Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2161/2023 10.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlə arasında 11 yanvar 2020-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən cavabdehin iddiaçıya qaytarmadığı qalıq borcu olan 2600 (iki min altı yüz) manatın və iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olan 46 (qırx altı) manatın, cəmi 2646 (iki min altı yüz qırx altı) manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Fərrrux oğlu ilə Türkiyə Respublikasının vətəndaşı Cavabdeh arasında Bakı şəhərində 11 yanvar 2020-ci il tarixdə şifahi borc müqaviləsi bağlanmış və iddiaçı cavabdehə həmin tarixdə 2960 manat borc pul vermişdir. 11 yanvar 2020-ci il tarixdə cavabdehin Türk dilində öz xətti ilə yazdığı və imzaladığı qəbzə əsasən cavabdeh iddiaçıya olan 2960 manat borcunu təsdiq etmiş və borc aldığı həmin pulu xx.xx.2020-ci il tarixə qədər tam ödəyəcəyini öz öhdəsinə götürmüşdür. 11 yanvar 2020-ci il tarixli qəbzin aşağı hissəsində həmin qəbzin Azərbaycan dilində tərcüməsi yazılmış cavabdeh həmin tərcüməni oxuyub imzası ilə həmin tərcüməni də təsdiq etmişdir. Belə ki, cavabdeh qeyd olunan qəbzi imzaladığı dövrdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsində təhsil aldığı üçün Azərbaycan dilini də bilirdi. Buna baxmayaraq, cavabdeh 2960 manat borcdan mənə birinci dəfə 160 manat, ikinci dəfə xx.xx.2022-il tarixdə isə 200 manat olmaqla, cəmi 360 manat ödəmişdir. İddiaçı iddia tələbinin artırılması ilə bağlı ərizə ilə müraciət edərək, cavabdehlə arasında 11 yanvar 2020-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən cavabdehin iddiaçıya qaytarmadığı qalıq borcu olan 2600 (iki min altı yüz) manatın, iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olan 46 (qırx altı) manat və xx.xx.2020-ci il tarixli qəbzin tərcüməsi üçün iddiaçının ödədiyi 8 (səkkiz) manat, cəmi 2654 (iki min altı yüz əlli dörd) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı cavabdeh ilə şifahi razılaşmaya əsasən Cavabdeh 2960 manat məbləğində pul borc vermişdir. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin imzası ilə təsdiq edilmiş əlyazma ilə təsdiq edilir. Cavabdeh müəyyən müddətlərdə iddiaçıya qaytarmalı olduğu puldan 360 manat məbləği ona geri qaytarmışdır. Yerdə qalan 2600 manat məbləğində pul vəsaiti isə iddiaçıya qaytarılmamışdır. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı 5000 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 46 manat dövlət rüsumunun və xx.xx.2020-ci il tarixli qəbzin tərcüməsi üçün iddiaçının ödədiyi 8 (səkkiz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı sənədin tərcüməsi üçün 8 manat məbləğində pul və məhkəmədə iddia qaldırması ilə əlaqədar 46 manat məbləğində dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və tərcümə xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Türkiyə Respublikasının vətəndaşı xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh 2600 (iki min altı yüz) manat, iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olan 46 (qırx altı) manat və xx.xx.2020-ci il tarixli qəbzin tərcüməsi üçün iddiaçının ödədiyi 8 (səkkiz) manat, cəmi 2654 (iki min altı yüz əlli dörd) manat məbləğində pul vəsait tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2161/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2161/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver