Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-214/2024 22.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 avqust 2022-ci il tarixli, RBNPU-10105 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 13.547,68 manat, faiz borcuna görə 616.59 manat, dəbbə borcuna görə 669.58 manat, cəmi 14.833,85 manat məbləğində pulun və 134.50 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2022-ci il tarixli, RBNPU-10105 saylı kredit müqaviləsinə əsasən illik 14% dərəcəsi olmaqla 48 ay müddətinə 15.000 manat məbləğində cavabdehə kredit verilmişdir. 26 Avqust 2022-ci il tarixli, RBNPU-10105 sayı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 26 Avqust 2022-ci il tarixli, RBNPU-10105 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 26-dan gec olmayaraq hər ay 409.90 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 26 Avqust 2022-ci il tarixli, RBNPU- 10105 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 13.547,68 manat, faiz borcuna görə 616.59 manat, dəbbə borcuna görə 669.58 manat, cəmi 14.833,85 manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh 26 Avqust 2022-ci il tarixli, RBNPU-10105 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 13.547,68 manat, faiz borcuna görə 616.59 manat, dəbbə borcuna görə 669.58 manat, cəmi 14.833,85 manat pul tutulmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qismən qəbul edərək tələb edilən dəbbə və faiz borcu ilə razı olmadığını bildirmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh 25 avqust 2022-ci il tarixdə ərizə ilə iddiaçıya müraciət edərək ona 14%-lə 15.000 manat məbləğində kreditin verilməsini xahiş etmişdir. 26 avquat 2022-ci il tarixdə tərəflər arasında RBNPU-10105 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə, illik 14% dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh 24 iyun 2023-cü il tarixə İddiaçı ASC-yə əsas borc üzrə 13.914,56 manat, faiz borcu üzrə 649.35 manat, cəmi 14.563,91 manat məbləğində borcu müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmuş məbləğ iddiaçının tələb etdiyi əsas borcun məbləğindən yüksək olduğundan və məhkəmə Azərbaycan Respublikası MPM-in 218-ci maddəsinə əsasən verilmiş tələbə qiymət verməli olduğundan hesab edir ki, əsas borca görə iddia ərizəsində tələb edilən 13.547,68 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmuş məbləğ iddiaçının tələb etdiyi faiz borcun məbləğindən yüksək olduğundan və məhkəmə verilmiş tələbə qiymət verməli olduğundan hesab edir ki, faiz borcuna görə iddia ərizəsində tələb edilən 616.59 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 669.58 manat məbləğində cəriməni tənasübsüz surətdə yüksək hesab edərək cərimənin 100 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 26 Avqust 2022-ci il tarixli, RBNPU-10105 saylı kredit müqaviləsi üzrə Cavabdeh 13.547,68 manat əsas, 616.59 manat faiz, 100 manat cərimə borcu olmaqla, ümumilikdə 14.264,27 manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 134.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni zamanda, məhkəmə hesab edir ki, ekspertiza xərci olaraq 100 manat pul vəsaiti cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13.547,68 (on üç min beş yüz qırx yeddi manat altmış səkkiz qəpik) manat əsas, 616.59 (altı yüz on altı manat əlli doqquz qəpik) manat faiz, 100 (bir yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 14.264,27 (on dörd min iki yüz altmış dörd manat iyirmi yeddi qəpik) manat pul vəsaiti və ödənilmiş 134.50 (bir yüz otuz dörd manat əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-214/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-214/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver