Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2230/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2021-ci il tarixli, SMN-A0002-00/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə olan 240.286,64 manat əsas borc, 31.496,50 manat faiz borcu, 52.353,18 manat dəbbə borcu, ümumilikdə 324.136,32 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 614.14 manat dövlət rüsumu və 0.92 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, Cavabdeh2 ilə bağlanan 16 iyun 2021-ci il tarixli SMMG-A0002-11/21A saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 2i rayonu, X2 küçəsi, ev 76, mənzil 3 ünvanlı mənzilə tutmanın yönəldilməsi, Cavabdeh2 ilə bağlanan 16 iyun 2021-ci il tarixli SMMG-B0002-11/21A saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, mənzil 46 ünvanlı mənzilə tutmanın yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması, mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 iyun 2021-ci il tarixli, SMN-00002-11/21A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 72 ay müddətinə, maksimal faiz dərəcəsi 35 faiz olmaqla 1.000.000 manat məbləğində kredit verilə bilməsi razılaşdırılmışdır. iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış SMN- A0002-11/21A saylı əlavə kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 36 ay müddətinə, faiz dərəcəsi 20 % olmaqla 300.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 16 iyun 2021-ci il tarixdə iddiaçıyla SMNZ-00002-11/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh2 16 iyun 2021-ci il tarixdə iddiaçıyla SMMG-A0002-11/21A saylı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 2i rayonu, X2 küçəsi, ev 76, mənzil 3 ünvanlı mənzili ipoteka saxlayana ipotekaya qoymuşdur. Kreditin təminatı qismində Cavabdeh2 16 iyun 2021-ci il tarixdə iddiaçıyla SMMG-B0002-11/21A saylı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, mənzil 46 ünvanlı mənzili ipoteka saxlayana ipotekaya qoymuşdur. Cavabdeh2 məxsus ünvan 2i rayonu, X2 küçəsi, ev 76, mənzil 3 ünvanlı mənzilin "xxxx" MMC tərəfindən qiymətləndirilməsinin aparılması həyata keçirilmişdir və 2021-ci il tarixinə real bazar dəyəri 220.000 manat, likvid dəyəri 198.000 manat müəyyən edilmişdir. Cavabdeh2 məxsus ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, mənzil 46 ünvanlı mənzilin "xxxx" MMC tərəfindən qiymətləndirilməsinin aparılması həyata keçirilmişdir və 2021-ci il tarixinə real bazar dəyəri 233.000 manat, likvid dəyəri 209.000 manat müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan əlavə kredit müqaviləsinin 5-ci və ipoteka müqaviləsinin 7-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 03 fevral 2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 240.286,64 manat, faiz borcu 31.496,50 manat, dəbbə borcu 52.353,18 manat təşkil edir. Beləliklə cavabdehin 03 fevral 2023-cü il tarixinə ümumi borcu 324.136,32 manat təşkil edir. Tərəflərin izahatları: İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, 16 iyun 2021-ci il tarixli SMN-00002- 11/21A nömrəli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 72 ay müddətinə, 35 faiz dərəcəsi ilə 1.000.000 manat məbləğində kredit verilə bilməsi razılaşdırılmışdır. 17 iyun 2021-ci il tarixli SMN-A0002-11/21A nömrəli əlavə kredit müqaviləsinə əsasən, Cavabdeh1 Bank "xxxx" ASC-dən illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 300.000 manat məbləğində kredit götürmüşdür. Verilmiş kreditin qaytarılmasının təminatı kimi Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında 16 iyun 2021-ci il tarixli, SMNZ-00002-11/21A saylı zaminlik müqaviləsi bağlanmışdır. 16 iyun 2021-ci il tarixdə bankla Cavabdeh2 və Cavabdeh1 arasında SMMG-A0002-11/21A saylı və SMMG-B0002-11/21A saylı üç tərəfli ipoteka müqavilələri bağlanmış, Cavabdeh2 məxsus ünvan 2i rayonu, X2 küçəsi, ev 76, mənzil 3 ünvanlı və ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, mənzil 46 ünvanlı mənzillər ipoteka ilə yüklü edilmişdir. Hazırda cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən iddiaçı 240.286,64 manat əsas borc, 31.496,50 manat faiz borcu, 52.353,18 manat dəbbə borcu, ümumilikdə 324.136,32 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 614.14 manat dövlət rüsumu və 0.92 manat bank xidməti haqqının cavabdehlərdən tutulması, cavabdehə məxsus mənzillərə tutmanın yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması, mənzillərin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 158.1.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu: 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 27.3-cü madddəsinə əsasən, ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. 32.1-ci maddəsinə əsasən, ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə, cavabdehlərdən tutulmalı olan əsas borcun və faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlərdən müştərək qaydada 240.286,64 manat əsas borc, 31.496,50 manat faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 52.353,18 manat cərimənin 10.000 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin 614.14 manat dövlət rüsumu və 0.92 manat xidmət haqqının tutulmasına dair hissəyə qiymət verərək hesab edir ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu və xərcləri ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Lakin iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 534.30 manat dövlət rüsumu və 0.92 manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 2i rayonu, X2 küçəsi, ev 76, 3 saylı mənzilə və ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, 46 saylı mənzilə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Cavabdehlər əsas öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq Cavabdeh1 məxsus ünvan 2i rayonu, X2 küçəsi, ev 76, 3 saylı mənzil və ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, 46 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli rəylərdən görünür ki, ünvan 2i rayonu, X2 küçəsi, ev 76, 3 saylı mənzilin likvid dəyəri 242.000 manat; ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, 46 saylı mənzilin likvid dəyəri 255.000 manat müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş mənzillərin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəylərdə müəyyən edilmiş likvid qiymətlərin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan ünvan 2i rayonu, X2 küçəsi, ev 76, 3 saylı mənzilə və ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, 46 saylı mənzilə tutma yönəldikdə və onlar satıldıqdan sonra mənzillərin boşaldılması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə, eyni zamanda oturuşmuş məhkəmə praktikasına əsasən ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə həmin əmlak bir ay ərzində boşaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 240.286,64 manat əsas borc, 31.496,50 manat faiz borcu, 10.000 manat dəbbə borcu, ümumilikdə 281.783,14 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 534.30 manat dövlət rüsumu və 0.92 manat bank xidməti haqqı alınaraq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməli, Cavabdeh2 mülkiyyətində olan ünvan 2i rayonu, X2 küçəsi, ev 76, 3 saylı mənzil və ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, 46 saylı mənzil açıq hərracda satılmalı və borc mənzillərin hərracdan satışından əldə olunan vəsait hesabına Bank "xxxx" ASC-yə ödənilməli, ipoteka predmeti olan ünvan 2i rayonu, X2 küçəsi, ev 76, 3 saylı mənzilin likvid dəyəri 242.000 manat; ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, 46 saylı mənzilin likvid dəyəri 255.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 2i rayonu, X2 küçəsi, ev 76, 3 saylı mənzilə və ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, 46 saylı mənzilə tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslər çıxarılmaqla həmin mənzil boşaldılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş məktubdan görünür ki, qiymətləndirmələrin keçirilməsi üçün ümumilikdə 600 manat xidmət haqqı təyin edilmiş və həmin xidmət haqqı iddiaçı bank tərəfindən ödənilmişdir. Odur ki, keçirilmiş qiymətləndirmələrin dəyəri olan 600 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 240.286,64 (iki yüz qırx min iki yüz səksən altı manat altmış dörd qəpik) manat əsas borc, 31.496,50 (otuz bir min dörd yüz doxsan altı manat əlli qəpik) manat faiz borcu, 10.000 (on min) manat dəbbə borcu, ümumilikdə 281.783,14 (iki yüz səksən bir min yeddi yüz səksən üç manat on dörd qəpik) manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 534.30 (beş yüz otuz dörd manat otuz qəpik) manat dövlət rüsumu və 0.92 (doxsan iki qəpik) manat bank xidməti haqqı alınaraq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Keçirilmiş qiymətləndirmələrin dəyəri olan 600 (altı yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Cavabdeh2 mülkiyyətində olan ünvan 2i rayonu, X2 küçəsi, ev 76, 3 saylı mənzil və ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, 46 saylı mənzil açıq hərracda satılsın və borc mənzillərin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. İpoteka predmeti olan ünvan 2i rayonu, X2 küçəsi, ev 76, 3 saylı mənzilin ilkin satış qiyməti 242.000 (iki yüz qırx iki min) manat, ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, 46 saylı mənzilin ilkin satış qiyməti 255.000 (iki yüz əlli beş min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 2i rayonu, X2 küçəsi, ev 76, 3 saylı mənzilə və ünvan 2i rayonu, Abbas Səhhət küçəsi, ev 40, giriş 2, 46 saylı mənzilə tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin yaşayış sahələrindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslər çıxarılmaqla həmin mənzillər boşaldılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-2230/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2230/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver