Məhkəmə qərarları › İş №e-2(011)-221/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-221/2024

24.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-221/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına vurulmuş maddi ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1.028,36 manat məbləği və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğinin cavabdehdən tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh Cabbar oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh Cabbar oğlu 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli 697 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh Cabbar oğlu iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə Oba – mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cabbar oğlunun Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 1.118,01 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan müvafiq güzəştlər edildikdən sonra qalıq borc 1.028,36 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı, mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli X1 haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə qəbul edilərkən, tam maddi məsul vəzifəyə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli X1 haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsinə qəbul edilərkən, tam maddi məsul vəzifəyə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixli 647 saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2020-ci il tarixindən “administrator” vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 697 saylı əmrdən çıxarışından görünür ki, cəmiyyətin satış departamentinin satış şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmiş təftiş yoxlaması barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2021-ci il tarixində 1.118,01 manat çatışmazlıq müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9587 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı, xx.xx.2021-ci il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktının məlumatları nəzərə alınmaqla İddiaçı MMC-də yaranmış çatışmazlıq 1.028,36 manat məbləğində müəyyən olunur. İş materiallarında olan “xx.xx.2021-ci il tarixli OBA Hezi Aslanov 12 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akt”dan görünür ki, 1.118,01 manat manat əskikgəlmə məbləği müəyyən edilmişdir. Həmin akt “inventarizasiya nəticələri mənim iştirakım ilə aparıldı. Çıxarılan nəticə ilə razıyam” qeydi ilə Cavabdeh tərəfindən imzalanmamışdır. İşin materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh borcun ödəməsinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq göndərmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən, Cavabdeh MMC-də satıcı-kassir, sonradan isə administrator vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda tərəflər arasında X1 haqqında müqaviləyə əsasən cavabdeh iddiaçı MMC-də işlədiyi müddətdə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması və s. öhdəliklərin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Eyni Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, işəgötürən İddiaçı MMC tərəfindən X2 filialında xx.xx.2021-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində maddi sərvətlərin miqdarında əskikgəlmələr müəyyən edilmişdir. Həmin vaxt filialın müdiri və maddi-məsul şəxs Cavabdeh olmuşdur. Cavabdeh nəzarətində olan maddi sərvətlərin əskikgəlmələri nəticəsində tərəfindən 1.118,01 manat iddiaçıya ziyan vurulması müəyyən edilmiş, iddiaçı tərəfindən güzəşt edilərək, qalıq 1.028,36 manat cavabdehdən tələb edilmişdir. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı, xx.xx.2021-ci il tarixli inventarizasiya nəticələrinə dair yekun aktının məlumatları nəzərə alınmaqla İddiaçı MMC-də yaranmış çatışmazlıq 1.028,36 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçıya zərər vurulması iş materialları ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı qanunvericiliyin tələblərinə əsasən ona vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 1.028,36 manat məbləğində vurulmuş ziyan alınaraq, İddiaçı MMC-nə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı mediasiya şurasına müraciət etməsi üçün 50 manat ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının mediasiya xərcinin ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləği da cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh maddi zərərə görə 1.028,36 qəpik (bir min iyirmi səkkiz manat otuz altı qəpik) manat, mediasiya xərcinə görə ödənilmiş 50 (əlli) manat və ekspertiza xərcinə görə ödənilmiş 100 (bir yüz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar