Məhkəmə qərarları › İş №e-2(011)-2020/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2020/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2020/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, 02 ədəd “İphone 13 pro” markalı mobil telefonun dəyəri olan 5.300 azn (beş min üç yüz) məbləğində pul vəsaitinin, məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 1200 (bir min iki yüz) manat məbləğində qonorarın və məhkəməyə iddia verilməsi məqsədilə tərəflərindən ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə qaydasında tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (Satıcı) ilə cavabdehlər Cavabdeh2 (Alıcı) və Cavabdeh1 (Alıcı) arasında 28 noyabr 2022-ci il tarixdə şifahi şəkildə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı cavabdehlərə 02 ədəd “İphone 13 pro” markalı mobil telefonu verməyi, cavabdehlər isə onun qarşılığında 6.300 (altı min üç yüz) azn məbləğində pul vəsaitini Satıcıya ödəməyi öhdəsinə götürümüşlər. Qarşılıqlı razılıq əsasında telefonların ilkin ödənişi üçün cavabdehlər 1.000 (bir min) manat məbləğində pul vəsaitini ödəmiş, ödənişin digər hissəsini isə ilk 11 ay - 400 azn, 12-ci ay isə 900 azn ödəmək barədə razılıq əldə etmişlər. Müqaviləyə əsasən ilkin ödəniş istisna olmaqla, qeyd edilən tarixdən bugünədək Alıcılar tərəfindən Satıcının xeyrinə heç bir ödəniş həyata keçməmiş, beləliklə də, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmiş və müqavilə şərtini pozmuşdurlar. İddiaçı ilə cavabdehlər arasındakı alqı-satqı münasibətlərini təsdiq edən “Whatsapp” mobil tətbiqi üzərindən yazışmalar və səs qeydləri də mövcuddur və- onlar 01 diskdə qoşma qismində iş materiallarına əlavə ediləcəkdir.Qeyd olunanları nəzərə alaraq, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, 02 ədəd “İphone 13 pro” markalı mobil telefonun dəyəri olan 5.300 azn (beş min üç yüz) məbləğində pul vəsaiti, məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 1200 (bir min iki yüz) manat məbləğində qonorar və məhkəməyə iddia verilməsi məqsədilə tərəfindən ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə qaydasında tutularaq İddiaçı qaytarılmalıdır. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında ifadə verərək bildirmişdir ki, mübahisə predmenti olan telefonlar hal-hazırda digər Cavabdeh2dır, aralarında olan razılığa görə də həmin telefonlara görə aylıq ödənişləri Cavabdeh2 edəcəkdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbi ilə ümumiyyətlə razılaşmadığını, iddiaçının məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 1200 manat məbləğində qonorarın ondan tələb edilməsini ədalətsiz saydığını, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Onların məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, Vəkil tərəfindən məhkəməyə ərizə verilərkən 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Cavabdeh1 ilə noyabr ayından aralarında danışıqlar olmuş, ilkin ödəniş 1000 manat olmaqla, iki ədəd telefonu 12 aylıq müddətə, ayda hər iki telefon üçün ilk 11 ay 400 manat, 12-ci ay isə 900 manat ödəmək şərti ilə şifahi razılığa gəlmişlər. Cavabdeh1 ona telefonları özü və nişanlısına hədiyyə məqsədi ilə aldığını bildirmişdir. Şahid bildirir ki, daha sonra Cavabdeh2 onun yoldaşı ilə danışaraq ilkin ödənişi onun ödəyəcəyini və telefonları onun təhvil alacağını bildirmiş və almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, şahidin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclaslarında verilmiş izahatlardan bəlli olmuşdur ki, iddiaçı 02 ədəd “İphone 13 pro” markalı telefonu şifahi qaydada alqı-satqı müqaviləsi əsasında satmışdır. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 qısa olaraq vermiş olduğu izahatında iddianı qəbul etdiyini, lakin mobil telefonlara görə ödənişi digər Cavabdeh2 edəcəyini bildirmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh1 iki ədəd telefon alınması üçün iddiaçıya müraciət etmiş, telefonun əldə edilməsi üçün danışıqları aparmış, telefonun markası, sayı, ilkin ödənişi və aylıq ödənişin ödənilmə qaydasını iddiaçı ilə müəyyən etmişdir. Göründüyü kimi, müqavilənin mühüm şərtləri Cavabdeh1 ilə İddiaçı arasında razılaşdırılmış və şifahi qaydada müqavilə Cavabdeh1 Rövşən qızı ilə iddiaçı arasında bağlanmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 tərəflər arasında əldə edilmiş razılıq əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 isə götürdüyü öhdəlik hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı telefonun ödənilməmiş dəyərinin qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh1 tərəfindən iddiaçıya hər hansı məbləğin qaytarılması məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 münasibətdə olan hissəsinə münasibət verərək bildiririr ki, alqı-satqı müqaviləsində Cavabdeh2 tərəf olmamışdır. Hətta müqavilə bağlanması zamanı onun iradə ifadəsi əsas götürülməmişdir. Cavabdeh2 ilə Nərmin Saleh arasında pulun ödənilməsi barədə razılığın olması məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, 02 ədəd “İphone 13 pro” markalı mobil telefonun dəyəri olan 5.300 manat məbləğində pul vəsaitinin, məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 1200 manat məbləğində qonorarın və məhkəməyə iddia verilməsi məqsədilə tərəflərindən ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə qaydasında tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə yalnız Cavabdeh1 münasibətdə təmin edilməlidir. Belə ki, razılaşma əsasında şifahi alqı-satqı müqaviləsi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 02 ədəd “İphone 13 pro” markalı mobil telefonun dəyəri olan 5300 manat məbləğində pul vəsaiti, məhkəmədə hüquqların müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 1200 manat məbləğində qonorar, cəmi 6500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 02 ədəd “İphone 13 pro” markalı mobil telefonun dəyəri olan 5.300 manat (beş min üç yüz) məbləğində pul vəsaiti, məhkəmədə hüquqların müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 1200 (bir min iki yüz) manat məbləğində qonorar, cəmi 6500 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 (səksən beş) manat məbləğində pul Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar