Məhkəmə qərarları › İş №e-2(011)-1948/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1948/2025

28.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1948/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 416 manat 13 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 596 manat 53 qəpik məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 98 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2015-ci il tarixdə həmin ünvanda yaşayan cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2018-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2018-ci il tarixində 2,3 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 9829 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 9829 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2019-cu il tarixdə baxış keçirilmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana sonuncu dəfə baxış keçirildiyi xx.xx.2019-cu il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2023-cü il tarixə qədər olan müddət 1261 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 416 manat 13 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC"xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 9829 № saylı xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin sakini “KATV1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuşdur. İddiaçı MMC-nin “KATV1” tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2015-ci il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2018-ci il tarixinədək son ödəməsini etmiş, xx.xx.2018-ci il tarixində 2.3 manat borc ilə şəbəkədən ayrılmışdır. AG Telekom” MMC-nin “KATV1” tərəfindən verilən arayışın surətindən görünür ki, İddiaçı MMC-nin K@TV1 Kabel Televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixədək 9 manatdır, xx.xx.2015-ci il tarixindən etibarən 10 manat təşkil edir, eyni mənzildə hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır. Hüquqi xidmətlərin göstərilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Bakı şəhəri Xətai rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 98 saylı MKİS tərəfindən verilmiş 376 nömrəli, xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 21.1- ci maddəsinə əsasən "zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzini tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər. əmlakından məhrum olması və ya əmlakının zədələnməsi( real zərər ), habelə hüququ pozulmuş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxarana təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir ( hərəkət və ya hrəkətsizlikdir)”. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya kabel şəbəkəsinə qoşulmaqla zərərin vurulmasında cavabdehin təqsirli olması və zərərin onun tərəfindən vurulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia qismən təmin olunaraq, göstərilən məbləğ ağılabatan məbləğdə, yəni 50 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 416.13 (dörd yüz altı manat on üç manat qəpik) manat məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 40 (qırx) qəpik məbləğində bank xidməti haqqı, ümumilikdə 496.53 (dörd yüz doxsan altı manat əlli üç qəpik) Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar