Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2261/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə qalıq borc üzrə 99.99 manat, faiz borcu üzrə 27.01 manat olmaqla, cəmi 126.54 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 16 iyul 2021-ci il tarixli, BPM**********49 nömrəli TAM kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 16 iyul 2021-ci il tarixli BPM**********49 nömrəli TAM kart çərçivə müqaviləsinin 7.2.18-ci bəndi ilə müəyyən edilmişdir ki, Bank tərəfindən hesablara səhv daxil edilmiş pul vəsaitini müştəridən tələb etmək bankın hüquqlarından biridir. Həmin müqaviləyə əsasən texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində, 4.1.1.2-ci yarımbənddə qeyd olunan razılaşmada və 4.1.2.4-cü yarımbənddə qeyd olunan SMS-də göstərilən illik faiz dərəcəsi ilə hesablanmış faizləri və bank tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini banka ödəməyi öhdəsinə götürür. Cavabdeh 06 dekabr 2021-ci il tarixdə qeyd olunan müqaviləyə əsasən təqdim edilmiş kart vasitəsilə sistemdə baş vermiş xəta səbəbli müştəriyə aid olmayan və karta səhvən yüklənmiş ard-arda 98.59 manat və 1.40 manat vəsaiti onlayn və nağd əməliyyatlar nəticəsində istifadə etmiş və cəmi 99.99 manat məbləğində banka maddi ziyan vurmuşdur. Daha sonra müştəri 3 dəfə müxtəlif vaxtlarda cəmi 0.46 manat məbləğində borcdan ödəniş etmişdir. Bankın Nəsimi filialı tərəfindən 17 yanvar 2023-cü il tarixinə təqdi edilmiş maliyyə arayışına əsasən Cavabdeh banka hazırkı dövr üçün qalıq borc üzrə 99.99 manat, faiz borcu üzrə 27.01 manat olmaqla, cəmi 126.54 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi məqsədilə cavabdehə rəsmi xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliyin icrası istiqamətində heç bir tədbir görməmiş, öhdəliyini bu günə qədər tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh bank kartının sifarişinə dair 16 iyul 2021-ci il tarixli ərizə ilə iddiaçıya müraciət etmiş, bundan sonra iddiaçı ilə cavabdeh arasında 16 iyul 2021-ci il tarixli, BPM**********49 nömrəli TAM kart çərçivə müqaviləsi bağlanmış, müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 06 dekabr 2021-ci il tarixdə iddiaçıya məxsus cavabdehin istifadəsində olan plastik kart hesabına texniki səhv nəticəsində 99.99 manat vəsait mədaxil edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəyə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, Cavabdeh istifadəsində olan iddiaçı banka məxsus plastik kartla bir neçə dəfə əməliyyat həyata keçirmiş, kart hesabında özünə aid vəsait olmadığına baxmayaraq kartdan ödənişlər etmiş, bu isə kreditləşməyə səbəb olmuşdur. Beləliklə, cavabdeh özünə aid olmayan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Məhkəmə iddia tələbinin faiz borcu üzrə 27.01 manat ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən faiz dərəcəsinin göstərilməsi kredit müqavilələrinin standart şərtidir. Hazırkı iş üzrə iddiaçı müqavilənin 7.3.7-ci və 4.1.2.4-cü bəndlərinə istinad edərək faiz dərəcəsinin o şərtlərə uyğun olaraq hesablanmasını göstərsə də, nə istinad olunan bəndlərdə, nə də müqavilədə nəzərdə tutulmuş SMS xəbərdarlığında faiz dərəcəsinin razılaşdırılmasını müşahidə etmək mümkün olmamışdır. Odur ki, tələb edilən 27.01 manat vəsaitin hansı qaydada və hansı faiz dərəcəsinə uyğun olaraq hesablanmasını müəyyən etmək mümkün olmadığından, məhkəmə iddia tələbinin bu hissədə təmin edilməməsini qanunauyğun hesab edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 99.99 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 6.30 manatı onun özünə aid edilməli, qalan 23.70 manatı, o cümlədən 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya geri ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 99.99 (səkkiz yüz otuz üç manat əlli altı qəpik) manat, dövlət rüsumuna görə ödənilmiş 23.70 manat və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 124.09 (bir yüz iyirmi dörd manat doqquz qəpik) manat vəsait tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş rüsumunun 6.30 (altı manat otuz qəpik) manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-2261/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2261/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver