Məhkəmə qərarları › İş №e-2(011)-2312/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2312/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2312/2024 26.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.000 manat məbləğində pulun və hazırkı iddianı qaldırmaq üçün ödənilmiş 183 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh tanıyır. Aralarında yaranmış münasibətə əsasən iddiaçı cavabdehə 31.000 manat məbləğində pul vermişdir. Belə ki, Bakı şəhəri 51 saylı notariat ofisində 04 oktyabr 2023-cü il tarixdə kredit müqaviləsi bağlayaraq, İddiaçı 20 oktyabr 2023-cü il tarixədək qaytarmaq şərtilə Cavabdeh 31.000 manat məbləğində pul vermişdir. Cavabdeh həmin məbləği aldıqdan sonra pulu qaytarmaq istəmir. Dəfələrlə telefonuna zəng çalınsa da telefonları da açmır. Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik icra olunmadığından iddiaçı məcbur olaraq məhkəməyə müraciət edir. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmçinin tərəflər, aralarında müqavilə üzrə razılığa gəlmədikdə mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, 31.000 manat pul vəsaiti ona verilməmişdir. İşin faktiki halları: İş materiallarında olan notariat işinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 04 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı Cavabdeh 31.000 manat məbləğində borc vermişdir. Cavabdeh 20 oktyabr 2023-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin pul məbləğini "xxxx" ASC-nin Azadlıq filialından 04 oktyabr 2023-cü il tarixli məxaric orderinə əsasən depozit hesabından çıxarmışdır. Cavabdeh notariat ofisinə ərizə ilə müraciət edərək 31.000 manat məbləğində vəsaitin notariusun depozit hesabına qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmin pul vəsaitinin ona verilmədiyini bildirmiş, məhkəmə tərəfindən "xxxx" ASC-yə verilmiş sorğuya təqdim edilmiş cavabdan müəyyən edilmişdir ki, Bakı şəhəri 51 saylı notariat ofisində yerləşən ləğv prosesində olan "xxxx" ASC-nin müvafiq şöbəsində quraşdırılmış kamera müşahidə cihazı texnoloji xüsusiyyətləri baxımından əlverişli olmadığı üçün (yaddaş tutumunun azlığı və əlavə yaddaş kartı ilə təmin edilməməsi) 04 oktyabr 2023-cü il tarixdə notariusun depozit hesabına 31.000 manat pulun köçürülməsinə dair video görüntü cari tarixdə mövcud olmadığından təqdim olunması imkan xaricindədir. Notariusun bankdakı depozit hesabından çıxarışdan görünür ki, 04 oktyabr 2023-cü il tarixdə 31.000 manat vəsait hesabdan məxaric olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öhdəliyini pozaraq iddiaçıya olan borcunu geri qaytarmamışdır. Məhkəmə iclasında cavabdeh həmin məbləğin özü tərəfindən alınmaması yönündə izahat verərək rədd edilməsini xahiş etsə də, buna dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə tərəfindən verilmiş sorğuya əsasən müəyəyn edilmişdir ki, 31.000 manat pul vəsaiti notariusun bankda olan depozit hesabından çıxarılmışdır. Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 04 oktyabr 2023-cü il tarixdə bağlanmış kredit müqaviləsi əsasında borc aldığı 31.000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 183 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 183 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 31.000 (otuz bir min) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 183 (bir yüz səksən üç) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar