Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1945/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X1, mütəxəssis X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı Cavabdeh vurulmuş maddi zərər üçün 2811 manat, vəkil ödənişi üçün 300 manat, etibarnamə üçün 17,50 manat, dövlət rüsumu olaraq 48,11 manat, ümumilikdə 3176,61 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək məhkəmədən Cavabdeh vurulmuş maddi zərər üçün 2811 manat, vəkil ödənişi üçün 300 manat, etibarnamə üçün 17,50 manat, dövlət rüsumu olaraq 48,11 manat, ekspertiza rəyi üçün ödənmiş 350 manat, ümumilikdə 3526,61 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2024-cü il tarixində saat 00:30 radələrində Bakı şəhəri Xətai rayonu Babək prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə Cavabdeh idarə etdiyi Ford markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi Chevrolet markalı 77- EY-269 dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəymiş və sonuncu da öz qarşısında dayanan Kia markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə iddiaçının avtomobilinə Atəşgah Sığorta ASC tərəfindən verilmiş Hesabata əsasən 6244 manat zərər dəymişdir. Cavabdehin sığorta şirkəti tərəfindən İddiaçıya dəymiş zərərin 3433 manat hissəsi ödənilmişdir. Geri qalan 2811 manat cavabdeh tərəfindən ödənilməmiş və ödənilməkdən imtina edilmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və cavabdeh hadisənin törədilməsində təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsinə əsasən cərimə olunmuşdur. Bundan başqa cavabdehin Bakı şəhəri BPİ-nin DYPİ-də vermiş olduğu izahata əsasən o öz təqsirini etiraf etmişdir. Bundan başqa Yol-nəqliyyat hadisəsinin sxeminə əsasən cavabdeh nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşin faktiki halları: İXP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. TP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" Sığorta ASC-nin Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli hesabatına əsasən, zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin dəyəri 6244 manat kimi qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Chevrolet markalı, 77- EY-269 dövlət qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2025-ci il tarixə dəymiş zərərin həcmi 3870 manat təşkil edir. "xxxx" MMC-nin 76 saylı, 20 may 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Chevrolet markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində İddiaçı dəymiş maddi zərərin məbləği təribən 6124 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixində, saat 00:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yolnəqliyyat hadisəsi baş vermişdir. Mülki iş materiallarına əsasən, Cavabdeh məxsus “Ford” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı məxsus “Chevrolet” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticə etibarı ilə sonuncunun avtomobilinə ziyan dəymişdir. Belə olan halda İddiaçı avtomobilinə dəymiş ziyanın qarşılanması üçün Cavabdeh müraciət etmiş, lakin sonuncu tələb olunan məbləğ ilə razılaşmamışdır. Odur ki, İddiaçı həmin məbləği məhkəmə qaydasında tutulmasını tələb etmişdir. İlkin olaraq məhkəmə qeyd etmək istəyir ki, yol-nəqliyyat hadisəsinin Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verməsi öz təstiqini Bakı şəhər Baş Polis İdarəsi DYPİnin araşdırması əsasında tapmışdır. Odur ki, bu hal məhkəmə tərəfindən mübahisəsiz hal kimi qiymətləndirilir. Digər tərəfdən yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet” markalı, 77- EY-269 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. Belə ki, ilkin olaraq "xxxx" Sığorta ASC avtoqəza baş verdikdən sonra avtomobilə baxış keçirmiş və dəymiş ziyanı 6244 manat kimi qiymətləndirmişdir. Cavabdeh bu məbləğ ilə razılaşmadığından məhkəmənin təşəbbüsü ilə yenidən qiymətləndirilmə aparılması "xxxx" MMC-yə həvalə edilmiş. Sonuncunun rəyinə əsasən dəymiş ziyanın dəyəri 3870 manat müəyyən edilmişdir. Lakin iddiaçı tərəf "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirilmə ilə razılaşmayaq bir daha "xxxx" MMC tərəfindən qiymətləndirilmə aparılmasının məhkəmə tərəfindən təşkil edilməsinə xahiş etmişlər. Məhkəmə yenidən qiymətləndirilmə aparılmasını məqsədəuyğun hesab etmiş, bu işi "xxxx" MMC-yə həvalə etmiş. Sonuncu araşdırma apararaq Chevrolet markalı, 77- EY-269 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyərini 6124 manat kimi təsbit etmişdir. Məhkəmə işdə olan qiymətləndirmə rəylərini müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, avtomobilə dəymiş ziyanın dəyərinin 6124 manat kimi qiymətləndirilməsi ağlabatan hesab edilməlidir. Belə olan halda iddiaçıya ödənilmiş 3433 manat məbləğdən əlavə olaraq 2691 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin 48,11 manat məbləğində dövlət rüsumunun, 300 manat vəkil tərəfindən göstərilmiş xidmət haqqının, 17,25 manat notariat qaydasında etibarnamə alınması üçün və 350 manat qiymətləndirilmə aparılması üçün çəkilmiş xərclərin, alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, cavabdehin iddiaçı qarşısında qanuna zidd hərəkətləri nəticəsində ziyan vuraraq və həmin vurulmuş ziyanın əvəzinin qarşılanmamasına görə, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərərlər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərərlər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 2691 (iki min altı yüz doxsan bir) manat, göstərilmiş hüquqi yardıma görə 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,11 (qırx səkkiz manat on bir qəpik) manat, notariat qaydasında etibarnamə alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat, qiymətləndirilmə aparılması üçün çəkilmiş xərcin əvəzi olaraq 350 (üç yüz əlli) manat, ümumilikdə 3406,36 (üç min dörd yüz altı manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1945/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1945/2025
28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver