Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1965/2022 20.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı – cəmi 68138,64 manat - bundan 56318,25 manat əsas, 11717,85 manat faiz, 102,54 manat cərimə borcunun və ödənilmiş 294,85 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvaynaya küçəsində yerləşən 16/ saylı fərdi yaşayış evi və 0,03389 ha torpaq sahəsinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehin həmin evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 129.LN.1501.281217.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 300 ay müddətinə illik 8 faiz ödənilmək şərti ilə 57000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 129.CL.291217.00002/a saylı İpoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvaynaya küçəsində yerləşən 16/ saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir.Kredit müqaviləsinin 3.1.6cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********298 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 68138,64 manat təşkil edir. Bundan 56318,25 manat əsas, 11717,85 manat faiz, 102,54 manat cərimə borcu təşkil edir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddianı qismən qəbul edərək, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında 129.LN.1501.281217.00002 saylı, xx.xx.2017-ci il tarixdə bağlanmış əsas kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 300 ay müddətində, illik 8% ödəmək şərti ilə 57000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan LPO İddiaçı ASC, ipoteka qoyan Cavabdeh ilə satıcı X1 arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvaynaya küçəsi, 16 saylı evinə və 0,03389 ha torpaq sahəsinə dair alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İşin materiallarında olan **********446 saylı xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 56318,25 manat məbləğində əsas, 11717,85 manat faiz, 102,54 manat cərimə cəmi 68138,64 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvaynaya küçəsi, ev 16/ fərdi yaşayış evi LPO İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarından görünür ki, İddiaçı ASC tərəfindən ipoteka predmetinə yönəldilməsinə dair bildiriş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydə alınması üçün göndərilmişdir. İş materiallarında olan LPO İddiaçı ASC tərərfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında görünür ki, Bakı şəhəri Xətai Rayon məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3742 saylı ekspert rəyindən görünür ki, Cavabdeh LPO İddiaçı ASC-nə xx.xx.2021-ci il tarixinə 56394,88 manat məbləğində əsas və 11894,09 manat məbləğində faiz borcu vardır. İş materiallarında görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə ipoteka predmeti olan göstərilən daşınmaz əmlakın bazar qiymətinə və likvid qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-nə həvalə olunmuş və MMC-nin Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin likvid dəyərinin müəyyənləşdirilməsi üzrə 289 saylı hesabatla qeyd edilən mənzilin və torpağın likvid dəyərinin 85000 manat olması müəyyən olunmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu, ona hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 294,85 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 294,85 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin Cavabdeh məxsus ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə və həmin əmlakın hərracda satılmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, hazırda ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında olan razılaşma və məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə rəyi ilə ipoteka predmetinin qiyməti 85000 manat müəyyən edilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 2 saylı fərdi yaşayış evinin və və 0,03389 ha torpaq sahəsinin ilkin satış qiyməti tərəflər arasındakı razılaşma və qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən 85000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməli və qalan vəsait Cavabdeh qaytarılmalıdır. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehin həmin evdən çıxarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə iddianın “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması”na dair iddiaçının dəlillərini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci olan 100 manat və daşınmaz əmlakın qiymətləndirilməsi xərci olan 400 manat Cavabdeh tutulmalıdır. Belə ki, ekspertiza tədqiqatından göründüyü kimi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat, mənzilin qiymətləndirilməsi xərclərinin dəyəri isə 400 manat məbləğindədir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza xərcinə daxil olan 100 manat cavabdehdən alınaraq dövlət büdcəsinə, mənzilin qiymətləndirilməsi xərclərinin dəyəri olan 400 manat pul vəsaiti isə cavabdehdən alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 56318,25 (əlli altı min üç yüz on səkkiz manat iyirmi beş qəpik) manat məbləğində əsas borc, 11717,85 (on bir min yeddi yüz on yeddi manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 102,54 (yüz iki manat əlli dörd qəpik) cərimə borcu olmaqla, cəmi 68138,64 (altmış səkkiz min yüz otuz səkkiz manat altmış dörd qəpik) manat məbləğində kredit borcu, 294,85 (iki yüz doxsan dörd manat səksən beş qəpik) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,03389 ha torpaq sahəsinə yönəldilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,03389 ha torpaq sahəsinin likvid qiyməti 85000 (səksən beş min) manat məbləğində olmaqla, mənzil açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 68138,64 (altmış səkkiz min yüz otuz səkkiz manat altmış dörd qəpik) manat məbləğində kredit borcu, 294,85 (iki yüz doxsan dörd manat səksən beş qəpik) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumun əvəzi İddiaçı ASC-nə ödənilsin. Borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğ Cavabdeh qaytarılsın. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,03389 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Cavabdeh öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 (yüz) manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. 400 (dörd yüz) manat məbləğində qiymətləndirmənin aparılması üçün çəkilmiş xərclərin dəyəri Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-1965/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1965/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver