Məhkəmə qərarları › İş №e-2(011)-2293/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2293/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2293/2023 15.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – cavabdehdən xx.xx.2020-ci il tarixli, BPM**********57 nömrəli kredit müqaviləsinə əsasən 11.430,22 manat əsas borc, 2.930,91 manat faiz borcu olmaqla, cəmi 14.361.13 manat tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 133.09 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********57 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla 16.300 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka borcu 11.430.22 manat əsas, 2.930,91 manat faiz borcu olmaqla, cəmi 14.361,13 manat təşkil edir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 133.09 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə xx.xx.2022-ci il tarixində 22-19191/2022 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Daha sonra iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuşdur. İddiaçı "xxxx" ASC Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********57 nömrəli kredit müqaviləsinə əsasən 11.430,22 manat əsas borc, 3.162,99 manat faiz borcu olmaqla, cəmi 14.593,21 manat pulun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 133.09 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, BPM**********57 nömrəli kredit müqaviləsinə əsasən “Borc verən” ("xxxx" ASC) “Borc alana” (Cavabdeh) 48 ay müddətinə 16.300 manat məbləğində, kreditdən istifadəyə görə illik 17% ödəmək şərti ilə kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənən ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Müqavilənin 3.9.7-ci maddəsinə görə Borc alan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə Borc verən kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini Borc alandan tələb edə bilər. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinədək 11.430,22 manat ödənilməmiş əsas borc, 3.162,99 ödənilməmiş faiz borcu vardır. xx.xx.2023-cü il tarixinədək 4.869,78 manat ödənilmiş əsas borc, 3.635,44 ödənilmiş faiz borcu vardır. Cavabdeh məxsus ******************** saylı hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə BPM**********57 saylı kredit müqaviləsi üzrə 13.700 manat məbləğində kredit məbləği "xxxx" ASC tərəfindən məxaric edilmişdir. Həmin hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə 2.600 manat məbləğində kredit məbləği BPM**********57 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən məxaric edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məxaric orderinin surətindən görünür ki, 13.700 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məxaric orderinin surətindən görünür ki, 2.600 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, BPM**********57 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2020-xx.xx.2023-cü il tarixlərində hər ay 470.4 manat, xx.xx.2024-cü il tarixdə 466.15 manat məbləğində ödəniş etməsi (əsas borcun ödənişi və faiz ödənişinin cəmi) müəyyənləşdirilmişdir. İşin materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh kredit borcunun qaytarılmasına dair xx.xx.2022-ci il tarixli bildiriş ünvanlanmışdır. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı kredit üzrə əsas və ona hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini və faiz borcunun ödənilməsinə dair vəzifəsini icra etməmişdir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 133.09 manat dövlət rüsumu və 0.40 manat manat məbləğində bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 11.430,22 (on bir min dörd yüz otuz üç manat iyirmi iki qəpik) manat əsas borc, 3.162,99 (üç min yüz altmış iki manat doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 14.593,21 (on dörd min beş yüz doxsan üç manat iyirmi bir qəpik) manat məbləğində borc, 133.09 (bir yüz otuz üç manat doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar