Məhkəmə qərarları › İş №e-2(011)-2171/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2171/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2171/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayənəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X3 ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 1 ədəd divanın (bundan sonra – Divan) nisyə alqı-satqısı barədə LKH000086 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 594 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq ödəniş isə 33 manat müəyyən edilmişdir. Divan cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir.

2. Həmçinin, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə X3 arasında faktorinq müqaviləsi bağlanmış, müqavilə ilə X3 cavabdehə olan pul tələbini iddiaçıya (faktora) güzəşt etmişdir.

3. İddiaçı tərəfindən aldığı Divana görə qismən, xx.xx.2023-cü il tarixdə 33 manat ödəniş edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 594 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, X3 ilə cavabdeh arasında bağlanmış LKH000086 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən o, 594 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı ilə X3 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən cavabdehə qarşı olan 594 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmiş bu barədə ona müvafiq bildiriş təqdim edilmişdir. Tələb hüququnun iddiaçıya keçməsi barədə cavabdehə bildiriş verilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq üzərinə götürdüyü öhdəliyi icra etməyərək aldığı əşyanın dəyərini ödəməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh etirazını yazılı formada məhkəməyə təqdim edərək bildirmişdir ki, ondan pul əsassız olaraq tələb edilir. Divan xoşuna gəlmədiyi üçün qaytarmaq istəyir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Cavabdeh məhkəmə baxışı zamanı iddianı qəbul etmədiyini, Divanı “lalafo.az” saytından onlayn qaydada almışdır. Divanı ona yaşadığı evdə təhvil vermişlər. Aldıqdan sonra Divanı bəyənmədiklərindən gəlib onu aparmlarını xahiş etmiş və buna görə də ödəniş etməmişlər. Divanın keyfiyyətini bəyənmədiyi üçün onu qaytarmaq istəmişdir. Daha sonra, cavabdeh borca görə qohumlarının evinə zəng edəcəkləri ilə hədələdiyindən məcbur olub ödəniş etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

13. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

14. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

15. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

16. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.

17. Maddə 616.1. Malın qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış reklamda, kataloqlarda və malların təsvirlərində təklif edilməsi, əgər bu, pərakəndə alğı-satqı müqaviləsinin bütün mühüm şərtlərini əhatə edirsə, ümumi oferta (maddə 408.8) sayılır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanunu

18. Maddə 15, birinci hissəsi. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır.

23. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

24. İşin mübahisəsiz hallarından da görünür ki, cavabdehlə X3 arasında yazılı nisyə alqı-satqı müqaviləlsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş əşya (Divan) cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Eyni zamanda, məhkəmə baxışı zamanı o da müəyyən rdilmişdir ki, cavabdeh Divanı “lalafo.az” onlayn satış bazarından bəyənərək almışdır. Lakin cavabdeh aldığı əşyanın dəyərini yalnız bir dəfə ödəyərək öhdəliyini qismən icra etmişdir. Cavabdeh Divanın qiymətini onun keyfiyyətindən narazı qaldığı və bəyənmədiyi üçün qaytarmaq istədiyini, bununla bağlı satıcıya şifahi qaydada məlumat verdiyini və buna görə də ödəniş etmədiyini bildrimişdir.

25. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə satılmış əşyanın keyfiyyəti barədə Mülki Məcəllədə iki meyar nəzərdə tutulmuşdur: birinci meyara görə satılmış əşyanın keyfiyyəti göstəriciləri müqavilə ilə dəqiq müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsində əşyanın keyfiyyət dərəcəsi (göstəricisi) barədə müddəa nəzərdə tutulmamışdır; ikinci meyara görə əşyanın keyfiyyəti barədə müqavilədə konkret şərt göstərilmir, lakin bu halda satıcı alıcıya elə əşya verməlidir ki, bu əşyadan təyinatına uyğun adi istifadə alıcının satıcıya əvvəlcədən bildirdiyi məqsədinə cavab vermiş olsun.

26. İddiaçı aldığı Divanın keyfiyyətsiz olmasını onu bəyənməmsi ilə izah etmişdir. İşin hallarından da bəllidir ki, iddiaçı Divanı “Lalafo.az” saytında vizual görmüş, əşya ilə vizual tanış olmuş, bundan sonra həmin məişət əşyasını sifariş etmiş, müqavilə bağlamış və Divanı qəbul etmişdir. Müqavilənin bu qaydaya uyğun bağlanmasının əsasları da Mülki Məcəllənin 616.1-ci maddəsində nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsində isə Divanın keyfiyyəti barədə konkret şərtlər (hansı ölkənin istehsalı olması, hansı materialdan və hansı formada hazırlanması və s.) göstərilməmişdir. Lakin məhkəmə qeyd edir ki, qanunvericilik istehlakçının (alıcının) hüquqlarının qorunmasına təminat vermək məqsədi ilə onu da nəzrədə tutur ki, əşyanın keyfiyyəti barədə alqı-satqı müqaviləsində şərtlər nəzərdə tutulmasa da belə, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi və alıcının əvvəlcədən ona bildirdiyi konkret məqsədlərə uyğun gələn (yarayan) əşya vermək öhdəliyi daşıyır (Mülki Məcəllə, 581.2-ci maddə). Satıcı bu öhdəliyini yerinə yetirmədiyi halda qanunvericilik alıcıya imkan verir ki, ya “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununa uyğun olaraq malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququndan istifadə etsin (15-ci maddənin ikinci hissəsi), ya da lazımı keyfiyyətə cavab verməyən (o cümlədən, əşyadan istifadə üçün əvvəlcədən bildirilmiş məqsədlərə uyğun olmayan) əşyaya dair Mülki Məcəllənin 587-ci maddəsində nəzrdə tutulmuş hüquqarından istifadə etsin (§ 15 və 16).

27. Lakin cavabdeh Divanı hər hansı səbəbdən qaytarmaq istəməsi barədə nə iddiaçıya, nə də satıcı qismində müqaviləni imzalamış X2 bildiriş göndərməmiş, 2022-ci ilin dekabr ayından ödəniş (hər ay 33 manat) etməli olmasına baxmayaraq, 2 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə 33 manat ödəniş, bundan sonra da öhdəliyini yerinə yetirməmişdir.

28. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir.

29. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləlsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Tərəflər arasında bağlanmış həmin müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən Divanı almaq hüququna malik olduğu kimi, həmin əşyanın dəyərini ödəməsi barədə üzərinə öhdəlik götürmü.ş lakin əşyanın dəyərini tam ödəməməklə öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

30. Lakin məhkəmə hesab edir ki, iddianın dəbbə pulunun ödənilməsi hissəsində qismən təmin edilməlidir.

31. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

32. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin müqavilə üzrə 10 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

33. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 561 əsas borc, 10 manat cərimə olmaqla, cəmi 571 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar