Məhkəmə qərarları › İş №e-2(011)-2269/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2269/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2269/2023 16.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yöndəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlərə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yöndəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, işdən görünür ki, mübahisə tərəfləri yəni kreditor Bank, borc alan isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar statusuna malikdir. İddianın tələbinin xarakterinə gəldikdə, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi üzrə borclu tərəfindən alınmış borcun ödənilməsini və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir. Belə olan halda, həmin kreditin götürülməsinin təyinatının (şəxsi istehlak yoxsa sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi) dəqiqləşdirilməsi mübahisənin məhkəmə aidiyyətinin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İş materiallarında olan kredit müqaviləsinun 2.2-ci bəndin əsasən müəyyən olunur ki, sözügedən kredit (kredit xətti) dövriyyə vəsaitinin artırılması məqsədilə verilmişdir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 VÖEN xx.xx.2019-cu il tarixdə verilmiş, kreditin götürülməsi barədə iddiaçı ilə cavabdeh arasında müqavilə isə 9 gün sonra xx.xx.2019-cu il tarixində bağlanmışdır. Bu hal da Cavabdeh1 krediti istehlak məqsədləri ilə deyil həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürdüyünü qeyd etməyə əsas verir. Beləliklə, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə iki sahibkarlıq subyekti olmaqla yanaşı, həm də iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisədir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında da qeyd edilir ki, işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (12 və 13-cü bəndlər). Bundan başqa, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzi və digər sənədləri əlavə etdiyini qeyd etsə də, sözügedən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Mülki Prosessaul Məcəllənin 149.2.5-ci maddəsinə görə ərizədə ona əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçı aidiyyət qaydalarını pozaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyindən onun iddiasına həmin məhkəmədə baxıla bilməz, bu səbəbdən də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yöndəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" MMMC-yə qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar