Məhkəmə qərarları › İş №e-2(011)-2302/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2302/2022

15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2302/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş 1916 manat ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, Cavabdeh2 21.01.2021-ci il tarixdə “BMW 730D” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) Xətai rayonu, İ.İsmayılov küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 2 ədəd “Sink” örtüklü işıq dirəyi sıradan çıxaraq müəssisəyə ziyan dəymişdir. Avtomobil Cavabdeh1 məxsus olmuşdur. Bakı şəhər Xətai rayon DYPŞ-nin İXP ******* saylı, 21.01.2021-ci il tarixli İnzibati xəta haqqında protokoluna əsasən Cavabdeh2 İXM-nin 327.1, 332.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inibati xətanı törətməkdə təqsirli bilinərək, 23.01.2021-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla 50 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş 21.01.2021-ci il tarixli Akta əsasən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 1915,90 manat məbləğində müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 21.01.2021-ci il tarixdə Avtomobili Xətai rayonu, İ.İsmayılov küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə ona məxsus 2 ədəd “Sink” örtüklü işıq dirəyi sıradan çıxaraq müəssisəyə ziyan dəymişdir. Avtomobil Cavabdeh1 məxsus olmuşdur. Hadisə nəticəsində iddiaçıya 1916 manat ziyan vurulmuşdur. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddanın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü olması barədə məhkəməyə əvvəlcədən məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, 21.01.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsiri tam sübuta yetirilərək, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati qaydada tənbeh edilmiş və həmçinin müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi törədilərkən avtomobil Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə olmadan idarə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. MM-nin 1108-ci maddəsində isə zərər vurulmasının və kim tərəfindən ödənilməsinin konkret halı nəzərdə tutulmuşdur. Belə ki, həmin normada zərərvuran şəxs yüksək təhlükə mənbəyinə mülkiyyət və digər qanuni əsasla sahiblik edən şəxsdir (fiziki və ya hüquqi şəxsdir). Müddəadan göründüyü kimi, avtomobil yüksək təhlükə mənbəyi hesab edilir və əgər mənbəyə mülkiyyət və digər qanuni əsasla sahiblik edən şəxs mənbənin onun sahibliyindən iradəsindən kənar (digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində) çıxdığını sübuta yetirərsə, bu halda dəymiş zərəri ödəməkdən azad edilir (Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır, MM-nin 1108.2-ci maddəsi). Qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməlidir. Yuxarıda şərh edildiyi kimi, Mülki Məcəllənin 1108-ci maddəsində yüksək təhlükə mənbəyinin vurduğu zərərin ödənilməsini mənbənin mülkiyyətçisi və ya qanuni sahibi deyil, digər şəxsin üzərinə qoyulması yalnız onunla şərtləndirmişdir ki, yüksək təhlükə mənbəyi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mülkiyyətçinin və ya qanuni sahibin sahibliyindən çıxmış olsun. Ona görə də məhkəmə hesab edir ki, iddia digər Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Belə ki, avtomobilin onun mülkiyyətçisi Cavabdeh1 sahibliyindən hüquqa zidd hərəkətlər nəticəsində çıxıb-çıxmaması iş materialları ilə sübut olunmur. İşin bu halında məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş maddi ziyan avtomobilin mülkiyyətçisi tərəfindən deyil, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmiş Cavabdeh2 tərəfindən ödənilməlidir. Təsadüfi deyil ki, inzibati tənbeh vermə haqqında qərarla da yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Avtomobilinin sürücüsü Cavabdeh2 tanınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1916 manat məbləğində pul iddiaçı "xxxx" X2 xeyrinə tutulsun. İddia Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar