Məhkəmə qərarları › İş №e-2(011)-2263/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2263/2023

05.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2263/2023 05.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər uşağa görə hər ay 220 manat, cəmi 440 manat məbləğində alimentin tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh ilə nikahları Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2581/2013 saylı, xx.xx.2013 tarixli qətnaməsinə əsasən pozulmuşdur, birgə nikahdan iki övladları– xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir, nikah pozulduqdan sonra övladları öz himayəsində saxlanılmış və yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulmuşdur, böyük oğlu hazırlıqlara gedir, balaca uşaq isə 6-də sinifdə oxuyur, hazırda hər şeyin qiyməti artıb, dolanmaq olmur, hətta cavabdeh 15000 manat pul verməklə, uşaqları ilə onu evdən çıxartmaq istəyir, bu barədə məhkəmə işi gedir, cavabdehlə birlikdə yaşamırlar, o, başqası ilə ailə qurmuşdur, yeni yoldaşı ilə gözünün qarşısında öpür, səviyyəsiz hərəkətlər edir, özü əvvəl pianino müəllimi işləmişdir, lakin indi özü işləmir, cavabdehin və ailəsinin kirayədə yaşadıqları ev cavabdehin yeni yoldaşının adınadır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh ilə nikahları Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2581/2013 saylı, xx.xx.2013 tarixli qətnaməsinə əsasən pozulmuşdur, birgə nikahdan iki övladları– xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir, qeyd olunan məbləğdə maaş almır, vergilər tutulduqdan sonra o qədər pul qalmır, yeni nikaha daxil olmuşdur, həmin nikahdan bir uşağı var, həmin uşağın heç üç yaşı yoxdur, yeni ailəsi ilə kirayədə qalırlar, ona heç cür pul qalmır, ən son hər iki uşağa görə 350 manat aliment ödəmişdir, onlara görə 400 manat ödəməyə razılaşır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-3430/20121 saylı Qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli, 2(011)-6833/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ- İ seriyalı 910125 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 dekabr 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 161253 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 184721 saylı “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikah ləğv edilmişdir, bu barədə 11 dekabr 2013-cü il tarixdə 524 № ilə qeyd edilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 358455 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdurlar, bu barədə eyni tarixdə 2020 № ilə qeyd edilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 474598 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə doğulmuşdur, onun valideynləri - atası Cavabdeh, anası X1r. İş materiallarında olan 3 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış”dan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 30 mart 2023-cü il tarixli 17/74 №253394/13 saylı məktubdan görünür ki, Xətai rayon İcra şöbəsinin icraatında olan alimentlə bağlı icra sənədi üzrə olan materiallara əsasən borclu Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunda qatarları tərtib edən vəzifəsində çalışdığı və 828,74 manat əmək haqqı aldığı müəyyənləşdirilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunda qatarları tərtib edən vəzifəsində çalışır, əmək haqqı 828,74 manatdır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsində ictimai idarə qulluqçusu və müəllim vəzifəsində işləyir, əmək haqqı müvafiq olaraq 468 manat və 21,33 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmışdır və hal-hazırda da onun yanındadır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-3430/2021 saylı Qətnaməsinə əsasən, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat miqdarında aliment məbləği tutulması qət edilmişdir, iddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsində ictimai idarə qulluqçusu və müəllim vəzifəsində işləyir, əmək haqqı müvafiq olaraq 468 manat və 21,33 manatdır, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunda qatarları tərtib edən vəzifəsində çalışır, əmək haqqı 828,74 manatdır, 2019-cu ildə yenidən nikaha daxil olmuşdur, bu nikahdan xx.xx.2020-ci il təvəllüdlü bir uşağı var, cavabdeh iddia tələbini qismən qəbul edir, uşaqlara görə cəmi 400 manat aliment ödəməyə razıdır. Bununla belə, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 3430/2021 saylı Qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi, ailə vəziyyətini, əmlak vəziyyətini – hər ikisinin adına daşınmaz əmlakın olmasını, cavabdehin yenidən nikaha daxil olmasını, həmin nikahdan bir övladının olmasını, iddiaçının işləməsini, onun əmək haqqının məbləğini, iddiaçı tərəfindən, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olması barədə sübutların təqdim edilməməsini, habelə buna dair halların məhkəmə tərəfindən də müəyyən olunmamasını, bununla belə, uşaqların yaş həddini, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə cavabdehin iddia tələbini qismən qəbul etməsini nəzərə alaraq, uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, iddiaçının dəlillərinə münasibətdə isə qeyd edir ki, iki uşağa görə aliment ödəyən şəxsin - cavabdehin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxs iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az (50x12=600 manat) olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-3430/2021 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar