Məhkəmə qərarları › İş №e-2(011)-1968/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1968/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1968/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əbdülhəsən qızına qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 2023/00081-01 saylı istehlak kredit müqaviləsi bağlanmış, müqaviləyə görə iddiaçı ona istehlak məqsədi üçün 8400 manat məbləğində, illik 30% olmaqla, 36 ay müddətinə kredit vermişdir. Müqavilənin əlavəsi olan ödəniş cədvəlinə əsasən kreditin aylıq ödənişi 356,59 manat müəyyən edilmişdir.

2. Eyni zamanda, iddiaçı (ipoteka saxlayan) ilə cavabdehlər Cavabdeh2 (borc alan) Ülviyyə Nuriyeva (ipoteka qoyan) arasında arasında xx.xx.2023-cü il tarixli 2023/00081- 01İP saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncuya məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 23 saylı evin 91 nömrəli mənzil (bundan sonra – Mənzil) iddiaçının aldığı istehlak kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində Mənzilin ilkin satış qiyməti 78000 manat müəyyən edilmiş, iddiaçının ipoteka hüququ xx.xx.2023-cü il tarixdə, Mənzilə tutmanın yönəldilməsi barədə bildiriş isə xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı kredit müqaviləsi üzrə 5940,54 manat əsas, 1220,25 manat faiz borcu, 1495,20 manat dəbbə pulu olmaqla, cəmi 8655,99 manat, ödənilmiş 107 manat dövlət rüsumunun Cavabdeh2 tutulması, tələbin Ülviyyə Nuriyevanın mülkiyyətində ipoteka predmeti olan Mənzilə yönəldilməsi, həmin Mənzilin ilkin satış qiymətinin 78000 manat müəyyən olunmaqla, hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin 5940,54 manat əsas, 1220,25 manat faiz borcunun, 1495,20 manat cərimə olmaqla, cəmi 8655,99 manat pulun, 107 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi, Mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bankla ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00081-01 №-li Krеdit müqaviləsinə əsasən 8400 manat məbləğində krеdit cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində Mənzilini ipoteka predmeti kimi Banka təqdim etmiş və bu barədə xx.xx.2023-cü il tariхli 2023/00081-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2023-cü il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 78000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddaçı cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmiş, cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmiş, lakin məktubu cavabdehə çatdırmaq mümkün olmamışdır. Kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. xx.xx.2024-cü il tarixinə kreditin əsas borcu üzrə 5940,54 manat məbləğində qalıq, ona hesablanmış 1220,25 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1495,20 manat məbləğində dəbbə pulu, cəmi 8655,99 manat məbləğində borc yaranmışdır.

b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər etirazlarını yazılı şəkildə məhkəməyə təqdim etməmişlər.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə iclası barədə məlumatlandırılsa da, nümayəndəsini iştirakını təmin etməsə də, Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasına etiraz etmədiyini bildirdi.

8. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən, əsas və faiz borcunun tələb edilməsi hissəsində qəbul etdiyini, dəbbə pulu kimi hesablanmış pul məbləği ilə razı olmadığını bildirdir.

Mülki işə tətbiq edilən hüquq:

9. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

10. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

14. Maddə 739.1. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

16. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

17. Maddə 36. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı (ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə qeyd olunan) əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

18. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

19. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

26. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

27. Məhkəmənin qənaətinə görə iddia kredit borcunun cavabdehlərdən tutulması hissəsində qismən əsaslıdır.

28. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Kredit müqaviləsi bağlanmışdır.

29. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

30. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh2 arasında istehlak krediti (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Cavabdeh2a verməklə öhdəliyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir.

31. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi Borc haqqında arayışında da cavabdehin xx.xx.2023-ci il tarixə, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5940,54 manat əsas borcu, 1220,25 manat faiz borcu, 1495,20 manat cərimə borcu olmaqla, cəmi 8655,99 manat məbləğində borcunun olması qeyd edilmişdir.

32. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizlə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini alaraq ondan istifadə etmiş, lakin pulu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas və faiz borcunun tələb etməkdə haqlı olmuşdur.

33. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

34. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur(3.1-ci bənd). Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Lakin məhkəmə əsas borcun həcminə münasibətdə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 200 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

36. Məhkəmə, tələbin ipoteka qoyulmuş Mənzilə yönəldilməsinə, onun açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsinə dair hissəsələrini də araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissələrdə də əsaslıdır. Cavabdeh2un iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır.

37. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, ipoteka qoyulmuş Mənzil açıq hərracdan satış yolu ilə realizə edilməlidir, çünki bunun üçün hüquqi əsaslar mövvcuddur. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 əsas kredit borcu üzrə ödənişləri qanunla müəyyən edilmiş müddətdən artıq geçikdirmiş və ona ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilməklə, cavabdehlər tərəfindən alınmışdır. Eləcə də, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirş ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində qeydə alınmışdır.

38. Məhkəmə hesab edir ki, Mənzilinin likvid dəyəri 78 000 manat müəyyən edilməlidir. Məhkəmə likvid dəyərinin göstərilən məbləğdə müəyyən edilməsi barədə nəticəyə gələrkən cavbdehlərin Mənzilin dəyərini mübahisələndirməmələrini nəzərə alır. Belə ki, Cavabdeh2 iştirak etdiyi məhkəmə iclaslarında bu məsələyə münasibət bildirməmiş, yalnız hesablanmaış dəbbə pulunu mübahisələndirmiş, həmçinin Mənzilin mülkiyyətçisi olan digər Cavabdeh1 bununla bağlı məhkəməyə etirazını təqdim etməmişdir.

39. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan Mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay ərzində cavabdehlərin Mənzildə yaşayan digər şəxslərin Mənzili boşaltmaları hissəsində iddia təmin edilməlidir. Belə ki, Cavabdeh2un iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı ipoteka predmeti hərracda satıldıqdan 1 ay sonra Mənzilin boşaldılmasını tələb etməkdə də haqlıdır. Həmçinin, digər cavabdehin də Mənzildən çıxarılması ilə bağlı hüquqi əsaslar mövcuddur. Cavabdeh1 Əbülhəsən Haxıyevin kredit öhdəliyinə görə Mənzilin ipotekaya qoyulmasına razı olmuşdur.

40. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilməsi nisbətində (iddia 85% nisbətdə təmin edilmişdir) tərəflərə aid edilməlidir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, 2023/00081-01 saylı kredit müqaviləsi üzrə 5940,54 manat əsas, 1220,25 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 7360,79 manat pul, 90,25 manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 29 saylı evin 91 nömrəli mənzilə yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 29 saylı evin 91 nömrəli mənzilin likvid dəyəri 78.000 manat olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan cəmi 5940,54 manat əsas, 1220,25 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 7360,79 manat pul İddiaçı ASC-yə ödənilsin. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 29 saylı evin 91 nömrəli mənzil satıldıqdan sonra 1 ay ərzində həmin mənzil boşaldılsın və orada yaşayan şəxslər əşyaları ilə birlikdə mənzildən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 13,75 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə yerləşdirildiyi) gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar