Məhkəmə qərarları › İş №e-2(011)-219/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-219/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-219/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyana görə 6.530 manat pul məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 may 2023-cü il tarixdə İddiaçı məxsus X1 etibarnamə əsasında idarə etdiyi “Lexus ES350” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Nazim Hikmət küçəsi istiqamətində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi “Ford Fusion” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi üzrə “Ford Fusion” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edən Cavabdeh tərəfindən “Lexus ES350” markalı **-KF- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə sol yan hissədən zərər yetirilmişdir. Nəticədə Cavabdeh barəsində 15 may 2023-cü il tarixli yol-hərəkət qaydaları, yol hərəkəti təhülkəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əalqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında protokol və qərar qəbul edilmişdir. Aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, tədqiq edilən 2013-cü il buraxılışı olan “Lexus ES350” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ciddi qüsurlar olduğundan dəyişilməyə məruz qalmış və təmirə ehtiyacı olan hissləri nəzərə almaqla iddiaçıya 11.530 manat məbləğində maddi ziyan dəymişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, bildirdi ki, dəymiş ziyanın 5.000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qənul edərək verdiyi izahatda bildirdi ki, o, dəymiş ziyanı ekspert rəyində qeyd edilən həcmdə qəbul edir, lakin həmin məbləği birdəfəlik ödəyə bilməyəcəkdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 15 may 2023-cü il tarixdə iddiaçıya məxsus X1 idarə etdiyi “Lexus ES350” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil Nazim Hikmət küçəsi istiqamətində hərəkətdə olarkən cavabdehin idarə etdiyi “Ford Fusion” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində iddiaçıya məxsus “Lexus ES350” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Cavabdeh barəsində 15 may 2023-cü il tarixli yol-hərəkət qaydaları, yol hərəkəti təhülkəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əalqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 23 may 2023-cü il tarixli qüsur aktına əsasən, avtomobilə dəymiş ziyan 11.530 manat dəyərində müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı cavabdeh dəymiş ziyanın məbləği ilə razı olmadığını bildirmişdir. İddiaçıya məxsus “Lexus ES350” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə iş üzrə icraat dayandırılaraq ekspertiza təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 22 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, nəzəri hesablamalar yolu ilə “X3” tərəfindən tərtib edilmiş, 23 may 2023-cü il tarixli və "xxxx" ASC tərəfindən tərtib edilmiş, 30 may 2023-cü il tarixli qüsur aktlarındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Lexus ES350” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8.139 manat təşkil edir. Tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, avtomobilə dəymiş ziyan məbləğinin 5.000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı iş üzrə iddiaçının iddiasının əsasını iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 15 may 2023-cü il tarixdə iddiaçıya məxsus X1 idarə etdiyi “Lexus ES350” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil Nazim Hikmət küçəsi istiqamətində hərəkətdə olarkən cavabdehin idarə etdiyi “Ford Fusion” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində iddiaçıya məxsus “Lexus ES350” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə vurulmuş zərərə görə cavabdeh məsuliyyət daşıyır. Odur ki, cavabdeh iddiaçıya vurduğu zərəri ödəməlidir. Məhkəmə vurulmuş zərərin məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı ona dəymiş ziyanı tərtib edilmiş qüsur aktına əsasən, 11.530 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, avtomobilə dəymiş ziyan 8.139 manat təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, iddiaçıya dəymiş ziyanın 5.000 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçıya dəymiş ziyanın həcmini müəyyən edərkən iş üzrə təqdim edilmiş ekspert rəyini sübut qismində qəbul edir və iddia tələbinin qismən, yəni 3.139 (8.139- 5.000=3.139) manat məbləğində təmin edilməsini qanuni hesab edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi ziyana görə Cavabdeh 3.139 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 86 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq 86 manat dövlət rüsumunun 43.86 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməli, qalan 42.14 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3.139 (üç min yüz otuz doqquz) manat məbləğində maddi ziyan və ödənilmiş 43.86 (qırx üç manat səksən altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar