Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1924/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdehlərin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 14.697,37 manat - bundan 5.350,61 manat əsas, 3.822,16 manat faiz, 4.791,26 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 733.34 manat faiz borcu və iş üzrə ödənilmiş 134.09 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli 28 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədilə 24 ay müddətinə illik 26.5% dərəcəsi ilə ödəmək şərtilə 6.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 280014386/ZM nömrəli 28 oktyabr 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 24 fevral 2017-ci il tarixli Əlavə Sazişə əsasən Kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı manata konvertasiya edilməklə (1 USD=1.40 AZN) 6512.21 (altı min beş yüz on iki manat, 21 qəpik) manat hesablanmışdır. Kreditin müddəti 24 fevral 2020-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 11 noyabr 2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 14.697,37 manat təşkil edir. Bundan 5.350.61 manat əsas, 3.822,16 manat faiz, 4.791,26 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 733.34 manat faiz borcu təşkil edir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılaraq iddianın tam təmin edilmsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin vəkili Vəkil Cavabdeh1 münasibətdə iddia tələbinin iddia müddəti tətbiq edilərək rədd edilməsini xahiş etmişdir. O, verdiyi izahatda Cavabdeh2 münasibətdə iddia tələbini cavabdeh qismən qəbul etdiyini bildirmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, 28 oktyabr 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 26.5 faiz dərəcəsi ilə 24 ay müddətinə 6.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 28 oktyabr 2015-ci il tarixli 280014386/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 24 fevral 2017-ci il tarixli Əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Kreditin müddəti 24 fevral 2020-ci il tarixədək uzadılmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 24 fevral 2020-ci il tarixə Ləğv prosesində olan İddiaçı ASC-yə əsas borc üzrə 5.447,88 manat, faiz borcu üzrə 2.104,57 manat, faiz borcu üzrə (5%-lə) 799.78 manat, cəmi 8.352,23 manat məbləğində borcu müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 477.0.4-cü maddəsinə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmuş məbləğ iddiaçının tələb etdiyi əsas borcun məbləğindən yüksək olduğundan və məhkəmə Azərbaycan Respublikası MPM-in 218-ci maddəsinə əsasən verilmiş tələbə qiymət verməli olduğundan hesab edir ki, əsas borca görə iddia ərizəsində tələb edilən 5.350,61 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin tutulmalı olan 3.822,16 manat faiz borcunun məbləğini araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsində faiz borcunun 3.822,16 manat təşkil etdiyini bildirsə də, aparılmış ekspert tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 24 fevral 2020-ci il tarixə iddiaçıya 2.104,57 manat faiz borcu mövcuddur. Odur ki, məhkəmə təqdim edilən ekspert rəyini sübut qismində qəbul edərək Cavabdeh2 iddiaçının xeyrinə 2.104,57 manat məbləğində faiz borcunun tutulmasını ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin tutulmalı olan kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 733.34 manat borcunun məbləğini araşdıraraq belə hesab edir ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmuş məbləğ iddiaçının tələb etdiyi illik 5% dərəcəsi ilə hesablanmış borcun məbləğindən yüksək olduğundan və məhkəmə Azərbaycan Respublikası MPM-in 218-ci maddəsinə əsasən verilmiş tələbə qiymət verməli olduğundan hesab edir ki, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borca görə iddia ərizəsində tələb edilən 733.34 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 4.791,26 manat məbləğində cəriməni tənasübsüz surətdə yüksək hesab edərək cərimənin 500 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə araşdırması zamanı cavabdehlərin vəkili yazılı ərizə ilə müraciət edərək zamin olan Cavabdeh1 münasibətdə iddia müddətinin tətbiq edilərək xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin-cavabdehlərdən müştərək qaydada yani borcun digər Cavabdeh1 (zamin) tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə Əlavə sazişə əsasən həmin müqavilə üzrə kreditin müddəti 24 fevral 2020-ci il tarixədək uzadılmış, öhdəliyin icra müddəti 24 fevral 2021-ci il tarixdə bitmişdir. İddiaçı isə zaminə qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə 31 yanvar 2023-cü il tarixdə müraciət etmiş, 1 illik müddəti ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən müqavilə üzrə borcun zamin – Cavabdeh1 tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 134.09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 79.11 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməli, qalan 54.98 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspertiza xərci olaraq 50 manat pul vəsaitindən 29.50 manat cavabdehdən, qalan 20.50 manat isə iddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 5.350,61 (beş min üç yüz əlli manat altmış bir qəpik) manat əsas, 2.104,57 (iki min yüz dörd manat əlli yeddi qəpik) manat faiz, 500 (beş yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 733.34 (yeddi yüz otuz üç manat otuz dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8.688,52 (səkkiz min altı yüz səksən səkkiz manat əlli iki qəpik) manat pul vəsaiti və ödənilmiş 79.11 (yetmiş doqquz manat on bir qəpik) manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 54.98 (əlli dörd manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin özünə aid edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 29.50 (iyirmi doqquz manat əlli qəpik) manat hissəsi Cavabdeh2, qalan 20.50 (iyirmi manat əlli qəpik) manat isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1924/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1924/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver