Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1989/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə yazılı borc müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı cavabdehə 50126 borc pul verməyi, cavabdeh isə borcu 3 ay müddətinə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Borc məbləği şirkətin böyüdülmsi və inkişaf etdirilməsi məqsədilə verilmişdir. Müqavilə şərtinə görə borc məbləği borcluya (cavabdehə) onun kart və www.azeirja.az saytında olan hesabına köçürülməklə və ya nağd qaydada verilir (bənd 1.4). Borcun qaytarılması ilə bağlı müqavilə şərtlərinə görə isə borc 90 günün sonunda qaytarılacaq (bənd 1.2), borcun əsas məbləğindən qalan 35300 manat isə 3 ay ayın sonunda və ya borc alanın şirkətinin www.azeirja.az saytında kreditror üçün açılan hesabına istənilən vaxt ay tamam olmadan da ödəyə bilər (bənd 1.3). Eləcə də, müqavilənin 1.5 və 1.6-cı bəndlərinə görə iddiaçı borcu müqavilə müddətindən tez tələb edərsə, cavabdeh (borclu) aldığı borcdan 24710 manat ödəyəcək (bənd 1.5), əgər cavabdeh aldığı borcun 35300 manat hissəsini müqavilıin 1.3-cü bəndində göstərilən ay tamam olmadan köçürübsə, kreditor (iddiaçı) yenə ay tamam olmadan əsas borc məbləğini tələb edərsə, cavabdeh (borc alan) ödədiyi 35300 manatdan 10590 manatı özünün etdiyi zərər kimi çıxaraq, ona 24170 manat hissəsini ödəyəcək.
2. Cavabdeh tərəfindən alınmış borc iddiaçıya qaytarılmamışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı 50126 manat məbləğində borc pulun cavabdehdən alınıb ona verilməsi, əgər maddi olaraq hesabında bu qədər vəsait yoxdursa mələğin cavabdehə məxsus əmlaka yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə 2024-cü il tarixdə kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra şirkətin dirüktoru Ali Aksun ona şirkətə məxsus olan fəaliyyət göstərdi və ondan şirkəti böyütmək və inkişaf etdirmək üçün borc pul verməyini xahiş etdi. O, cavabdehə inanaraq xx.xx.2024-cü ildə 50126 manat məbləğində borc vermişdir. Müqavilə üzrə borcun vaxtı bitsə də, cavabdeh almış olduğu pulu müxtəlif bəhanələrlə geri verməkdən imtina edir və bu səbəbdən ağır maddi vəziyyətə düşmüşdür.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verırık iddianın təmin edilməsini xahiş etdi.
7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
11. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
18. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
19. Tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir.
20. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
21. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında yazılı borc (kredit) müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək 50126 manat pul məbləğini cavabdehə ödəməklə və həmin pula olan mülkiyyət hüququnu da cavabdehə verməklə öhdəliyini icra etmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, sözügedən pul vəsaiti elə eyni tarixdə də cavabdeh tərəfindən qəbul edilmişdir. Tərəflər arasında bağlanmış borc müqaviləsi həm də ona görə etibarlı müqavilədir ki, məbləğindən asılı olaraq qanunla müəyyən edilmiş yazılı formada bağlanmışdır. Belə ki, Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Qanunun tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
22. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc (kredit) müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə və şərtlərlə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüş, lakin müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Bununla da cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur.
23. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 50126 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.
24. Məhkəmə hesab edir ki, 240,38 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 50126 manat məbləğində pul vəsaiti və 240,38 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı