Məhkəmə qərarları › İş №e-2(011)-20/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-20/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-20/2025 13.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, DEN-00021-20/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 30 mart 2023-cü il tarixinə olan 187.830,85 manat əsas borc, 86.153,83 manat faiz borcu, 56.411,45 manat dəbbə borcu, ümumilikdə 330.396,13 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 620.40 manat dövlət rüsumu və 0.93 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 13 dekabr 2019-cu il tarixli, DENG-00021-20/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanında yerləşən qeyriyaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması, mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, DEN-00021-20/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 48 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 300.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh 13 dekabr 2019-cu il tarixdə iddiaçıyla DENG-00021-20/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanda yerləşən qeyri-yaşayış sahəsi ipoteka saxlayana ipotekaya qoymuşdur. Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanda yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən qiymətləndirilməsinin aparılması həyata keçirilmişdir və 2019-cu il tarixinə real bazar dəyəri 530.000 manat, likvid dəyəri 450.000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 6-cı və ipoteka müqaviləsinin 7-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 187830.85 manat, faiz borcu 86153.83 manat, dəbbə borcu 56411.45 manat təşkil edir. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 330.396,13 manat təşkil edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə tətbiq edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla cavabdehin mülkiyyət hüququ tanınmışdır. Bank "xxxx" ASC ilə Cavabdeh arasında 13 dekabr 2019-cu il tarixli, DEN-00021- 20/19A saylı sonrakı kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən cavabdehə illik 18% dərəcəsi ilə 48 ay müddətinə qaytarmaq şərtilə 300.000 manat məbləğində kredit verilmişdir. Bank "xxxx" ASC ilə Cavabdeh arasında 13 dekabr 2019-cu il tarixli, DEN-00021- 20/19A saylı sonrakı ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanda yerləşən qeyri-yaşayış sahəsini ipotekaya qoymuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi xx.xx.2021-ci il tarixdə 48 ay müddətinə Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Təqdim edilmiş maliyyə arayışından görünür ki, 30 mart 2023-cü il tarixə cavadbehin banka olan əsas borcu 187.830,85 manat, faiz borcu 86.153,83 manat, dəbbə borcu 56.411,45 manat olmaqla, ümumilikdə 330.396,13 manat təşkil edir. Cavabdehin vəkili vəsatət təqdim edərək Cavabdeh həyat yoldaşının başqa məhkəmədə banka qarşı ipoteka müqaviləsinin etibarsızlığına dair iddia qaldırdığını bildirmiş, məhkəmə də cavabdehin arvadı X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Bank "xxxx" ASC-nin Kredit Komitəsinin 17 avqust 2020-ci il tarixli protokolundan görünür ki, Cavabdeh ilə Bank "xxxx" ASC arasında imzalanmış xx.xx.2019-cu il tarixli DEN-00021-20/19A saylı kredit müqaviləsi üzrə 120.000 manat məbləğində ödəniş edildikdən sonra təminat qismində çıxış edən Cavabdeh məxsus ümumi sahəsi 337.3 kv.m olan qeyri-yaşayış sahəsinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli. **********28-05301-083003 reystr nömrəli, RX ******* seriyalı) birinci mərtəbəsinin (sahəsi 159.2 kv.m) girovda qalması şərti ilə, ikinci mərtəbənin (178.1 kv.m-lik sahənin) girovdan azad edilərək X2 yeni dövlət reytrindən çıxarışın verilməsi təsdiq edilmişdir. Cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli 4/1287 saylı ekspert rəyindən görünür ki, Bank "xxxx" ASC-nin "Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış DEN-00021-20/19A nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsində "9.2. Borcalan" bəndində "Cavabdeh yazıları qarşısındakı imza; Cavabdeh adına olan xx.xx.2019-cu il tarixli xəzinə məxaric orderində "Alanın imzası" qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixli 9/9176 saylı ekspert rəyindən görünür ki, müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, 851- 852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanında yerləşən, yuxarıda qeyd edilən analoji xüsusiyyətlərə malik qeyri-yaşayış sahələrinin satışına və qiymətinə dair məlumat olmadığı müəyyən edildi. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mumkün olmadı. Ekspertiza tərəfindən qiymətləndirmə aparılması mümkün olmadığından iş üzrə "xxxx" MMC tərəfindən mütəxəssis rəyi alınmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş 14 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 550.000 manat, likvid dəyəri 468.000 manat olaraq müəyyən edilmişdir. Cavabdeh tərəfindən öhdəlik tam və vaxtında icra olunmamış, bank tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 158.1.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu: 27.3-cü madddəsinə əsasən, ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdeh ilk olaraq qeyri-yaşayış sahəsinin bütövlükdə yəni 337.3 kv.metrlik sahəni bank qarşısında ipoteka ilə yüklü edərək 300.000 manat kredit götürmüşdür. Daha sonra kredit müqaviləsi üzrə 120.000 manat məbləğində ödəniş edildikdən sonra təminat qismində çıxış edən ümumi sahəsi 337.3 kv.m olan qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin (sahəsi 159.2 kv.m) girovda qalması şərti ilə, ikinci mərtəbənin (178.1 kv.m-lik sahənin) girovdan azad edilərək X2 yeni dövlət reyestrindən çıxarışın verilməsi təsdiq edilmişdir. Odur ki, hazırda əmlakın 159.2 kv.metrlik sahəsi ipoteka ilə yüklü olaraq qalmışdır. Araşdırma zamanı cavabdehin vəkili izahat verərək bildirmişdir ki, sözügedən qeyriyaşayış sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan cavabdehin arvadının əmlakın yüklü edilməsinə razılığının olmadığını əsas gətirərək müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdir. Lakin buna dəlalət edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə əmlakın həqiqətən də birgə nikah dövründə əldə edilmiş əmlak olub-olmamasını və notariat işində əmlakın yüklü edilməsinə dair cavabdehin arvadının razılığının olub-olmamasını aydınlaşdırmaq üçün notariat işi tələb edilmiş, onun təhlili zamanı müəyyən edilmişdir ki, sözügedən əmlak bağışlama müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçmişdir. Odur ki, müqavilənin etibarsız sayılması üçün əsaslar mövcud deyil. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Bank "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, DEN-00021-20/19A saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş pretenziya məktubu ilə iddiaçı cavabdehə müqavilənin ləğv edilməsi yönündə iradə ifadəsini bəlli etmişdir. Qanunvericiliyin tələblərinə əsasən, müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduqda müqavilənin birtərəfli qaydada pozulmasına yol verilir. Hazırkı iş materiallarından da görünür ki, cavabdeh müqavilə üzrə ödənişlərini vaxtında icra etməməklə müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iradə ifadəsini bəlli etməklə müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə artıq ləğv edildiyindən, bu hissəyə məhkəmə qətnaməsi ilə qiymət verilə bilməz. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Nə qədər ki, cavabdeh tərəf ondan tələb edilən vəsaiti mübahisələndirməmişdir, məhkəmə iddia tələbinin kredit müqaviləsindən irəli gələn 30 mart 2023-cü il tarixinə olan 187.830,85 manat əsas borc, 86.153,83 manat faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsindən irəli gələn 30 mart 2023-cü il tarixinə olan 56.411,45 manat dəbbə borcunun Cavabdeh tutulmasına münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdehlər tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq müəyyən edilmiş 56.411,45 manat cərimənin 5.600 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin Cavabdeh ilə bağlanan 13 dekabr 2019-cu il tarixli, DENG- 00021-20/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin qeyriyaşayış sahəsinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mənzilin dəyərinə dair rəy verilmədiyindən məhkəmə mütəxəssis tərəfindən təqdim edilmiş rəyi sübut qismində qəbul edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 14 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 550.000 manat, likvid dəyəri 468.000 manat olaraq müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə mütəxəssis tərəfindən verilmiş mənzilin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və mənzilin boşaldılması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, yuxarıda qeyd edilən normalardan da göründüyü kimi, eyni zamanda oturuşmuş məhkəmə praktikasına əsasən ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə həmin əmlak bir ay ərzində boşaldılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, DEN-00021- 20/19A saylı kredit müqaviləsi üzrə 187.830,85 (bir yüz səksən yeddi min səkkiz yüz otuz manat səksən beş qəpik) manat əsas borc, 86.153,83 (səksən altı min yüz əlli üç manat səksən üç qəpik) manat faiz borcu, 5.600 (beş min altı yüz) manat dəbbə borcu, ümumilikdə 279.584,68 (iki yüz yetmiş doqquz min beş yüz səksən dörd manat altmış səkkiz qəpik) manat məbləğində borc, 620.40 (altı yüz iyirmi manat qırx qəpik) manat dövlət rüsumu və 0.93 (doxsan üç qəpik) manat bank xidməti haqqı Cavabdeh alınaraq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməli, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 13 dekabr 2019-cu il tarixli, DENG-00021-20/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldilərək, açıq hərracda satılmalı, borc qeyri-yaşayış sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilsin və ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 468.000 (dörd yüz altmış səkkiz min) manat məbləğində müəyyən edilsin və həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməli, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğ Cavabdeh tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsi boşaldılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 620.40 manat dövlət rüsumu və 0.93 manat bank xidmət haqqı ödəmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş qiymətləndirmə ekspertizasının dəyəri 50 manat, xətşünaslıq ekspertizasının dəyəri 127 manat təşkil edir. Odur ki, cavabdehdən 620.40 manat dövlət rüsumu və 0.93 manat bank xidmət haqqı tutularaq iddiaçıya, 177 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, DEN-00021-20/19A saylı kredit müqaviləsi üzrə 187.830,85 (bir yüz səksən yeddi min səkkiz yüz otuz manat səksən beş qəpik) manat əsas borc, 86.153,83 (səksən altı min yüz əlli üç manat səksən üç qəpik) manat faiz borcu, 5.600 (beş min altı yüz) manat dəbbə borcu, ümumilikdə 279.584,68 (iki yüz yetmiş doqquz min beş yüz səksən dörd manat altmış səkkiz qəpik) manat məbləğində borc, 620.40 (altı yüz iyirmi manat qırx qəpik) manat dövlət rüsumu və 0.93 (doxsan üç qəpik) manat bank xidməti haqqı Cavabdeh alınaraq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 13 dekabr 2019-cu il tarixli, DENG-00021-20/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldilərək, açıq hərracda satılsın. Borc qeyri-yaşayış sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilsin və ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 468.000 (dörd yüz altmış səkkiz min) manat məbləğində müəyyən edilsin və həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin. İpoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğ Cavabdeh tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4a ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsi boşaldılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 177 (bir yüz yetmiş yeddi) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar