Məhkəmə qərarları › İş №e-2(011)-2294/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2294/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2294/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı - iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “pul” barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı – onunla cavabdeh arasında bağlanmış 0601-124872-01 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, cavabdeh ilə bağlanmış xx.xx.2020-ci il tarixli 0601-124872-01 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 631,80 manat əsas borc, xx.xx.2022-ci il tarixədək hesablanmış 84,40 manat faiz borcu və 30,40 manat dövlət rüsumu cavabdehdən "xxxx" BOKT MMC-nin xeyrinə tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020 il tarixində iddiaçı ilə cavabdeh arasında 0601-124872-01 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Kreditor tərəfindən Borc alana illik 49,9 % faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.2.1-ci bəndinə əsasən Borc alan hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin Borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faiz məbləğlərinin ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Borc alanın öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində xx.xx.2022-ci il tarixinə əsas borcu 631,80 manat, faiz borcu 84,40 manat və cərimə borcu 0 manat olmaqla, ümumi məbləği 716,20 manat olmaqla borcu yaranmışdır. Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq cavabdehlər ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2021 tarixli MB-GM 2909 №-li xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" BOKT MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən bank Cavabdeh 18 ay müddətinə 49,90% ödəmək şərti ilə 800 manat məbləğində kredit limiti ayrılmışdır. Ona borcun ödənilməsi barədə "xxxx" BOKT MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və ona hesablanmış faizləri və cərimənin tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 0601-124872-01 saylı “kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən və götürdüyü borcu qaytarmadığından, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 0601- 124872-01 saylı kredit müqaviləsi ləğv edilsin. 631,80 (altı yüz otuz bir manat səksən qəpik) manat məbləğində əsas, 84,40 (səksən dörd manat qırx qəpik) manat məbləğində faiz, cəmi 716,20 (yeddi yüz on altı manat iyirmi qəpik) manat məbləğində kredit borcu və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" BOKT MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar