Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2161/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.500 manat borcun, 45 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 320 manat pul vəsaitinin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 il öncə cavabdehə Yevlax rayonu ərazisində yerləşən “Bank Respublika” bankından 4.000 manat pul götürərək cavabdehə bu pulu borc olaraq vermişdir. Razılaşmışlar ki, bu borcu ona verəcək, o isə banka ödəyəcək. Cavabdeh götürülən puldan 1.500 manat məbləği ödəmişdir, ancaq yerdə qalan 2.500 manat məbləğində pulu bu günə qədər ödəməmişdir. Cavabdehə dəfələrlə müraciət edilmişdir. Ancaq bu günə kimi ödəniş tamamlanmamışdır. Cavabdeh hərbiçidir. N saylı hərbi hissədə xidmət edir, gizirdir. Hər ay 1.000 manatdan yuxarı qazancı və gəliri vardır. Ancaq ödəniş edilməməkdədir. O, məcbur qalaraq vəkil xidmətindən istifadə etmişdir. Bunun üçün banka 320 manat ödəniş elmişdir. Eləcə də 45 manat dövlət rüsumu ödəmişdir. O, hər iki məbləğin cavabdehdən alınmasında israrlıdır. Bu səbəbdən də hazırki iddianı qaldıraraq cavabdehdən 2.500 manat borc məbləğini, 45 manat dövlət rüsumunu, habelə 320 manat hüquqi yardıma ödədiyi məbləğin alınmasını istəyir. İddiaçının vəkili Vəkil Möhübbət oğlu məhkəməyə ərizə ilə müraciət edilərək, işə iddiaçının və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin “Birbank” tədbiqi vasitəsilə karta köçürmə qəbzlərindən görünür ki, 4169 73** **** 8226 nömrəli karta xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat pul vəsaitləri 5522 09** **** 3155 saylı karta köçürülmüşdür. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, “Milliön” ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə 300 manat pul vəsaiti "xxxx" ASC vasitəsilə RA*** NA***** MA****** OG** adlı şəxsə köçürülmüşdür. İddia tələblərində göstərilmiş pul tələbi 3.000 manatdan yuxarı borc məbləğinin verilməsi ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar irəli sürülmüş iddia tələbinin əsaslılığını təsdiq etmir və iş materialları ilə cavabdehin iddiaçının hesabına əsassız varlanması öz təsdiqini tapmır. Belə ki, iddiaçı tərəflər arasında şifahi borc münasibətlərinin yarandığını, onun cavabdehə 4.000 manat məbləğdə borca pul verdiyini, həmin pulun 1.500 hissəsinin qaytarıldığını, yerdə qalan 2.500 borc pulun qaytarılmadığını iddia etmişdir. Belə ki, iddiaçının istinad etdiyi borc münasibətlərinin şərtləri tərəflər arasında olan şifahi razılaşmaya əsasən tənzimlənmişdir. Tərəflərin arasında aparılmış pul ödənişlərinin həcmini iş materialları ilə müəyyən etmək olmur. İş materiallarına daxil edilmiş ayrı-ayrı vaxtlarda aparılmış cəmi 1.000 manat ödənişin cavabdehə verilməsi iş materiaları ilə təsdiq olunmur. Bundan əlavə, həmin ödənişin cavabdehə göndərilməsi öz təsdiqini tapdığı təqdirdə də - tərəflərin arasında aparılmış bütün pul əməliyyatlarının həcminin müəyyən edilməməsi və iddiaçının 1.500 manat məbləğində geri ödənişi cavabdehdən qəbul etməsi şəraitində iddia tələblərinin təmin edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Buna görə də iddia tələbləri üzrə təqdim edilən sübutlar kifayət etmədiyindən iddia tələbi təmin edilməməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 2.500 (iki min beş yüz) manat məbləğində borc məbləği, 45 (qırx beş) manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat hüquqi yardımla bağlı ödənilmiş pul məbləğinin cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2161/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2161/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver