manat kompensasiya vəsaitinin sonradan onlar tərəfindən cavabdehə qaytarılması müqabilində (yeni inşa ediləcək yaşayış binasında tikinti işləri başlayan ərəfədə) yataqxananın yerində inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 146 mənzil sahibinin hər birinə 50 kv.m sahədən az olmamaq şərtilə təmirli mənzil təqdim etməsindən ibarət olmuşdur.

32. Göründüyü kimi, cavabdehin sözügedən ünvanda qəzalı vəziyyətdə olan yataqxananın yerində inşa etdiyi yeni yaşayış binasında sakinlərə 50 kv.m sahədən az olmamaq şərtilə təmirli mənzil vermək öhdəliyi o halda yarana bilərdi ki, 30 kv.m və daha az mənzil sahəsi üçün ayrılmış 30000 manat, 30 kv.m-dən çox olan mənzilin ümumi sahəsinin 1 kv.m üçün 1000 manat olmaqla ayrılmış birdəfəlik maddi yardımı alan ailələr (mülkiyyətçilər) sonradan aldıqları vəsaiti cavabdehə qaytarmaqla, onunla ünvan 1 ünvanında yeni tikilən yaşayış binasından mənzil verilməsi barədə müqavilə bağlamış olsunlar. Məsələn, iş materiallarına əlavə edilmiş iddiaçının atası Sahib Mirzəyev, üçüncü şəxs və cavabdeh arasında Kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixdə 164 nömrəli belə bir müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə cavabdeh (həmin müqavilə üzrə podratçı), üçüncü şəxs (Xətai RİH) tərəfindən Sahib Mirzəyevə ödənilmiş 30500 manat kompensasiyanın 30000 manat hissəsi sonuncu tərəfindən ona ödənildikdən sonra, göstərilən ünvanda inşa ediləcək 1-ci binanın 10-cu mərtəbəsində 2 otaqlı, 54,5 kv.m-dən ibarət 74 saylı tam təmirli mənzili Sahib Mirzəyevə verməyi öhdəsinə götürmüşdür.

33. Lakin işin hallarından, eləcə də iş materiallarından görürünür ki, qəzalı vəziyyətdə olan mənzilinin sökülməsi ilə bağlı iddiaçıya ayrıca olaraq nə hər hansı məbləğdə kompensasiya ödənilməmiş, nə də iddiaçı ilə cavabdeh arasında qeyd edilən Kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmamışdır.

34. Üçüncü şəxsin komissiya üzvləri, iddiaçı və iddiaçının atası Sahib Mirzəyev tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Razılaşma aktında isə həm iddiaçı mülkiyyətində olan 12 kv.m-dən ibarət 212C saylı mənzilə, həm Sahib Mirzəyev (iddiaçının atası) mülkiyyətində olan 16.8 kavm-dən ibarət 212 saylı mənzilə görə (hər iki mənzilə görə birlikdə) 30000 manat kompensasiya, köçürülmə və bir aylıq kirayə haqqı olan cəmi 500 manat pulun bankda açılmış şəxsi hesablarına köçürülməsinə və mənzilin sökülməsinə razılıq vermişlər. Razılaşma aktı iddiaçı tərəfindən də imzalanmışdır.

35. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmadığından, bununla da cavabdehin iddiaçı qarşısında ona ünvan 1 ünvanında tikiləcək yeni binadan mənzil verilməsi ilə bağlı öhdəliyi yaranmadığından iddia təmin edilməməlidir.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar