Məhkəmə qərarları › İş №e-2(011)-2075/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2075/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2075/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və sair” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ilə iş üzrə Cavabdeh MMC arasında11/20-01 saylı, 16 noyabr 2020-ci il tarixli minik avtomobilinin İcarə Müqaviləsi (bundan sonra “Müqavilə” adlanacaq) bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçıya 16 noyabr 2020-ci il tarixdən - 16 may 2022-ci il tarixinədək (18 ay müddətində) hər ay 555 ABŞ dolları icarə haqqı müqabilində (həmçinin ilkin ödəniş qismində iddiaçı tərəfindən 9500 ABŞ dolları ödənilmək şərti ilə) icarə obyekti olan Mersedes-Benz S 550 markalı, ** AF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi (Müqavilənin ayrılmaz təkib hissəsi olan Əlavə № A-da əks olunan) icarəyə verilmişdir. Qeyd olunan müqavilə üzrə müddətin bitməsinədək iddiaçı tərəfindən bütün öhdəliklər vaxtında yerinə yetirilmiş və icarə haqqı ödənişləri tam olaraq həyata keçirilmişdir. Belə ki, ilkin ödəniş qismində 9500 (doqquz min beş yüz) ABŞ dolları və aylıq icarə haqqı qismində 18 ay müddətində (hər ay 555 ABŞ dolları ) cəmi 9990 ABŞ dolları olmaqla - Ümumilikdə Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 19.490 (on doqquz min dörd yüz doxsan) ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. (bu barədə müvafiq ödəniş qəbzləri əlavə olunur) Cavabdeh tərəfindən müqavilə üzrə alınan bütün ödəmələr və icarə haqqı ABŞ dolları ilə tələb olunmuşdur. Baxmayaraq ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə A da ödəmələr Mərkəzi Bankın ödəniş gününə manatla aparılması qeyd edilmişdir. (Halbuki, AR.MM-nin 439.1 və 439.2-ci maddələrinin tələbinə əsasən - pul öhdəliyi manatla ifadə edilməklə ödənilməlidir). Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə bütün ödəmələr vaxtında və tam yerinə yetirilmişdir. Bundan irəli gələrək lizinq obyekti olan nəqliyyat vasitəsinin mülkiyyətçisi El İJARA leasinq tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən, lizinq obyektinin iddiaçının adına özgəninkiləşdirilməsinə etiraz edilməmişdir (məktub əlavə olunur). Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.3-cü bəndindən irəli gələrək, İcarəyə götürən tərəfindən öhdəliklər tam yerinə yetirildikdə və müqaviləyə Əlavə № A-da göstərilən təyin olunmuş müddət ərzində icarə ödənişləri ödənməklə, icarə müddəti bitdikdən sonra, İcarəyə verən İcarəyə götürənlə icarə obyektinin bağışlanması haqqında müqavilə bağlamasını öhdəsinə götürür. Hazırda icarə müddətinin vaxtı (xx.xx.2022) bitmiş və eyni zamanda, bu tarixədək müqavilə üzrə iddiaçı tərəfindən ödənişlər tam icra olunmuşdur. Bunu nəzərə alaraq və tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinən irəli gələrək, icarə obyektinin İcarəyə götürənə yəni ki, iddiaçıya bağışlanması zərurəti vardır. Lakin, müqavilə üzrə bu öhdəlik İcrarəyə verən tərəfindən indiyədək icra olunmamışdır. Bu səbəbdən, icarə obyekti olan nəqliyyat vasitəsinin iddiaçının adına rəsmiləşdirilməsi baş tutmamışdır. Bununla bağlı cavabdeh təşiklatın əvvəlki rəhbəri (direktor: Eldar Dadaşov) ilə, habelə yeni rəhbərliyi ilə danışıqlar aparılmış, yazılı müraciətlər ünvanlanmış lakin nəticəsi olmamışdır. Hesab edilir ki, bu hərəkəti ilə cavabdeh təşkilat müqavilə üzrə öhdəliyini, yəni lizinq obyekti olan Mersedes-BenzS 550 markalı, ** AF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin iddiaçının adına bağışlanmaq yolu ilə özgəninkiləşdirilməsi öhdəliyini icra etməməklə müqavilə şərtini kobud pozmuşdur. Müqavilə üzrə üzərinə götürdüyü ödəliyini yerinə yetirmədiyinə və müqavilə şərtini kobud pozduğuna görə, iddiaçının cavabdehə ödədiyi ödəmələrin tam olaraq ondan geri tələb etmək hüququ yaranır. Bu səbəbdən iddiaçı cavabehə ilkin ödəniş və icarə haqqı qismində ödədiyi 19.490 ABŞ dolları məbləğini geri tələb edir. Bundan əlavə, cavabdehə 2 il öncə ilkin ödəniş qismində ödədiyi 9500 ABŞ dolları habelə aylıq icarə haqları iddiaçıda olmuş olsa idi, iddiaçı həmin vəsaitləri səmərəli iş üçün iqtisadi divident əldə etmək məqsədi ilə istifadə edə bilərdi. Lakin, iddiaçı cavabdehin hüquqazidd hərəkəti (müqavilə üzrə öhdəliyini icra etməməsi) nəticəsində bundan dolayı maddi fayda əldə etmək imkanından məhrum olmuş və beləliklə də maddi zərərə uğramışdır. Bu səbəbdən, iddiaçı cavabdehə müqavilə üzrə ümumi ödədiyi 19.490 ABŞ dollarını nəzərə alaraq, həmin məbləğə münasibətdə qanunla müəyyən olunan illkin 5% cərimə (dəbbə) məbləği tətbiq olmaqla (bir il üzrə 974,5 ABŞ dolları) son 2 il üçün 1949 (bir min doqquz yüz qırx doqquz) ABŞ dolları məbləğində əldən çıxmış fayda qismində cavabdehdən pul tələb etmək hüququ yaranmışdır. İddiaçının tələbi: Tərəflər arasında bağlanmış 11/20-01 saylı, 16 noyabr 2020-ci il tarixli İcarə Müqaviləsinin ləğv edilməsi, iddiaçı tərəfindən, Cavabdeh MMC-yə müqavilə üzrə ilkin ödəniş və icarə haqqı qismində ödənilmiş cəmi 19.490 (on doqquz min dörd yüz doxsan) ABŞ dolları məbləğində pulun, Mərkəzi Bankın ödəniş gününə ABŞ dollarının - Azərbaycan manatı məzənnəsinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi, müqavilə üzrə cavabdehə ödənilmiş 19.490 ABŞ dolları məbləğində pula münasibətdə son 2 (iki) il üçün əldən çıxmış fayda qismində, illik 5% (beş faiz) cərimə (dəbbə) tətbiq olunaraq, cəmi 1949 (bir min dörd yüz qırx doqquz) ABŞ dolları məbləğində pulun, Mərkəzi Bankın ödəniş gününə ABŞ dollarının - Azərbaycan manatı məzənnəsinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi və iddiaçı tərəfindən məhkəmədə işin baxılması üçün dövlət rüsumu qismində ödənilmiş 200 AZN (iki yüz manat) məbləğində pulun cavabdehtən iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh MMC-nin nümayəndəsi və vəkili iddiaçının tələbinə qarşı yazılı etiraz təqdim edərək, etirazını belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 11/20-01 16 noyabr 2020-ci il tarixli minik avtomobilinin icarə müqaviləsinin 2.3-cü bəndinə əsasən İcarəyə götürən tərəfindən öhdəliklər tam yerinə yetirildikdə və müqaviləyə Əlavə №A-da göstərilən təyin olunmuş müddət ərzində icarə ödənişləri ödənməklə, icarə müddəti bitdikdən sonra icarəyə verən icarəyə götürənlə icarə obyektinin bağışlanması haqqında müqavilə bağlanmasını öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən müqavilənin 2.3-cü bəndinin tələbinin indiyədək qərəzli şəkildə icra olunmamasını bildirsə də, əslində iddiaçı bu günə qədər cavabdehdən icarə obyektinin bağışlanması haqqında müqavilə bağlamasını tələb etməyərək, alqı-satqı müqaviləsi bağlanmasını tələb etmişdir. İddiaçının alqı-satqı müqaviləsi bağlanması tələbi müqavilədə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən bu tələb icra edilməmişdir. Tərəflər arasında bağlanmış 11/20-01 16 noyabr 2020-ci il tarixli minik avtomobilinin icarə müqaviləsinin 2.3-cü bəndinə əsasən Cavabdeh MMC icarə obyektinin bağışlanması haqqında müqavilə bağlamağa hazırdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. İddiaçı tərəfindən bütün ödənişlər vaxtında və tam icra edilmişdir, bunu təsdiq edən məktub da mülki işin materiallarına əlavə edilmişdir. X1 MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin 2.3-cü bəndini cavabdeh X1 MMC pozmuşdur və bu pozuntunun aradan qaldırılması üçün heç bir cəhd göstərməmişdir. İddiaçının nümayəndəsi həmçinin qeyd etmişdir ki, iddiaçının ödədiyi vəsaitin Mərkəzi Bankın faiz dərəcəsinə və məzənnəsinə uyğun olaraq ödənilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh X1 MMC-nin yazılı etirazına əsasən, izahat verərək bildirmişdir ki, X1 MMC iddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsinin 2.3-cü bəndini pozmuşdur, etirazda qeyd edilən pul vəsaitinin bizim tərəfimizdən tələb edilməməsi və pul vəsaitinin geri alınması üçün təşəbbüs göstərilməməsi halları əsassızdır. İddiaçının nümayəndəsi və vəkili həmçinin qeyd etmişdir ki, icarə obyektinin iddiaçının mülkiyyətinə verilməsi üçün istənilən müqavilənin bağlanması üçün barışıq əldə etməyə hazırdırlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında cavabdehin nümayəndəsi razılıq əldə edilməsi niyyətində olduqlarını bildirərək, məhkəmədən tərəflər arasında barışıq əldə edilməsi məqsədilə vaxt verilməsini xahiş etmişdir. Qeyd edilmişdir ki, cavabdeh icarə obyektinin bağışlanması barədə müqavilə bağlamağa hazırdır, lakin tərəflər arasında bu məsələnin həll edilməsi üçün müəyyən zamana ehtiyac vardır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - xx.xx.2020-ci il tarixli 11/20-01 saylı minik avtomobillərinin icarəsi müqaviləsinin 2.3cü bəndinə əsasən, icarəyə götürən Müqavilə üzrə öhdəlikləri tam yerinə yetirdikdə və Əlavə № A ilə təyin olunmuş müddət ərzində icarə ödənişlərini ödəməklə, icarə müddəti bitdikdən sonra İcarəyə verən İcarəyə götürənlə icarə obyekt bağışlanması haqqında müqavilə bağlanmasını öhdəsinə götürür. - İcarə müqaviləsi Əlavə № A-ya əsasən, icarə üzrə ödənişlər hər ayın 16-sı həyata keçirilməlidir. Ödəniş günü bayram günü və ya qeyri-iş günlərinə düşdükdə, 1gün əvvəl son iş günündə həyata keçirilməlidir. Beş yüz əlli beş ABŞ dolları (Ödəniş gününə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) ödənilməlidir. - EL İJARA Leasing MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən, El-İjara MMC-yə məxsus olan Mercedes S500L markalı, BAN № WDDNG71X77A142734, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı tərəfindən özgəninkiləşdirilməsinə etiraz edilməmişdir. - AC №318726 Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən, Mercedes S500L minik markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. - 16 noyabr 2020-ci il tarixli FJB**********768 nömrəli qəbzə əsasən, 9500 ABŞ dolları; - 11 dekabr 2020-ci il tarixli FJB**********498 nömrəli qəbzə əsasən, 800 ABŞ dolları; - 13 yanvar 2021-ci il tarixli FJB**********467 nömrəli qəbzə əsasən, 600 ABŞ dolları; - 15 fevral 2021-ci il tarixli FJB**********294 nömrəli qəbzə əsasən, 600 ABŞ dolları; - 15 mart 2021-ci il tarixli FJB**********358 nömrəli qəbzə əsasən, 700 ABŞ dolları; - 16 aprel 2021-ci il tarixli FJB**********908 nömrəli qəbzə əsasən, 700 ABŞ dolları; - 24 may 2021-ci il tarixli FJB**********745 nömrəli qəbzə əsasən, 600 ABŞ dolları; - 22 iyun 2021-ci il tarixli FJB**********786 nömrəli qəbzə əsasən, 5000 ABŞ dolları; - 16 fevral 2022-ci il tarixli FJB**********431 nömrəli qəbzə əsasən, 925 ABŞ dolları İcarə ödənişləri İddiaçı tərəfindən X1 MMC-nin hesabına ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbinin “icarə müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəməyə təqdim edilmiş iş materiallarından görünür ki, müqavilə tərəflərindən biri (iddiaçı) müqavilə şərtlərini yəni, öhdəliyini vaxtında, lazımi qaydada icra etmişdir. Eyni zamanda müqavilə müddəti də sona yetmişdir. Məhkəmə mübahisə predmeti olan müqaviləyə hüquqi qiymət verərkən hesab edir ki, tərəflər arasında icarə müqaviləsi deyil, nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə müqaviləsi əmlakdan istifadə müqaviləsi kateqoriyasına aid müqavilədir. Lakin məhkəməyə təqdim edilmiş müqavilənin 2.3-cü bəndinə əsasən, icarəyə götürən Müqavilə üzrə öhdəlikləri tam yerinə yetirdikdə və Əlavə № A ilə təyin olunmuş müddət ərzində icarə ödənişlərini ödəməklə, icarə müddəti bitdikdən sonra İcarəyə verən İcarəyə götürənlə icarə obyekt bağışlanması haqqında müqavilə bağlanmasını öhdəsinə götürür. Bağışlama müqaviləsi əmlakın mülkiyyətə verilməsi müqaviləsi kateqoriyasına aiddir. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. xx.xx.2020-ci il tarixli 11/20-01 saylı müqaviləyə əsasən isə bir tərəf ilkin ödəniş məbləği olaraq 9500 ABŞ dolları ödəməyi, daha sonra isə 18 ay müddətində hər ay 555 ABŞ dolları ödəməyi, digər tərəf isə Mercedes S500L markalı, BAN № WDDNG71X77A142734, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini digər təfərin mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, təqdim edilmiş müqavilə forma, məzmun və şərtlərinə görə əşyaların nisyə satışı müqaviləsinə uyğundur. Məhkəmə iclasları zamanı cavabdehin nümayəndəsi bağışlama müqaviləsinin bağlanmasına hazır olduğunu bildirmiş, həmçinin iddiaçı da bildirmişdir ki, Mercedes S500L markalı, BAN № WDDNG71X77A142734, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair istənilən növ müqaviləni bağlamağa hazırdır. Məhkəmə də tərəflərə barışıq əldə edilməsi üçün vaxt vermişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq 16 fevral 2022-ci il tarixində müqavulə üzrə ödənişləri, öhdəliyi yerinə yetirmiş və müqavilə ilə şərtləşdirilmiş qaydada, vaxtından əvvəl ödənişləri həyata keçirmişdir, lakin cavabdeh əşyanı vermək vəzifəsini icra etməmişdir. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.(MM 443.1) Məhkəmə iddia tələbinin iddiaçı tərəfindən, Cavabdeh MMC-yə müqavilə üzrə ilkin ödəniş və icarə haqqı qismində ödənilmiş cəmi 19.490 (on doqquz min dörd yüz doxsan) ABŞ dolları məbləğində pulun, Mərkəzi Bankın ödəniş gününə ABŞ dollarının - Azərbaycan manatı məzənnəsinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi hissəsində tələbi qismən təmin edir. Belə ki, iddiaçı 19.490 ABŞ dolları məbləğində pulu tələb etsə də iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən müəyyən olunur ki, İddiaçı cəmi 19.425 ABŞ dolları ödəniş etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmələr işlərə baxarkən yalnız tərəflərin təqdim etdiyi sübutlara istinad edir. Odur ki, məhkəmə iddia tələbinin bu hissəsinə münasibətdə qismən təmin edilərək, ödənilmiş cəmi 19.425 ABŞ dolları pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. İddia tələbinin “müqavilə üzrə cavabdehə ödənilmiş 19.490 ABŞ dolları məbləğində pula münasibətdə son 2 (iki) il üçün əldən çıxmış fayda qismində, illik 5% (beş faiz) cərimə (dəbbə) tətbiq olunaraq, cəmi 1949 (bir min dörd yüz qırx doqquz) ABŞ dolları məbləğində pulun, Mərkəzi Bankın ödəniş gününə ABŞ dollarının - Azərbaycan manatı məzənnəsinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi” hissəsində məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi qismən təmin edilməlidir. Belə ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (MM 445.7) Məhkəmə hesab edir ki, 19.490 ABŞ dolları deyil, 19.425 ABŞ dolları pul vəsaitinin cavabdehdən tutulması qənaətinə gəlindiyindən öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçının son ödəmə tarixinin 16 fevral 2022-ci il olduğunu, cavadehin öhdəliyinin də məhz bu tarixdən yarandığını nəzərə alaraq məhkəmə gecikdirilmiş vaxtı 2 il deyil 11 ay müddətinə müəyyən edir. Odur ki, 19.425 ABŞ dollarına nisbətdə 890 ABŞ dolları pul vəsaiti ( 19.425x5/100= 971,25 bir il üçün; 971,25/12= 80,93; 80,93x11= 890,23 11 ay üçün ) gecikdirilmiş vaxt üçün Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X1 MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat məbləğində pul deyil, iddia tələbinin təmin olunduğu hissəyə nisbətdə 193,60 manat Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. 19.425 ABŞ dolları pul vəsaiti (ödəniş gününə Mərkəzi Bankın Azərbaycan manatı məzənnəsinə uyğun olaraq) Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsinə görə gecikdirilmiş vaxt üçün 890 ABŞ dolları pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 193,60 manat məbləğində dövlət rüsumu Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar