Məhkəmə qərarları › İş №e-2(011)-2008/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2008/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2008/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə BPM**********187 saylı tam kart çərçivə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə, illik 21% olmaq şərtilə, 6000 manat məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödəniş 185,80 (sonuncu ay üzrə 185,40) manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən alınmış kredit qismən qaytarılmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

2. İddiaçı cavabdehdən 19.11,2021-ci il tarixli, BPM**********87 nömrəli Kredit müqaviləsinə əsasən 5668.26 manat əsas, 842.99 manat faiz borcu olmaqla, cəmi 6511.25 manat, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 85.20 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsində göstərmişdir ki, aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********87 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş 26.01,2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin kredit müqaviləsi üzrə banka borcu 5668.26 manat əsas, 842.99 manat faiz borcu olmaqla, cəmi 6511.25 manat təşkil edir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 85.20 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə cavabdehin qeydiyyat ünvanı üzrə xx.xx.2023-cü il tarixində 6-2-22/2-1137/2023 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

4. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

5. Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə mahiyyəti üzrə işə baxılmasını xahiş etmişdir.

7. Cavabdeh məhkəmə baxışı zamanı bildirdi ki, onun borcu işləmədiyi müddətdə yığılmışdır. Hazırda borcun hamısını birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Yeni işə düzəlib, qeyri-rəsmi tikintidə işləyir. Yeni qrafik verilsə aybaay ödənişlər edə bilər.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

11. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

12. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

13. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

20. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, cavabdehə 48 ay müddətinə illik 21% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozmaqla, öhdəliyini tam icra etməmişdir.

21. Belə ki, borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

22. İşin mübahisəsiz halıdır ki, Bankla cavabdeh arasında etibarlı kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.

23. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da xx.xx.2023-cü il tarixinə cavabdehin əsas borc üzrə 5668,26 manat, faiz borcu üzrə 842,99 manat borcunun olması göstərilmişdir.

24. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizlə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini alaraq ondan istifadə etmiş, lakin pulu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

25. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsas borcunun həcminə münasibətdə qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2023-cü il tarixli, 9/4179 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə cavabdehin iddiaçıya 5665,50 manat məbləğində əsas borcu vardır.

26. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

27. Məhkəmə iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizəyə münasibətdə qeyd edir ki, iddiaçının nümayəndəsi hazırlıq iclasında iştirak etmiş, iş üzrə əlavə sübutların, vəsatət və ərizələrinin olmadığını bildirmiş, sonradan iddia tələbinin həcminin artırılacağı barədə də məlumat da verməmiş, sonrakı iki məhkəmə baxışında iştirak etməmiş, yalnız ikinci (sonuncu) məhkəmə baxışı günü (iclasa təxminən 2 saat qalmış) iddia tələbinin həmçinin artırılması barədə ərizəni elektron qaydada göndərmişdir. Halbu ki, buna qədər iddiaçıya da lazımı qaydada məhkəmə iclasları ilə bağlı məlimat verilmiş, iş üzrə təyin edilmiş ekspert rəyi də artıq məhkəməyə daxil olmuşdur.

28. Mülki Prossesual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizə qəbul edilə bilməz, belə ki, iddia tələbinin həcminin arıtırılması barədə ərizəni iddiaçı, ən azından işə mahiyyəti üzrə baxılmağa başlanana qədər, eyni zamanda iş üzrə ekspertiza təyin edilənə qədər vermək imkanına malik idi. Mülki iş üzrə bütün araşdırmalar aparıldıqdan, sübutlar təqdim edildikdən, habelə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi məhkəməyə daxil olduqdan sonra yenidən iddianın predmetini təşkil edən pul vəsaitinin (faiz borcunun) artırılması barədə ərizənin verilməsi və bu prosesin hər məhkəmə iclasından sonra edilməsi mülki işin icraatının lüzumsuz uzanmasına səbəb ola bilər.

30. Məhkəmə hesab edir ki, 85,20 manat məbləğində dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması nisbətində cavabdehdən tutulmalıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********187 saylı kredit müqaviləsi üzrə 5665,50 manat məbləğində əsas borc, 842,99 manat məbləğində faiz borcu olmaqla, cəmi 6508,49 manat məbləğində borc və ödənilmiş 85,20 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tətqiqatının dəyəti kimi hesbalanmış 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar