Məhkəmə qərarları › İş №e-2(011)-196/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-196/2025

23.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-196/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus avtomobilə dəymiş maddi zərərə görə 5016 manat, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17.25 manat notariat qaydasında çəkilmiş xərclər, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 70.16 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli icarə müqaviləsinə əsasən, “RAVON NEXİA R3 MİNİK“ markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnəmə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən xx.xx.2023-cü il tarixində saat 03:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və onun barəsində xx.xx.2023-cü il tarixli, İXP5477043 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixində cavabdehə inzibati tənbeh vermə haqqında TP-5787560 nömrəli qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Cavabdeh təqsiri nəticəsində baş vermiş qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində avtomaşına zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün “RS” Avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpaı üçün 5016 (beş min on altı) manat tələb olunmuşdur. İddiaçı həmin vaxt avtomobili “RS” Avtoservisdə 5016 manat ödəyərək öz hesabına təmir etdimişdir. Cavabdehə bu barədə dəfələrlə şifahi məlumat verilmiş, sonra dəymiş ziyanın ödənilməsi üçün pretenziya göndərilmişdir, lakin cavabdeh həmin məbləğin ödənilməsini təmin etməmişdir. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından iddiaçının məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Sonda İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, maşın onda olanda qəza olub, qəzada təqsiri olub, lakin qəza nəticəsində maşında hansı qüsurların yarandığını bilmir, razılaşıblar ki, maşına bir yerdə baxılacaq, lakin onun iştirakı olmadan baxıblar, müəyyən edilmiş məbləğ real deyil, maşında o dərəcədə xəsarət yox idi, məbləğ şişirdilib. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “RAVON NEXİA R3 MİNİK“ markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli İcarə müqaviləsindən görünür ki, nəqliyyat vasitəsini icarəyə götürən şəxs - Cavabdeh ona etibar edilmiş nəqliyyat vasitəsinin istifadəetmə məsuliyyətini öz üzərinə götürür. İcarə müqaviləsinin 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından görünür ki, “RAVON NEXİA R3 MİNİK“ markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair Etibarnamədən görünür ki, İddiaçı Cavabdeh “RAVON NEXİA R3 MİNİK“ markalı, **- XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətlərini xx.xx.2032ci il tarixinədək etibar etmişdir. Belə ki, iş materiallarından görünür ki, “RAVON NEXİA R3 MİNİK“ markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* seriyalı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, Sabunçu rayon Polis İdarəsinin DYPŞ-nin xx.xx.2023cü il tarixli TP5787560 saylı inzibati xəta haqqında Qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan, “RS” Avtoservis tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, İddiaçı məxsus “RAVON NEXİA R3 MİNİK“ markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərci 5016 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan (pretenziya) görünür ki, “RAVON NEXİA R3 MİNİK“ markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 5016 manat məbləğində zərərin İddiaçı xx.xx.2024-cü il tarixinədək ödəməsi barədə xəbərdarlıq edilmişdir, əks halda dəymiş maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 15002 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən “Femida” Vəkil Bürosuna 100 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 70.16 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 9/7393 nömrəli Rəydən görünür ki, “RAVON NEXİA R3 MİNİK“ markalı, **-XB- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3824 manat müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “RAVON NEXİA R3 MİNİK“ markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli İcarə müqaviləsinə əsasən, iddiaçı, yəni kirayə verən, cavabdehə, yəni kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən istifadə üçün şərait yaratmış, “RAVON NEXİA R3 MİNİK“ markalı, **- XB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh istifadəsinə vermişdir. xx.xx.2023-cü il tarixində saat 03:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və onun barəsində xx.xx.2023-cü il tarixli, İXP5477043 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixində cavabdehə inzibati tənbeh vermə haqqında TP-5787560 nömrəli qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Cavabdeh təqsiri nəticəsində baş vermiş qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində avtomaşına zərər vurduğunu qəbul edir, lakin maşına dəyən zərərin düzgün müəyyən edilmədiyini qeyd edir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, dəymiş maddi ziyanın məbləğini müəyyən edərkən xx.xx.2025-ci il tarixli, 9/7393 nömrəli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq “RAVON NEXİA R3 MİNİK“ markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci üzrə 3824 manat həddində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin “vəkilə ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 100 manat pul məbləğini ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə ilkin iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi qismində 3824 manat, hüquqi xidmətə görə 100 manat, notariat xərci kimi 17.25 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59.42 manat alınaraq iddiaçıya, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi qismində 3824 manat, hüquqi xidmətə görə 100 manat, notariat xərci kimi 17,25 manat, ümumilikdə 3941 (üç min doqquz yüz qırx bir) manat 25 (iyirmi beş) qəpik və dövlət rüsumunun əvəzi qismində 59 (əlli doqquz) manat 42 (qırx iki) qəpik pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar