Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1953/2022 26.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 109,86 kv/m və 29 kv/m-dən ibarət qeyriyaşayış sahələrinə kanalizasiya suları sızması nəticəsində dəymiş 16.031,4 manat maddi, 1.000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 142 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 109,86 kvm. və 29 kvm-dən ibarət qeyri-yaşayış sahələri xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin ünvanları əldə etdikdən sonra iddiaçı tərəfindən yüksək keyfiyyətli təmir işləri aparıldı. Həmin ünvanlarda aidiyyəti orqanlara rəsmi müraciət olunmasa da, gələcəkdə “G-tədris mərkəzi”nin fəaliyyət göstərilməsi nəzərdə tutulmuşdu və təmir də ona uyğun aparılmışdı. Lakin xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus ünvana gələn zaman oraya tavandan su sızması nəticəsində tavana, laminata, plintusa və oboylara, ümumilikdə təmirə ciddi ziyan vurulduğunu görmüşdür. O, bina MTK tərəfindən inşa olunduğu üçün bina tikilib təhvil verildikdən sonra, binanın kommunal təsərrüfatının idarə olunması binada yaşayan sakinlər tərəfindən təsis olunmuş Cavabdeh tərəfindən həyata keçirildiyi üçün onun səlahiyyətli şəxslərinə hadisə barədə məlumat vermişdir. Lakin onlar iddiaçının çağırışına əhəmiyyət vermədilər. Bundan sonra iddiaçı tərəfindən "xxxx" MMC-nin səlahiyyətli şəxsləri ona məxsus qeyd edilən ünvanlara baxış keçirdi və müəyyən etdi ki, kanalizasiya dirsəkləri düzgün quraşdırılmamış və nəticədə xx.xx.2022-ci il tarixdə yenicə təmirdən çıxmış iddiaçıya məxsus ünvanlara ümumilikdə 16.031,4 manat maddi ziyan dəymişdir. Cavabdehə dəymiş ziyanı ödəmələri barədə iddiaçı tərəfindən müraciət edilsə də, onun səlahiyyətli şəxsləri buna heç bir məhəl qoymamış, vurulmuş ziyanı ödəməmiş və ödəmək üçün də heç bir addım atmamış, iddiaçıya məxsus qeyri yaşayış sahələrini təmir etdirməmişlər. Bundan başqa, cavabdehin qanunazidd hərəkətləri və məsuliyyətsizliyi iddiaçıda əsəb gərginliyi yaratmış, nəticədə fiziki və mənəvi sarsıntılar keçirmişdir. Buna görə də iddiaçıya dəymiş mənəvi zərəri 1.000 manat məbləğində qiymətləndirir və həmin məbləğin də cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi və mənəvi zərər ödənilməli, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi zərərə görə 16031,4 manat, mənəvi zərərə görə 1.000 manat, cəmi 17031,4 manat məbləğində pul vəsaiti, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 142 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin onu da qeyd etdi ki, ekspert rəyi ilə boru xəttinə ziyan vurulması aşkar edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi. O, həmçinin qeyd etdi ki, ekspert rəyi ilə də razı deyil. Belə ki, ekspertiza onun iştirakı olmadan keçirilib. Eyni zamanda, o iddiaçının boru xətlərini bir dəfə təmir etdirmiş və kanalizasiya borusu ümumiyyətlə dəyişdirilmişdir. Lakin üç aydan sonra iddiaçı həmin kanalizasiya borusunu yenidən təmir etdirib. Ola bilsin ki, iddiaçı sözügedən boru xətlərini təmir etdirən zaman həmin xətlər zədələnmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 109,86 kvm. və 29 kvm-dən ibarət qeyri-yaşayış sahələri İddiaçı xüsusi mülkiyyətindədir. X2 isə Cavabdeh MMMC-nin hazırkı hüquqi təmsilçisidir. Məhkəmə hazırkı mübahisənin həlli üçün ekspert rəyinin alınmasının zəruri olduğu qənaətinə gələrək iş üzrə xx.xx.2022-ci il tarixli 2(011)-1953/2022 saylı qərardad ilə tikintitexniki ekspertizası təyin edilmişdir. 12 avqust 2022-ci il tarixli, 10/2433 saylı ekspert rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 109,86 kv.m və 29 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin daxilində yerləşən sahəsi 10,6 kv.m (2,55x4, 15) m, h=2,80) olan iş otağının tavanına bitişik şəkilində (fəzada) Xətai-11 MMMC-yə məxsus yaşayış binasının kanalizasiya xəttinin birləşmə yerinin nasaz vəziyyətdə olduğundan iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə kanalizasiya sularının axıdıldığı müəyyən edilir. Eyni zamanda, iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 109,86 kv.m və 29 kv.m-dən ibarət qeyri-yaşayış sahələrinə kanalizasiya suları sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 11,149 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xətai-11 MMMC-yə məxsus yaşayış binasının kanalizasiya xəttinin birləşmə yerinin nasaz vəziyyətdə olduğundan ünvan 5 ünvanında yerləşən 109,86 kv.m və 29 kv.m-dən ibarət qeyri-yaşayış sahələrinə kanalizasiya suları sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası dəymiş ziyan 11,149 manat dəyərində qiymətləndirmişdir. Məhkəmə ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Məhkəmə iddiaçı tərəfindən ona 16.031,4 manat maddi ziyanın dəyməsi ilə bağlı tələbinə qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinə su axıdılması cavabdehə məxsus binanın ümumi kanalizasiya xəttindən olması ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə tərəfindən mötəbər sübut olaraq qəbul edilmiş ekspert rəyinə əsasən iddiaçıya məxsus sahələrə dəymiş ziyanın məbləği 11.149 manat olması müəyyən edilmişdir. Odur ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehdən 11.149 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda, iddiaçı baş verən hadisələr zamanı iddia tələbində mənəvi iztirab çəkdiyini qeyd etsə də tərəfin mənəvi ziyan olaraq cavabdehdən 1.000 manat pulun tutulmasına qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, iddiaçı mənəvi ziyanın əsaslarının nədən ibarət olmasını bildirməmiş və buna dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütanasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMMC-dən iddiaçının mənzilinə dəymiş 11,149 manat maddi ziyan alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 142 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizanın dəyəri 100 manat təşkil edir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 142 manat dövlət rüsumunun 49,7 manatı iddiaçının özünə aid edilməli, qalan 92,3 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manatın 35 manatı İddiaçı, qalan 65 manatı isə Cavabdeh MMMC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMMC-dən iddiaçının mənzilinə dəymiş 11,149 (on bir min bir yüz qırx doqquz) manat maddi ziyan və 92,3 (doxsan iki manat, 30 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qalan 49,7 (qırx doqquz manat, 70 qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 35 (otuz beş) manatı İddiaçı, qalan 65 (altmış beş) manatı isə Cavabdeh MMMC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1953/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1953/2022
26.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver