Məhkəmə qərarları › İş №e-2(011)-2307/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2307/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2307/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə 10.000 (on min) manat məbləğinin, 120 manat dövlət rüsumunun və hüquqi xidmətə görə vəkilə ödənilmiş 220 manat məbləği olmaqla, ümumilikdə 10.340 manat pul vəsaitinin iddiaçının tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh uzun illərdir tanıyır, aralarında səmimi münasibətlər olmuşdur. Onun özünün mebel sexi vardır, mebellərin düzəldilməsi, satılması və təmiri ilə məşğul olurdu. 2019-cu ilin yay aylarında ərəb ölkələrində hazırlanmış, ona məxsus hər birinin qiyməti 2.000 (iki min) manat olan 7 ədəd mebel-divan dəstinin şəkillərini mobil telefon vasitəsi cavabdehə göndərərək onların təmir və bərpa işlərinin görülməsinin lazım olduğunu bildirdi, etiraz etməyərək mebellərin göndərilməsini istədi. X3 mebel-divan dəstlərini cavabdehə çatdırmış, Cavabdeh 7 ədəd mebel-divan dəstini qəbul etdikdən sonra onların təmiri üçün 3.500 (üç min beş yüz) manat pul istəmiş, bir neçə gündən sonra görüşüb yaşadığı Xətai rayonu G.Şıxlinski küçəsi 23 yaslı evin yanında 3.500 manat pulu da ona verib. Qısa müddətdən sonra mebellərin nə vaxt hazır olacağını soruşduqda hansısa səbəbdən hazır olmamasını bir neçə dəfə bəhanə gətirmişdir. 2021-ci ilin may ayında cavabdehlə görüşəndə o qısa müddətə mebelləri hazırlayıb təhvil verəcəyini vəd etsə də, vədinə əməl etmədiyindən mebellərin dəyəri olan 14.000 manat pulu və ona əlavə verdiyi 3.500 manatın, cəmi 17.500 manatın geri qaytarılmasını tələb edib. 2021-ci ilin oktyabr ayında cavabdeh Emil ona 7.500 manat qaytarmış, qalan 10.000 manatı isə qısa müddətdə qaytaracağına söz vermiş, lakin 2022-ci ilin sentyabr ayınadək o, müxtəlif bəhanələr edərək pulu qaytarmaqdan yayınmış, 2023-cü ilin fevral ayında Emilin işlədiyi Binəqədi rayonunun ərazisində yerləşən “Emil” petrolun yaxınlığındakı mebel sexinə getmiş, Cavabdeh orada olmadığı üçün şəriki Fuadla görüşmüş, Emillə əlaqə saxlamaq istəsə də, sonuncu telefona cavab verməmiş, bir həftə sonra əmisi Şahin Sadıqovla birlikdə yenidən onun işlədiyi sexə getmiş, Cavabdeh bir azdan ora gəlmiş, söhbət zamanı iddiaçıya 10.000 manat borclu qaldığını etiraf edərək 1 ay ərzində qaytaracağına vəd versə də, 2 ay müddətində ondan xəbər çıxmadığı üçün məcburiyyət qarşısında qalaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə şikayət etmiş, Cavabdeh mebelləri və pulu aldığını, 7.500 manatı qaytardığını və qalan 10.000 manatı da qısa müddətə qaytaracağına söz versə də qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmağa çalışmış və qalan 10.000 manat pulu qaytarmamış, hazırda iddiaçıya 10.000 manat pul borcu qalmışdır. Cavabdehlə aralarındakı şifahi razılaşmanın (müqavilənin) şərtləri tərəfindən yerinə yetirilmiş, yəni 7 ədəd divan-mebel dəstləri, həmçinin təmir-bərpa işləri üçün nəzərdə tutulmuş 3.500 manat pul cavabdehə verilmiş, lakin aralarındakı şifahi müqavilənin şərtləri cavabdeh tərəfindən pozularaq üzərinə götürdüyü öhdəliyi qüsurla, yəni yarımçıq yerinə yetirmiş, təmir-bərpa üçün təhvil aldığı mebelləri təmir edib iddiaçıya verilməsini və ya təhvil verilməmiş mebellərin dəyərini təşkil edən 10.000 manat pulun qaytarılmasını dəfələrlə tələb etsə də, mebelləri və ya onların dəyərini təşkil edən 10.000 manat pulu qaytarmaqdan müxtəlif bəhanələr gətirərək əvvəllər yayınmış, sonra isə imtina etmiş, iddiaçı məcburiyyət qarşısında qalaraq məsələ ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdehdən ona vurduğu maddi ziyana görə 10.000 (on min) manat, hazırki iddianın qaldırılması ilə əlaqədar tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu və göstərdiyi hüquqi xidmətə görə vəkilə ödənilmiş 220 manat, ümumilikdə 10.340 manat vəsait cavabdehdən onun xeyrinə tutulmalıdır. İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişlər və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Əlavə sual-cavab zamanı İddiaçı bildirmişdir ki, onun Cavabdehla birgə sahibkarlıq fəaliyyəti qurmaq və iş birliyi aparmaq niyyəti olmamışdır. Razılaşma o idi ki, 7 dəst mebel üçün nəzərdə tutulmuş mebel hissələri onun tərəfindən alındıqdan sonra cavabdeh həmin hissələri təmir edib hazır mebel dəstləri yığmalı idi. O, 7 dəst mebelin alınması üçün hər birinə 2.000 manat olmaqla, 14.000 manat pulu Emilə vermişdir. Bundan əlavə təmir işinin pulu olaraq razılaşmaya əsasən Emilə 7.500 manat pul ödəmişdir. Lakin Emil mebel 7 ədəd dəstlərinin hissələrini alıb aparmış, ona hər hansı hazır mebel təhvil verməmişdir. Mebellərin harada olduğunu bilmir. Daha sonra tərəflər razılaşdırlar ki, Emil ona dəymiş 17.500 manat ziyanı qarşılayacaq. Emil həmin puldan 7.500 manatı ona ödədi. Lakin qalan 10.000 manat pulu ödəmədi. Hazırda Emillə əlaqə yarada bilmir, ondan pulun ala bilmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclas zalında şahid qismində iştirak edən X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının qohumdur. Qohum olduğundan mebel hissələrinin alınması, təmiri və daha sonra satışı barədə iddiaçının işlərindən xəbəri olmuşdur və bu işlərdə iştirak etmişdir. Özü mebel hissələrinin alınmasında şəxsən iştirak etmişdir. Belə ki, daha əvvəl onun özünə təklif olunmuşdur ki, xaricdən gələn mebel hissələrini təmir edib və tam yığıb hazır mebel dəstləri kimi satışa çıxarsın. Lakin onun bu işə qoymağa pulu olmadığından, bu işi görməyi Fərruxa təklif etmişdir. O, Fərruxla Emilin mebel işinin aparılması ilə bağlı görüşündə iştirak edib. Görüşün məqsədi mebel hissələrinin Fərrux tərəfindən alınması idi. Lakin mebel dəstlərinin çatdırılmasında gecikmə yarandığından, Fərrux 7 dəst mebel hissələri üçün 14.000 manat pulu Emilə vermişdir ki, Emil də öz növbəsində mebel hissələri çatdırıldıqdan sonra onların dəyərini ödəyib mebel hissələrini alsın. Sonralar tərəflərin münasibətlərində bilavasitə iştirak etməmişdir, lakin məlumatı olmuşdur ki, Fərruxun bu işi alınmayıb. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı polis kapitanı X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, təxminən 18 il müddətdir ki, mebel işi ilə məşğul olur. Həmçinin İddiaçı da təxminən 10 il müddətdir ki tanıyır. 2019-cu ilin yay aylarında Fərrux ona zəng edərək dayısı oglu Şahin Talıbovun ona 7 ədəd divan dəsti şəkilləri göndərdiyini, həmin dəstlərin təmirə ehtiyacı olmasını, təmirdən sonra isə dəstləri satmaq istədiyini bildirmişdir. O, həmçinin həmin dəstlərin hər birini 2000 (iki min) manat müqavilində alacağını da bildirmişdir. O, isə həmin mebel dəstlərinin şəkillərinə baxdıqdan sonra dəsti təmir edə biləcəyini qeyd etmişdir. Lakin bunun üçün konkret olaraq hər hansı bir məbləğdə zəhmət haqqı kimi Fərruxa qiymət deməmişdir. Belə ki, Fərruxda təklifində həmin mebel dəstlərini alaraq ona verməsini, həmçinin təmir başa çatdıqdan sonra isə mebel dəstlərini birlikdə sataraq xeyirli gəlir əldə edəcəklərini bildirmişdir. Bir neçə gün sonra isə özünü Fərruxun dayısı oğlu Şahin kimi təqdim edən şəxs mebel dəstlərini həmin vaxt onun işlədiyi Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən mebel sexinə gətirib təhvil vermişdir. Daha sonra məlum pandemiya ilə əlaqədar təxminən bir il müddətində işləmədikləri üçün həmin mebel dəstlərinin də təmirini həyata keçirtməmişdir. Bundan sonra isə mebel dəstlərinin təmiri üçün şəxsi hesabından şəriki Fuad Məmmədovla birlikdə təxminən 21000 (iyirmi bir min) manat pul vəsaitini xərcləmişdir. Lakin bir ildən artıq müddətdə həmin dəstləri faktiki real qiymətinə sata bilməmişdirlər. Bu səbəblə də artıq Fərruxla onun arasında narazılıq yaranmağa başlamışdır. Nəticədə Fərrux ona mebel üçün gəldiyi ümumi 17.500 (on yeddi min beş yüz) manat xərcini geri istəmişdir. O isə Fərruxun bu təklifi ilə razılaşaraq Fərruxa ilkin olaraq 7500 (yeddi min beş yüz) manat pul vəsaiti vermişdir. Həmçinin razılaşmaya əsasən o, Fərruxa əlavə olaraq 10.000( on min) manat pul vəsaitində verməli olmuşdur. Lakin bir müddətdən sonra Fərrux ona verdiyi 7500(yeddi min beş yüz) manat pul vəsaitini həmin mebel dəstini almaq üçün müdüründən aldığı pulun faizi olaraq sonuncuya geri qaytarmasını bildirmişdir. Həmçinin Fərrux ona faktiki olaraq borcunun 17.500 (on yeddi min beş yüz) manat olmasını bildirmişdir. Bu zaman o Fərruxa etiraz edərək müdürü ilə aralarında olan razılaşmanın bu işə heç bir aidiyyətinin olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə vəkil Bürosuna 220 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, göründüyü kimi, tərəflər arasında şifahi şəkildə podrat barədə razılaşma bağlanılmış, həmin razılaşma əsasında yaranmış maddi ziyanın ödənilməsi şərtləri tərəflər arasında sonradan şifahi qaydada razılaşdırılmışdır. İş materialları ilə təsdiq olunur ki, podrat müqaviləsi üzrə iddiaçıya dəymiş maddi ziyanın əvəzində cavabdeh iddiaçıya 17.500 manat məbləğində pul ödəməyi öz öhdəsinə götürmüş, həmin pulun 7.500 manat hissəsini tam ödəmişdir. Tərəflərin yerdə qalan 10.000 məbləğinin ödənilməsi barədə razılaşmasının mövcudluğu iş materialları ilə sübuta yetirildiyi halda, həmin məbləğin cavabdeh tərəfindən ödənilməsi iş materialları ilə müəyyən edilməmişdir. Buna görə də qeyd olunan məbləğ podrat müqaviləsinin icra olunmaması nəticəsində dəymiş ziyan məbləği olaraq cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbləri təmin edildiyindən, məhkəmə hesab edir ki, hüquqi yardımın alınması ilə bağlı iddiaçı tərəfindən çəkilmiş 220 manat məbləğində xərclər cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Maddi ziyanın əvəzi olaraq 10.000 (on min) manat pul məbləği, 220 (iki yüz iyirmi) manat hüquqi yardıma görə ödənilmiş xərclər və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu olaraq, cəmi 10.340 (on min üç yüz qırx) manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar