Məhkəmə qərarları › İş №e-2(011)-1983/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1983/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1983/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin; İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi və s” tələbinə qarşılılqı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2100 manat əsas, 238.26 manat faiz, 5.91 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2344.17 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 43.45 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan ÜmumiOferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 2100 manat məbləğində kredit xətti açılmışdır. X1 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmışÜmumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 27 dekabr 2023, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 2100 AZN əsas, 238,26 AZN faiz, 5,91 AZN cərimə, 0AZN komisyon haqqı borcu olmaqla, cəmi 2344,17 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia tələbləri: İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ilkin iddianın rədd edilməsi, onu təhdid etdikləri üçün əməkdaşları cəzalandırılması, ona vurduqları maddi və mənəvi ziyanın qarşılanması, kart hesabından oğurlanmış vəsaitin ondan tələb edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin dəlilləri: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, elektron müraciət edərək "xxxx" KB ASC-dən Leobank debit kartı sifariş vermiş və xx.xx.2022-ci il tarixində müqavilə bağlayaraq debit kartını əldə etmişdir. xx.xx.2022-ci il tarixinədək həmin karta şəxsi vəsaitini qoyaraq istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə növbəti ödənişini edəndə kartda şəxsi vəsaitindən əlavə 2100 manat məbləğin olduğunu görmüş, yanlışlıq olduğunu zənn etmiş və silinəcəyini düşünmüşdür. Bir aydan sonra məbləğin silinmədiyini gördükdə bankın *7773 xidmətinə zəng vurmuş- “Sizə kredit xətti ayrılıb istəsəniz istifadə edə bilərsiz və s. məlumat verildi”. Qeyd edir ki, bank krediti ayırarkən bu barədə ona məlumat verməyib və onun razılığı alınmayıb. İddiaçı kredit borclarını həmişə vaxtında və tam şəkildə ödəmişdir. Bunu onun banklarda olan kredit tarixçəsindən də görmək mümkündür. xx.xx.2023-cü ildə saat 16:11-də mənə Leobank-ın *7773 təhlükəsizlik xidməti tərəfindən zəng olundu, kartı kim istifadə etdiyini soruşdu və iddiaçı kartı özü istifadə etdiyini, heç kimə vermədiyimi bildirdi. Leobank-ın *7773 təhlükəsizlik xidmətinin əməkdaşı cavabdehə başqa heç bir məlumat verməyərək zəngi sonlandırdı. Bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 19:28-də Leokartda olan 2100 (iki min yüz) manat limitdən və onun şəxsi vəsaiti olan 33 (otuz üç) manat məbləğdən bir dəfəyə 2123 (iki min yüz iyirmi üç) manat 46 qəpik pul naməlum şəraitdə kartın balansından silinmişdir, əlavə olaraq başqa əməliyyatlar aparılmışdır və bu əməliyyatlar edildikdə bank tərəfindən sms bildiriş göndərilməli olduğu halda ona pulun çəkilməsi barədə xəbərdarlıq edilməmişdir. Yalnız, xx.xx.2023-cü il tarixdə alış-veriş etdikdən ona məxsus Leobank kartından ödəniş etmək istədikdə kartın bloklandığını və balansında olan 2123,46 manat məbləğində pulun naməlum şəraitdə çıxarıldığını görmüşdür. Başa düşdü ki, Bank baş vermiş hadisədən iki gün əvvəl məlumatlı olub. Hadisənin bankın hansısa əməkdaşının birbaşa və ya dolayı iştirakı ilə baş verdiyi də ola bilər. İddiaçı bu hal ilə bağlı banka və hüquq mühafizə orqanlarına müraciət etdi. Unibank ərizəni qəbul etməkdən imtina etdikdən sonra Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmiş, Mərkəzi Bank ərizəni Unibanka yönləndirdi və başqa heç bir kömək edici tədbir görmədi. Unibank isə cavabında istifadə etdiyi Leo.az adlı saxta platforma olduğunu və hüquq-mühafizə orqanlarına müraciət etməyini tövsiyə edərək məktubu tamamlamış oldu. Bank tərəfindən ona kömək edilmək əvəzinə dəfələrlə ona zəng vurub məhkəməyə veriləcəyi barədə, iş yerində biabır edəcəkləri barədə hədə qorxu gəlirlərdilər və onun istifadə etmədiyi pulun ödənilməsini tələb edirdilər. Hüquq mühafizə orqanlarından ona gələn cavab məktublarında hadisəni törətmiş şəxsi müəyyən etmək mümkün olmadığı üçün cinayət işinin başlanmasını rədd etmişlər. Cavabdeh adını bankda gecikmə olan siyahılara daxil edib onu pulun ödənilməməsində günahkar bilərək məhkəməyə müraciət ediblər. Zərərçəkən olduğu halda bankın təhdid dolu davranışları qəbuledilməzdir. Bank müştərilərin bankın məhsulu olan elektron ödəniş sistemilərində təhlükəsiz istifadə etməsi 2 üçün yetərincə çalışmayıb. Saxta Leo.az internet səhfəsinin olduğu halda onu əvvəlcədən məlumatlandırmayıb və etməli olduğu digər təhlükəsizlik tədbirlərini görməyib. Tərəflərin izahatları: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə iştirakları olmadan baxılmasını, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiamı Cavabdeh məhkəmə iclasında izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi Oferta ilə tanış olmuş və ümumi ofertanın bütün şərtlərini qəbul etmişdir. xx.xx.2023-cü il tarixli Unibank/LB0002847-1 saylı arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-c il tarixli Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə AGİD**********3 nömrəli kredit xətti açılmış, kredit limitinin məbləği 2100 manat, kreditin başlanma tarixi xx.xx.2022-ci il, kreditin bitmə tarixi xx.xx.2025-ci il, kreditin müddəti 35 ay və fazi dərəcəsi illik 27.6 %(2.3% aylıq) olmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 2100 manat əsas, 238.26 manat faiz, 5.91 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2344.17 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə verilərkən 43.45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixində olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh ona məxsus olan “Leobank” tərəfindən verilmiş 4098********5770 nömrəli bank kartından 2123.46 manat məbləğindən pulun naməlum şəkildə çıxarılması ilə bağlı Nərimanov RPİ 17-cı PŞ-nə müraciət etmiş və cinayət hadisəsinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarından olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində təyinat “vse dlja domu” olmaqla, cavabdehı məxsus plastik kartdan 2123.46 manat məbləğində pul çıxarılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, İMŞİEŞ/647 nömrəli məktubundan görünür ki, cavabdehə məxsus 4098********5770 nömrəli kartının balansındanxx.xx.2023-cü il, 19:28 radələrində 2123.46 AZN məbləğ məxaric olunub. Müştərinin müraciət araşdırılmış və nəticə olaraq aşkar edilmişdir ki, Cavabdeh sosial şəbəkələrdə reklam olunan saxta Leo.az adlı platformaya daxil olaraq (qeyd olunan platforma müştərilərə hədiyyə,lotoreya təklif edərək məlumatları ələ keçirir) kart məlumatlaırnı və OTP kodu təqdim edib. Daha sonra isə kart balansından silinmə olub. xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi Ofertanın 3.1.10-cu bəndinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır Ümumi Ofertanın 3.1.14-cü maddəsinə əsaəsn “Kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə (tel: *7773) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”dan əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır. Ümumi Ofertanın 3.1.15-ci maddəsinə əsasən kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsə, Bank bu problemlərə görə Müştəri qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı Müştəri tərəfindən sübut edilməyincə, həmin problemə görə Bankın məsuliyyəti istisna olunur. Ümumi Ofertanın 3.1.21-ci maddəsinə əsasən müştəri öz hesabının müstəqil sərəncamçısıdır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsaslı olduğundan, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada ümumi oferta bağlanılmış, həmin ofertaya əsasən tərəflər arasında öhdəliklər yaranmış, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 2100 manat əsas, 238.26 manat faiz, 5.91 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2344.17 manat borcun tutulması barədə tələb əsaslıdır. Məhkəmə qarşılıqlı iddia tələblərinin tələblərinə münasibət bildirərək, qeyd edir ki, cavabdeh ona məxsus plastik kartdan mütəmadi olaraq istifadə etmiş, onlayn oyunların (lotoreyaların) oynanılması ilə bağlı, OTP kodu daxil olmaqla kart məlumatlarını saxta onlayn platformalara bildirdiyindən onun hesabından pul çıxmışdır. Hazırda qarşılıqlı iddia ərizəsindən də görünür ki, cavabdeh iddiaçını saxta Leo.az platformasının olması halda bank tərəfindən onun məlumatlandırılmaması və digər təhlükəsizlik xidmətlərinin görülməməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, ümumi ofertanın 3.1.2-ci maddəsində qeyd edilmişdir ki, əsasən müştəriyə təqdim olunan kartın növünə uyğun olaraq bütün şərtlər Bankın - https://www.leobank.az – Rəsmi saytında (bundan sonra: “sayt”) əks olunur. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh bank hesab məlumatlarını könüllü şəkildə bildirmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh 2100 AZN əsas, 238,26 AZN faiz, 5,91 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 2344,17 AZN manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir, qarşılıqlı iddia isə rədd edilməlidir. . Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43.45 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia təmin edilsin. 2100 (iki min yüz) manat əsas, 238.26 (iki yüz otuz səkkiz manat, iyirmi altı qəpik) manat faiz, 5.91 (beş manat, doxsan bir qəpik) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 2344.17 (iki min üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti və 43.45 (qırx üç manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-nə ödənilsin. İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ilkin iddianın rədd edilməsi, onu təhdid etdikləri üçün əməkdaşların cəzalandırılması, ona vurduqları maddi və mənəvi ziyanın qarşılanması, kart hesabından oğurlanmış vəsaitin ondan tələb edilməməsi barədə qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar