Məhkəmə qərarları › İş №e-2(011)-2088/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2088/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2088/2022 04.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 329,52 manat əsas, 38,27 manat faiz, 79,09 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 12 manat borcun, bildirişlərin göndərilməsi üçün 4,80 manat poct xərci olmaqla, cəmi 463,68 manat məbləğində kredit borcunun və 32,12 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında 13.05.2014-cu il tarixdə bank hesabı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə 5 il (60 ay) müddətinə 900 manat məbləğində kredit kartı limiti ayırmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdehə 900 manat məbləğində kredit kartı limiti verilməsi barədə bank öz öhdəliklərini tam olaraq yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq kreditin, ona hesablanmış faizlərin və s. ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş, borcunu ödəməmişdir. Cavabdehin müqavilə üzrə və digər xərclərlə birlikdə cəmi 463,68 manat məbləğində borcu vardır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 13.05.2014-cu il tarixdə bank hesabı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri yaranmış, iddiaçı ilə cavabdeh arasında bank hesabı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmış, müqavilə üzrə iddiaçı öhdəliyini yerinə yetirərək müqavilədə müəyyən edilmiş məbləğdə istifadə edilməsi üçün cavabdehə kredit kartı verilmiş, lakin cavabdeh müqavilə ilə müəyyən edilmiş öhdəliyini pozaraq borcunu tam olaraq ödəməmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız şişirdilmiş məbləğdir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 79,09 manat məbləğində deyil, 40 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə hesab edir ki, iddia tələbi poçt xərcinin tutulması hissəsində də əsaslıdır. Belə ki, iş materiallarında olan poçt qəbzilə müəyyən edilir ki, iddiaçı cavabdehə məktub göndərmiş və buna görə xərc ödəməklə maddi zərər çəkmişdir. Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 12 manat pulun tələb edilməsi hissəsində əsassızdır. Belə ki, iddiaçı həmin xərcin və komissiyanın nədən ibarət olmasını iddia ərizəsində əsaslandırmamış, habelə bununla bağlı sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın 32,12 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia tələbi 89% nisbətində təmin edilmişdir) tərəflərə aid edilməli, dövlət rüsumunun 3,54 manat hissəsi iddiaçıya aid edilməli, qalan 28,58 manat isə cavabdehdən tutulmaqla iddiaçıya ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 329,52 manat əsas, 38,27 manat faiz borcu, 40 manat cərimə, müqavilə öhdəliyini pozduğuna görə bildirişlərin göndərilməsi üçün poçt xərcləri kimi 4,80 manat, cəmi 412,59 manat məbləğində pul və 28,58 manat məbləğində ödənilmiş dövlət rüsumumu Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 3,54 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar