Məhkəmə qərarları › İş №e-2(011)-206/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-206/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-206/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ASCinin Binəqədi filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 30 mart 2012-ci il tarixli, 009/İK/B-12 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 Banka olan 24.026,01 manat əsas, 215.87 manat faiz, 241.42 manat cərimə borcu olmaqla, cəmi 24.483,30 manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun və ödənilmiş 163.45 manat məbləğində dövlət rüsumunun cavabdeh borcalan Cavabdeh1 və birgə borcalan Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi b. 17, 5 mərtəbəli, 4 bloklu binanın 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 49 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, 30 mart 2012-ci il tarixli, 009/İK/B-12 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən (borcalan – Cavabdeh1, birgə borcalan Cavabdeh2) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə borcalan Cavabdeh1 və birgə borcalan Cavabdeh2 arasında bağlanmış 30 mart 2012-ci il tarixli, № 009/İK/B-12 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 4% olmaqla 336 ay müddətinə 34.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış 30 mart 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********79—05101-093017, Qeydiyyat nömrəsi ********** olan 25 aprel 2012-ci il tarixli Çıxarışa əsasən) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi b. 17, 5 mərtəbəli, 4 bloklu binanın 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 49 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 41.000 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, 30 mart 2012-ci il tarixli № 009/İK/B-12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1nın və Cavabdeh2 əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1nın və Cavabdeh2 25 aprel 2024-cü il tarixinə İddiaçı ASCyə 24,026.01 manat əsas, 215.87 manat faiz, 241.42 manat cərimə borcu olmaqla, cəmi 24,483.30 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 30 mart 2012-ci il tarixli № 009/İK/B-12 saylı kredit müqaviləsinin 4.2ci bəndinə əsasən borcalanlar ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin və faizinin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahat verərək bildirmişlər ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən ev 17 mənzil 49 saylı 2 otaqlı evi ipoteka krediti ilə, ayda 168.37 manat ödəmək şərti ilə almışlar. Xətai Rayon Məhkəməsinin 2(011)-7324/2015 saylı 16 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh2 Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək evin bölünməsi və mülkiyyət hüququnun verilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-7863/2016 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin edilmişdir. Qərara əsasən ev bölünsə də öhdəlik bölünməmişdir. Öhdəliyin bölünməsi ilə bağlı dəfələrlə məhkəməyə müraciət etsələr də, aylıq ödənişin bölünməsi mümkün olmamışdır. Aylıq ödənişi Cavabdeh1 ödəsə də sonradan məhkəmə yolu ilə tam yarısı Cavabdeh2 tutularaq ona verilmişdir. Həmin gündən xx.xx.2024-cü il tarixədək müqaviləyə əsasən üzərilərinə düşən öhdəlik təmin olunmuşdur. Lakin aylıq ödəniş Cavabdeh1 adına olduğu üçün xx.xx.2024-cü il tarixdən etibarən razılaşa bilmədikləri üçün bu günə qədər gecikmə yaranmışdır. Bugün aralarında razılıq mövcud deyildir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 30 mart 2012-ci il tarixdə 009/İK/B-12 saylı kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən cavabdehlərə ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilin alınması üçün qaytarılmaq, müəyyən müddətə, faizlər ödəmək və təminatlılıq əsasında 336 ay müddətinə 34.000 manat məbləğində kredit verilmişdir. Bundan sonra 30 mart 2012-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilə dair 009/İK/B-12 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzilə dair Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 25 aprel 2012-ci il tarixli ********** qeydiyyat nömrəli Seriya MA № ******* saylı çıxarış verilmişdir. Cavabdehlər tərəfindən öhdəlik tam və vaxtında icra olunmamış, bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Mülki işin gedişində məhkəmə tərəfindən barışıq üçün tərəflərə vaxt verilsə də mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Məhkəmə mənzilin hazırkı bazar və likvid qiymətinə uyğun olaraq satış məbləğini müəyyən etmək üçün iş üzrə qiymətləndirmə ekspertizası təyin etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ümumi ünvan 1 ünvanında yerləşən, yuxarıda qeyd edilən analoji xüsusiyyətlərə malik mənzillərin satışına və qiymətinə dair məlumat olmadığı müəyyən edilmiş, bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmamışdır. Ekspertiza tərəfindən qiymətləndirmə aparılması mümkün olmadığından iş üzrə "xxxx" MMC tərəfindən mütəxəssis rəyi alınmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş 14 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilin bazar dəyəri 90.000 manat, likvid dəyəri 76.000 manat olaraq müəyyən edilmişdir. Təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehlərin kredit müqaviləsi üzrə əsas borcu 24.026,01 manat, faiz borcu 215.87 manat, cərimə borcu 241.42 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 158.1.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu: 27.3-cü madddəsinə əsasən, ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə öz riskləri ilə müqaviləni bağladıqlarından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduqları kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdurlar. Lakin cavabdehlər kreditdən yaranan borclarını ödəməli olmalarına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdirlər. Məhkəmə iddia tələbinin İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 30 mart 2012-ci il tarixli, 009/İK/B-12 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 Banka olan 24.026,01 manat əsas və 215.87 manat faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərdən kredit müqaviləsi üzrə 241.42 manat cərimə borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdehlər tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq müəyyən edilmiş 241.42 manat cərimənin 20 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun cavabdehlərdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, iş materiallarında olan müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin surətindən görünür ki, ipoteka predmetinin qeydiyyata alınması ilə bağlı iddiaçı 51 (15+36) manat rüsum ödəmişdir. Odur ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin borc məbləğlərinin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi b. 17, 5 mərtəbəli, 4 bloklu binanın 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 49 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mənzilin dəyərinə dair rəy verilmədiyindən məhkəmə mütəxəssis tərəfindən təqdim edilmiş rəyi sübut qismində qəbul edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 14 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilin bazar dəyəri 90.000 manat, likvid dəyəri 76.000 manat olaraq müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə mütəxəssis tərəfindən verilmiş mənzilin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin 30 mart 2012-ci il tarixli, 009/İK/B-12 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən (borcalan – Cavabdeh1, birgə borcalan Cavabdeh2) tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 30 mart 2012-ci il tarixli, 009/İK/B-12 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24.026,01 manat əsas, 215.87 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 24.261,88 manat məbləğində borc və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat tutularaq İddiaçı ASC-yə ödənilməli, həmin məbləğlər ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi b. 17, 5 mərtəbəli, 4 bloklu binanın 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 49 saylı mənzilə yönəldilərək, açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borc ödənilməli, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi b. 17, 5 mərtəbəli, 4 bloklu binanın 4cü blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 49 saylı mənzilin ilkin satış qiyməti 76.000 manat məbləğində müəyyən edilməli, 30 mart 2012-ci il tarixli, 009/İK/B-12 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 163.45 manat dövlət rüsumu ödəmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. Odur ki, cavabdehlərdən müştərək qaydada 165.43 manat dövlət rüsumu tutularaq iddiaçıya, 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 30 mart 2012-ci il tarixli, 009/İK/B-12 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24.026,01 manat əsas, 215.87 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 24.261,88 (iyirmi dörd min iki yüz altmış bir manat səksən səkkiz qəpik) manat məbləğində borc və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 (əlli bir) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi b. 17, 5 mərtəbəli, 4 bloklu binanın 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 49 saylı mənzilə yönəldilərək, açıq hərracda satılsın. Borc mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilsin və ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi b. 17, 5 mərtəbəli, 4 bloklu binanın 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 49 nömrəli mənzilin ilkin satış qiyməti 76.000 (yetmiş altı min) manat məbləğində müəyyən edilsin. 30 mart 2012-ci il tarixli, 009/İK/B-12 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin . İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 165.43 (bir yüz altmış beş manat qırx üç qıpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə, 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar