Məhkəmə qərarları › İş №e-2(011)-2185/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2185/2024

18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2185/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə ailə qurduqdan sonra faktiki olaraq 2020-ci ildə ayrılmışdır. Qeyd olunan dövrdən birgə nikahdan olan övladı iddiaçının himayəmdə qalmış, onun bütün maddi və mənəvi tələbatı iddiaçı tərəfindən qarşılanmış, həmin dövrdə cavabdeh tərəfindən uşağa hər hansı qayğı göstərilməmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1476/2022 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan X1 iddiaçının himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Yalnız qeyd olunan qətnamə qüvvəyə minib icraya yönəldikdən sonra cavabdeh tərəf uşağa aliment ödəmişdir (məhkəmə dövründə hesablanmış borc qalmaqdadır). İddiaçı tərəfindən həmin iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən alimentlə bağlı iddia tələbinin həcmi 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində, yəni 193 manat qeyd olunmuşdur. Lakin hazırda qeyd olunan məbləğlə uşağın tələbatını qarşılamaq mümkün deyildir. Belə ki, dövlət tərəfindən də uşaqların yaşayış minimumu müəyyən edilərkən cari il üçün həmin məbləğ 235 manat məbləğində müəyyən olunmuşdur. Qanunda istifadə olunan anlayışdan da göründüyü kimi bu məbləğ minimum həddi müəyyən edir. Yəni əslində uşaqların normal yaşayış səviyyəsinin təmin olunması üçün bu məbləğdən əlavə vəsait də tələb olunur. Alimentlə bağlı qətnamə qəbul edilərkən iddiaçı işləyirmiş və uşağın tələbatının qarşılanmasını təmin edə bilmişdir. Lakin hazırda iddiaçı işsizdir. Həmçinin cavabdeh tərəf artıq bir neçə aydır ki, alimentin ödənilməsindən qərəzli olaraq imtina etmişdir. Hətta cavabdeh tərəf alimentin təyin olunan məbləğinin uşaq üçün çox olduğunu bildirərək azaldılmasını da istəmişdir. Cari məsələ ilə bağlı iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət olunaraq məsələnin barışıq yolu ilə həllinə cəhd olunsa da, tərəf buna razı olmamış, ümumiyyətlə aliment ödəməkdən imtina etmişdir. Bu səbəblə mediator tərəfindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayış təqdim edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1476/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulması qət edilmiş aliment məbləğinin artırılaraq, 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, iddiaçının həyat yoldaşıdır. İddiaçı hazırda işsizdir. Uşağın saxlanmasında maddi çətinlik çətir. Cavabdehin rəsmi işi olmasa da, musiqi fəaliyyəti ilə həmçinin dini geyimlərin ticarəti ilə məşğul olur. Nümayəndə həmçinin bildirmişdir ki, onun birinci nikahından olan övladının saxlanması üçün aliment ödəyir, iddiaçı ilə birgə nikahlarından övladları yoxdur. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, o, müğənnidir, rəsmi işi yoxdur. Alimenti həmişə 193 manat məbləğində ödəmişdir. Cavabdehin alimentin məbləğinin artırılmasına razı deyildir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1476/2022 saylı 17 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, alimentin tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və 569 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2019-cu təvəllüdlü X1 İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2019-cu təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğundan, həmçinin cavabdeh etirazının əsasları ilə bağlı zəruri sübutları məhkəməyə təqdim etmədiyindən iddia təmin edilməli və Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1476/2022 saylı 17 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1476/2022 saylı 17 iyun 2022ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar